Xalq artisti, tanınmış aktrisa Firəngiz Mütəllimova şəxsi həyatından danışıb.
Aktual.az publika.az-a istinadən xəbər verir ki, aktrisa "ATV maqazin Onlarla" verilişində keçmiş həyat yoldaşı ilə ilk dəfə yas mərasimində tanış olduğunu deyib: "Türkiyədə qastrol səfərində olanda Cəfər adlı bir oğlanla tanış oldum. Dərdimdən dəli-divanə idi, mən də onu sevirdim. Bakıya qayıdanda ailəsi üzüklərlə bizə gəldi. Amma bizim evlənməyimizi istəmirdilər. Bu iş alınmadı. Mən də depressiyaya düşdüm, gözümün yaşını axıtdım.
Bir gün yas mərasiminə getmişdim, gördüm bir oğlan gözünü məndən çəkmir. Aktyor Şahmar Ələkbərova oxşayırdı. Əslən azərbaycanlı olan bu oğlan İngiltərədə iş adamı idi. Hirsləndim ki, bu, niyə mənə baxır? Demə, məndən xoşu gəlirmiş. Elə oldu ki, Almaniyaya qastrola getdim, düşündüm ki, yəqin bu oğlan məni unudacaq. Qardaşım mənə dedi ki, o, səni gözləyir. Evləndik və İngiltərəyə getdim. Orada paltar dolabını açanda dəhşətə gəldim, azı 500 paltar asılmışdı. Dedi ki, bunların hamısını sənə almışam. Qaçqınçılıq düşdü, anamgil Şuşadan Bakıya gəldi. Mən onların yanına qayıtdım. Uşağımız olsaydı, bəlkə başqa cür olardı. O, Bakıda qalmaq istəmədi, mən də xaricdə. Ayrıldıq".
// Aktual.az