Ədalət, Hüquq və Demokratiya (ƏHD) partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.
Aktual.az Həmin müsahibəni təqdim edirik:
-Qüdrət bəy, deputat həmkarınız Razi Nurullayev qardaşı oğluna Dubayda təmtəraqlı toy etdi və bu geniş ictimai müzakirələrə səbəb oldu. Sizin bu məsələyə münasibətiniz necədir?
-Razi Nurullayev parlamentdə, mediada həll olunarsa, vətəndaş məmnunluğuna, iqtidarın nüfuzunun artmasına səbəb olacaq çoxlu problemlər barədə danışır. Çox təəssüf ki, "ədalət axtarışına” çıxanlar o məsələlərin heç biri barəsində ictimai müzakirə açmırlar. Razi Nurullayev öz övladına hamı kimi sadə bir toy etdi. Onun qardaşı, görünür, Razi bəyin mövqeyini nəzərə alıb toyu Bakıda yox, Dubayda edib. Bakıda etsəydi, daha yaxşı, həmin pulu bizim sahibkarlar qazanardı. İnsan on illərdir bizneslə məşğul olur. Halal qazandığı pulla oğluna dəbdəbəli toy edib. Burda qınanılası nə var? Belə təmtəraqlı toyalar dünyanın ən inkişaf etmiş ölkələrində də baş verir. Bununla yanaşı, cinayət etməyib ki, Razi bəy mənəvi qınaqla üzləşsin.
-Onu hətta Rusiya ilə "hansısa” əlaqələrdə ittiham edənlər də oldu. Bu barədə fikriniz nədir?
-Razi bəy vətənpərvər insandır. Onun stres altında uğursuz çıxışları olsa da (hər halda bu mənim qiymətləndirməmdir), qaldırdığı əksər məsələlər milli və dövlət maraqlarına cavab verir və bu onun vətənpərvərliyini bir daha təsdiq edir. Azərbaycanda çox az adam var ki, Rusiyada qohumu, yaxud dostu, tanışı olmasın. O cümlədən iqtidar təmsilçilərinin. Rusiyada yaşamaq, təhsil almaq, işləmək həmin adamın vətənpərvərliyinə şübhə yarada biməz. Əksinə, həyat göstərir ki, onlar bir çox şeyləri görüb daha vətənpərvər olurlar. Yalnız qərəzli insanlar belə mövqe sərgiləyə bilərlər. O, qaldırdığı məsələlərlə kimlərinsə marağına toxunur və həmin adamlar indi düşünürlər ki, əllərinə fürsət düşüb. Bu qara piar kampaniyası ilə bir neçə diletantı çaşdırmaq olar.
-Qüdrət bəy, toy məclisləri və yas mərasimləri barədə sizin fikirləriniz necədir?
-Kasıb ölkədə kimsə çox təmtəraqlı toy edirsə bu, sözsüz ki, müəyyən qınaq yarada bilər. Yas mərasimləri barədə isə, düşünürəm ki, insan dünyasını dəyişirsə, onun əzizlərinə qohumları, dostları toplanıb bir dəfə başsağlığı verməlidir. Bu zaman ehsan kimi çay süfrəsi açıla bilər. 40 və il mərasimlərini isə ailə keçirməlidir. Ümid edirəm zamanla bu məsələ də öz həllini tapar.
Xəbər 342 dəfə oxunub.