Zəyəmçay yenidən qurulur

Zəyəmçay yenidən qurulur

Tovuz rayonunda əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 2 layihə icra edilir.


Aktual.az  xəbər verir kİ, bu barədə özəl olaraq Trend-də "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, Tovuz şəhərində yeni su təchizatı infrastrukturunun yaradılması məqsədilə dövlət büdcəsindən 14 milyon manat ayrılıb: "Bu vəsait hesabına Zəyəmçay su mənbəyinin yenidən qurulması və su mənbəyindən Tovuz şəhərinə magistral kəmərin tikintisi nəzərdə tutulub.

Layihəyə əsasən, Zəyəmçayın yatağında üfüqi suqəbuledici qurğu inşa edilir. Buradan saniyədə 80-100 litr suyun götürülməsi nəzərdə tutulub. Hazırda qurğunun tikintisi işləri davam etdirilir.

Buradan götürülən suyun Tovuz şəhərinə özüaxımlı rejimdə çatdırılması məqsədilə 26 km uzunluğunda 530 mm diametrli polad magistral su xəttinin tikintisi nəzərdə tutulub. Artıq magistral kəmərin inşasına başlanlıb və indiyədək kəmərin 13 km-lik hissəsi inşa edilib. Tikinti-quraşdırma işlərinin cari ilin sonunadək tam başa çatdırılması nəzərdə tutulur. Yeni su mənbəyi istismara verildikdən sonra Tovuz şəhəri fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaq".

A.Cəbrayıllı deyib ki, həmçinin Tovuz rayonunun 5 kəndində içməli su layihələri həyata keçirilir: "Tovuz rayonunda icra olunan içməli su layihələri rayonun Qədirli, Xatınlı, Çilovdarlı, Əlimərdanlı və Qaraxanlı kəndlərini əhatə edir. Bu kəndlərin içməli su problemini həll etmək məqsədilə cari ilin iyun ayında yeni layihənin icrasına başlanılıb. Layihəyə əsasən, kəndləri keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə 2 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub. Artıq bir quyu qazılıb, digərində iş gedir.

Tovuz rayonunun 5 kəndində 40 km su xətlərinin tikintisi və əhalinin ümumi istifadəsi üçün 175 ədəd bulağın quraşdırılması nəzərdə tutulub. İndiyədək 39 km-dək su xətti çəkilib. 72 bulaq quraşdırılıb. Layihənin icrası tam başa çatdıqdan sonra Tovuz rayonunun Qədirli, Xatınlı, Çilovdarlı, Əlimərdanlı və Qaraxanlı kəndlərinin 12 mindən çox sakini keyfiyyətli içməli su ilə təmin ediləcək".

Qurum rəsmisi əlavə edib ki, indiyədək bu kəndlərdə içməli su şəbəkəsi mövcud olmayıb və əhali suya olan tələbatını uzaq məsafələrdən daşıyaraq ödəyir.

 
Aktual.az
Xəbər 250 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR