ZƏRRƏCİKLƏRİN NAĞILI

ZƏRRƏCİKLƏRİN  NAĞILI


 (Fəlsəfi  esse)
      Dünya yoxdu . Heç nə vardı. Səbəblər səbəbi Böyük Yaradan heç nədən zərrəcikləri yaratdı. Onlar kainat oldular. Hər zərrəçik özü –özündəydi , başqa zərrəcikləri fərq etmirdi. Hər zərrəcik özü üçün mövcuddu. Nə başqasına dəyib dolaşır, nə də ona dəyib dolaşan olurdu. Nə özləri bir şey yarada bilir, nə də məhv olurdular. Heç bir hadisə baş vermirdi. Nə görürdülər ,nə də başqaslarına görünürdülər . Heç nə eşitmirdilər. Səs-səmir belə yox idi. Nə birləşən vardı, nə də ayrılan. İşıq- qaranlıq, isti-soyuq, pis-yaxşı, xeyir-şər bilinmirdi. Nə məhəbbət, nə də nifrət var idi. Bütün kainatda yeknəsəklik və sakitlik hökm sürürdü. Kainat beləcə mövcudluğunu davam etdirirdi. Bu minvalla sürən həyat az oldu, çox oldu bilinmədi.
 Bütün kainatı dolaşan zərrəciklər nə etdilər bilinmədi, duyulmadı, nə də eşidilmədi. Nəhayət onlar bir şey olsalar da , heç nəyə yaramadıqlarını sezdilər. Özlərində bir məna tapa bilmədilər. Bu mənasızlıq onları bezdirdi. Əbədi və sakit həyatları olsa da, asılı olmasalar da, mənasızlıq onları möhkəm darıxdırır belə yeknəsəq həyatdan bezdirirdi. Nə edəcəklərini bilmirdilər. Öz dərdlərinə özlərindən əlac  olmayacağını bilib Yaradanlarına üz tutdular. Dərdlərinə əlac istədilər. Böyük Yaradan rəhm edəndi, mehribandı, hər şeyi biləndi, diləkləri yerinə yetirəndi. Bu səbəbdən zərrəciklərə diləklərinin yerinə yetiriləcəyi tədqirdə , oların hal və həyatında nə kimi dəyişikliklər olacağını anlatdı:
- Onu bilin ki, diləkləriniz yerinə yetdikdə  ilk növbədə əbədi, sakit və azad həyatınızı itirəcəksiniz. Mən sizlərdən hər birinin mövcudluğunu özünə bərabər olub, özünün əksi olanla birləşdirər, bu isə sizə zidiyyət və mübarizələrlə dolu bir eşq qüvvəsi verər. Bu qüvvə hər bir zərrəciyi özü-özündəlikdən çıxarar , həm özü həm də başqası üçün edər. Zidiyyətlərlə və mübarizələrlə dolu həyatınızda bir-birinizlə əlaqələnər , birləşər, ayrılar , özü başqasına çevrilməklə özünüzə oxşamayan yeni varlıqlar yaradar, bunu davamlı olaraq yenilik istiqamətində təkrarlar və arzuladığınız məna və hadisələrlə dolu bir həyat yaşarsınız. Eşq qüvvəsi ilə hərəkətə gələn zidiyyətli və mübarizəli həyatınızda mənalı hadisələr, yeni yaranışlarla yanaşı, bunlara əks olan keyfiyyətlərə malik olanlar da olacaqdır. Müsbətlə yanaşı mənfi, cəzbetmə ilə yanaşı dəfetmə,  işıqla yanaşı qaranlıq,  istiylə yanaşı soyuq,  xeyirlə yanaşı şər, məhəbbətlə yanaşı nifrət, seviclıə yanaşı kədər , həzlə yanaşı iztirab, gozəlliklə yanaşı eybəcərlik, həyatla yanaşı ölüm və s. bu kimi sonsuz əksiliklər nəsibiniz olacaqdır. İndi özünüz baxın hansını istəyirsinizsə seçin.
 Əvvəlki yeknəsəq  həyatlarından bezən zərrəciklər  əlaqələnmək ,birləşmək,  yeniliklər və gözəlliklər yaratmaq, hadisələrlə dolu mənalı həyat yaşamaq xatirinə məşəqqət və əzabı da qəbul edərək dilədikləri həyatəın onlara verilməsini istədilər.
             Böyük Yaradan hər bir zərrəciyin təbiətini özünə bərabər olub özünün əksi olanla birləşdirməklə , onların təbiətinə onları davamlı həkətə gətirən , əlaqələndirən, birləşdirən, ayıran, yeni yaranışlar əmələ gəlməsinə səbəb olan eşq qüvvəsi daxil etdi. Zərrəciklərin təbiətinə daxil olan müsbət və mənfi yüklü, cəzb və dəf edə bilən bu sehrli eşq qüvvəsinin qüdrətindən bütün kainat hərəkətə gəldi. Zərrəciklər sanki canlandılar. Həm ozlərini həm də başqa zərrəcikləri fərq etdilər. Əlaqələndilər, birləşdilər, vəhdətləndilər. Təbiətlərində bir-birinə əks olan qüvvələr onları rahat buraxmır, hərəkət və fəaliyyətlərini  davamlı və zəruri edirdi. Bu fəaliyyət zərrəciklərin özünün özü kimi qalmasına imkan vermir, onu dəyişdirir, başqalaşdırır,  yeni-yeni yaranışların yaranmasına  səbəb olurdu.
  Zərrəciklərin dəyişməyə başlaması anından zaman, birləşib, vəhdətlənib mövcudluq olub yer tutmasından isə məkan yarandı. Cəzbetmə qüvvəsinin təsirindən  ayrı-ayrı  vəhdətlər halında birləşən zərrəciklərdən səma cismləri, ulduzlar, səyyarələr meydana gəldi.           Dəfetmə qüvvəsi isə yaranışlar arasında məsafə saxlanmasını təmin etməklə, birləşmənin əksi olan prosesləri tənzimləyirdi. Bu sehrli qüvvə zərrəciklərdən yarananların  fəaliyyət qanunauyğunluğunu saxlayır , onların yaşayış yolunu müəyyən edirdi. Zərrəciklərin əlaqələnmə, birləşmə və vəhdətlənmə sevincləri  yüksək hərarət və parlaq işıqla şərtlənir və bütün kainatı nurlandırırdı. Bu birləşmə və ayrılmalar  köhnələr üzərində daim yeni yaranışlar meydana gətirir dünyanı müxtəlifləndirirdi. Zərrəciklərin bu fəallığı  işığı , hərarəti, xyiri,  gözəllikləri,  məhəbbəti  yaratdığı və  həyatı mənalandırdığı kimi,  qaranlığı, soyuğu, şəri, nifrəti , ölümü də doğururdu.
  Əks qüvvələrin mübarizəsi və toqquşması tufanlara, fəlakətlərə, əzab və iztirablara səbəb olurdu. Bəzən bu sehrli qüvvələr elə çuğlaşırdı ki, onun xeyri ilə şərini ayırmaq olmurdu. Özündə  mənfi -müsbət,  xeyir və şər, məhəbbət və nifrət və sair bu kimi əksilikləri daşıyan zərrəciklər bir-birləri ilə qarşılıqlı əlaqə  şəraitində gah alovlu məhəbbətlə  vəhdətlənir ,gah da soyuq bir nifrətlə ayrılır. Hər iki halda başqalanıb nə isə yeni bir şey yaradırdılar. Zərrəciklər birləşmə və ayrılma məqamlarında sanki şıltaqlıq edir, gah xeyirlənib gözəlliklər yaradır , gah da şərlənib gözəllikləri xarabalıqlara çevirirdilər.
  Zərrəciklər özlərinin əbədi və sakit həyatlanı olümlü və iztirablı olsa da, hadisələrlə, yaranışlarla, məna və gözəlliklərlə  dolu bir həyata dəyişməkdə səhv etməmişdilər. Zərrəciklərin yaratdığı bir-birinin bənzəri olmayan sonsuz müxtəlif  mikro və makro yaranışların hər birinin  öz mənası öz məqsədi var idi. Onlar sonsuz sayda parlaq ulduzlardan ibarət kəhkəşqanlar, səyyarə topluları yaratmışlar, onları rəngarəng cizm və hadisələrlə doldurub mənalandırmışlar. Daha fəal yaranışlar olan canlı aləmi, bitki və heyvanları yaratmışlar. Sözün qısası , onlara yaradıcı gücü verən  ilahi qüvvənin köməyi ilə zərrəciklər mohkəm intizam vəzəruri qanunauyğunluqla şərtlənən rəngarəng hadisələrlə və yeniliklərlə dolu, əsrarəngiz gözəlliyə , axar-baxara malik, min bir rəngə çalan, mövcud olan hər bir şeyin ayrıca mənası və məqsədi olan  bütöv bir aləm yaratmışdılar.
 Bütün bunlar çox gözəl idi. Zərəciklər bezmir və daha darıxmırdılar. Amma yenə də nəyinsə catışmadığını hiss edirdilər. Nə isə elə bil ki, bir boşluq var idi.  Bu zərrəciklərin onlara verilmiş imkanla yaratdıqlarının məna və gözəlliklərinin duyulması, dərk olunması və  dəyərləndirilməsi istəyi ilə bağlı idi. Onlar hər şeyin ölçüsü ola biləcək, öz ölşüsü ilə hər şeyi mənalandıra və dəyərləndirə biləcək bir yaranışa ehtiyac duyurdular. Zərrəciklər öz fəaliyyətlərində  nə imkansa onu etmişdilər. Bu istəkləri isə onların imkanları daxilində deyildi. Əlac yenə də  onları yaradan, onlara yaradıcı güc verən böyük və hər şeyə qadir  Yaradana üz tutmaqda idi. Belə də etdilər. Böyük Yaradan onların bu dəfəki istəyini dinlədi  və bu istəklərinin yerinə yetiriləcəyi tədqirdə həyatlarında nələr baş verə biləcəyini onlara anlatdı:  
- Bu istəyinizi də yerinə yetirməm mümkündür.  Bilin ki, bu dəfəki istəyiniz  çox böyükdür .  Lakin bunu həm də ona görə yerinə yerirmək istəyirəm ki, mən də qüdrətimin və yaratdığım bu sonsus aləmin məna və gözəlliklərini duyan, anlayan, dərk edib dəyərləndirə bilən yaranışların olmasını istərəm. Lakin bu keyfiyyətə malik yaranışa verəcəyim  güc və qüdrətin böyüklüyünün həm də nə kimi zərərlər verə biləcyini bildiyim üçün indiyədək yaratmamışam.  İndi sizin istəyinizlə onu yaradacağam. Bilin ki, bu yaranış böyük gücə ,bacarığa və qabliyyətə sahib  olacaq.  Bu yaranışa verəcəyim güc ən uca nemət olan ağıldır, düşüncədir. Bunu sizlərdən mütəşəkkil olan canlı yaranışlardan birinə verəcəm. Bu keyfiyyətə malik  olan yaranış aləmi dərk etikcə biliklər əldə edib daha da qüvvətlənəcək , öz ağlının işığıyla  öz yaşam yolunu müəyyən edəcək və hərəkətlərində müxtar olacaqdır. Yaradılan aləmin məna və gözəlliklərini dərk edib qiymətləndirməklə yanaşı, özləri də məna və gözəlliklər yaradacaq.  Onlara verilmiş ağıl və düşüncənin sayəsində əldə etdikləri mövqe və qüdrət  sizlər üzərində yüksəlib sizə sahib olmalarına imkan verəcək. Onlar öz qüdrətləriylə dünyada öz nizamlarını yaratmağa başlayacaq və öz nizamlarını sizin şəkilləndirdiyiniz təbii nizama qarşı qoyacaqlar.
  Lakin ağıl qüvvəsi də özünə bərabər olub özünün əksi olanla birgə olacaq ki, bu da hislərə dayanan nəfs qüvvəsi olacaq. Ağıl və düşüncəyə sahib canlının  məqsədi istiqamətində fəaliyyəti  nəfs qüvvəsi ilə daimi mübarizə şəraitində baş tutacaq. Nəfs qüvvəsi ağla əks olub onu öz istəklərinə tabe etməyə və ağlı öz məqsədlərindən  kənarlaşdırmağa çalışacaq. Bu isə böyük fəlakətlərə , qırğınlara,  ağrı-acı və iztirablara səbəb ola bilər. Əgər nəfs ağlı təmamilə özünə tabe edə bilsə dünyanın məna və gözəlliklərinin sonu gəlmiş olar. Yox əgər ağıl qüvvəsinə sahib olan öz istəklərini ağılla nizamlarsa onda nəfsİn onlara gücü çatmaz. Onda dünya siz işdədiyiniz kimi şəkillənər, həyatınıza məna və gözəllikklər qatılmış olar. İstədiyinizi secməkdə sərbəstsiniz.
      Zərrəciklərdən yaranan məna və gözəlliklərin düyülması ,dərk olunması və dəyərləndirilməsi zərrəciklər üçün qarşısıalımaz istək olduğundan bu istəklərinin yerinə yetirilməsini israr etdilər.  Böyük Yaradan onun yanında ən uca nemət olan ağlı canlı yaranışlardan birinə verdi və onu insan adlandırdı. Ona keyfiyyətinə uyğun forma verdi və qarşısına qoyulan məqsədi yerinə yetirməsi üçün hər cür imkanlarla təmin etdi.
    İnsan ona verilən ağıl və düşüncənin sayəsində tez bir zamanda  seçildi və ucaldı. Öz ölçüsü ilə hər şeyin ölçüsünə çevrildi. Yaradılan məna və gözəllikləri dərk edib dəyərləndirməklə yanaşı,  özü də mənalar və gözəlliklər yaratmağa başladı. Çox mənalar, mahiyyətlər, qanun və qanunauyğunluqlar aşkar etdi. Çox sirrlər açdı. Bütün bunlar onu yaranışlar üzərində yüksəltdi , ən ali və mükəmməl yaranışa çevirdi. Ona verilən ağıl və düşüncənin qüdrəti ilə elə qüdrətli vasitələr yaratdı ki, aya, səyyarələrə belə yol aça bildi.
      İnsan çox , həm də lap cox bilik və bacarıqlar əldə etdi. Lakin nəfsi ilə bacara bilmədi. Nəfsini cilovlayıb ağlına tabe edə bilmədi. Bu da dünyaya fəlakət gətirdi, insanlığa böyük zərbə vurdu.    Nəfslərindən döğan xislətləri üzündən insanlar zaman –zaman  qanlı müharibələr törədir, dağıntılara və faciələrə yol açır, günahsız insanların qanına bais olurdular. Nəfsin istəkləri ucbatından  yaşayışlarını təmin edən  təbiətlə də sərt rəftar edir, yaşayışları üçün zəruri olanları belə, nəzərə almadan amansızlıqla məhv edirdilər. Oturduqları budağı kəsdiklərini və budaqla birlikdə özlərinin də düşüb məhv olcağını anlasalar da belə, nəfslərinin şiddətinə qalib gələ bilmirdilər.  İnsanların nəfs istəkləri onlara yaranış məqsədlərini unutdururdu. Ağıl daim insana yaranış məqsədini anlatsa da, nəfs insanı əsl məqsədindən ayırır , onu şirnikdirərək öz istəklərinə tabe etdirməyə çalışırdı.
    Ağıl bilirdi ki, nəfsdən üstün və qüdrətlidir. Ağıl bilik və bacarıq sahibi idi. Mənanı dərk etməklə yanaşı həm də məna yarada bilirdi. İnsan ölsə də yaratdığı mənalar nəsldən-nəslə keçərək yaşayır , yeni –yeni mənalar doğuraraq  ağılları daha da qüdrətləndirirdi. Nəfsə qalib gəlmək və ağlın hökmranlığını  elan etmək  yalnız  muxtar olan insanın istək və iradəsinə bağli idi.
        Nağlımızın əvvəlində dediyimiz dünya yoxdu ,heç nə vardı, hər şey ondan yarqandı. İndi isə deyə bilərik ki, hər şey vardı. Olmayanlar da var olacaq. Hər şey olacaq və öz yaranış məqsədi istiqmətinndə, öz qaydası ilə fəaliyyətdə olacaq.  Təkcə uca nemət olan ağla sahib  muxtar insanlardan başqa qayda-qanunu , təbii nizamı pozan olmayacaq.
-Ey insan yaranış məqsədini uca tut, dərk et, mənalandır, dəyərləndir, yeni-yeni məna və dəyərlər yarat, ucal və ucalt .
-Ey  bəşəriyyət sənə bəxş edilmiş uca nemət olan ağla güvən ,onu nəfsin yoldan çıxarmasına yol vermə, onda qələbə insanlığın olacaq.    
   
  Yusif Hüseynov                                                                                 ​​                                       
 Naxçıvan Dövlət  Universiteti 
 Fəlsəfə üzrə fəlsəfə doktoru                                                                  

Xəbər 3577 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR