"Zəlzələ Şamaxıda və Qobustanın şimalında bəzi vulkanların aktivləşməsinə təsir edə bilər"


Ötən gün baş verən zəlzələ Şamaxıda və Qobustanın şimalında bəzi vulkanların aktivləşməsinə təsir edə bilər.

Aktual.az xəbər verir ki, bunu Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
A.Əliyev bildirib ki, güclü zəlzələ vulkanları oyadır: "Əgər vulkan enerjisini toplayaraq püskürməyə hazır vəziyyətə gəlib çatıbsa və zəlzələ episentrindən 80-100 km radiusda olarsa, zəlzələ vaxtı yaranan gərginlik vulkanın püskürməsinə səbəb olur. Güclü zəlzələ enerji toplayan palçıq vulkanının oyanmasına təkan verir. Amma zəlzələdən sonra vulkanların vəziyyətinin necə olduğunu yoxlamaq üçün əraziyə ekspedisiya təşkil etmək lazımdır. Lakin hazırda zəlzələnin vulkanlara necə təsir etməsi barədə dəqiq məlumat yoxdur. Ola bilər ki, bu zəlzələdən sonra Şamaxıda və Qobustanın şimalında bəzi vulkanlar püskürsün".
Şöbə rəhbəri seysmik aktivliyin artdığı dövrlərdə püskürmələrin sayının çoxaldığnı da nəzərə çatdırıb.
Qeyd edək ki, hazırda Azərbaycanda quru və dənizdə 350-dən çox palçıq vulkanı var. Hər il 3-5 vulkanda müxtəlif intensivlikdə püskürmələr baş verir. Lakin seysmik aktivliyin artdığı dövrlərdə püskürmələrin sayı çoxalır.
Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04.25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss edilən olub. Sonuncu iki zəlzələ isə hiss edilməyib.
Xəbər 836 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR