Qüdrət Həsənquliyev: "Bu qədər dövlət müəssisələrini saxlamağın heç bir əhəmiyyəti yoxdur”
"Xalqımız hökumətimizdən həm də onu gözləyir ki, torpaqlarımızı işğaldan azad elədiyi kimi, eyni zamanda iqtisadiyyatımızı inhisarçılıqdan, proteksionizmdən, dövlət müdaxiləsindən qorusun və bunların qarşısını alacaq islahatlar həyata keçirsin”
"Həqiqətən 2020-ci il ağır il olub. Pandemiya və Vətən müharibəsinə görə bəzilərimiz yaxınlarımızı itirmişik. Amma 2020-ci il Azərbaycan tarixində həm də möhtəşəm bir il kimi qalacaq. Həmçinin torpaqlarımızın işğaldan azad olunması və milətimizin şərəf və ləyaqətinin özünə qaytarılması ili kimi tarixə düşəcək”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib. BAXCP sədri deyib: "Ona görə də mən, Cənab Prezident başda olmaqla hökumətimizi alqışlayıram və onlara fəaliyyətlərində uğurlar arzulayıram. Buna görə də hökumətin fəaliyyətini qənaətbəxş hesab edirəm və müsbət səs verəcəyəm. Amma bəzi məsələləri də hökumət üzvlərinin diqqətinə çatdırmaq istəyirəm. Xalqımız hökumətimizdən həm də onu gözləyir ki, torpaqlarımızı işğaldan azad elədiyi kimi, eyni zamanda iqtisadiyyatımızı inhisarçılıqdan, proteksionizmdən, dövlət müdaxiləsindən qorusun və bunların qarşısını alacaq islahatlar həyata keçirsin”. Millət vəkili əlavə etdi ki, hazırda Dövlət İnvestisiya Holdinqi yaradılıb: "Biz bilirik ki, dövlət mülkiyyətindən indiyə qədər çox da səmərəli istifadə olunmayıb. Hökumətin hesabatından bir rəqəmi diqqətinizə çatdırmaq isatəyirəm. 311- ci səhifədə qeyd olunur: "Hesabat ilində dövlət əmlakının qorunub saxlanılıması və ondan istifadə edilməsi vəziyyəti haqqında xüsusi hesabat formasında təqdim edilməli olan 5400 dövlət müəssisəsi və təşkilatından ümumilikdə 4900 hesabat təqdim olunub”. 500 dövlət müəssisəsi tələb olunan hesabatı təqdim etməyib. Niyə? Yəqin ki, bu barədə hörmətli hökumət üzvləri sonda məlumat verər. Bundan başqa dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı da hesab edirəm ki, ciddi addımlar atılmayıb. Cəmi 41 hərrac təşkil olunub ki, burada cəmi 3 milyon 387 min manat dəyərində dövlət əmlakı özəlləşdirilib. Bu da 5 səhmdar cəmiyyətin səhm paketi, 24 kiçik dövlət müəssisəsi, 3 yarımçıq tikili, 2 istifadəsiz qeyri-yaşayış sahəsi və 100 avtomobildən ibarətdir. Ümumilikdə isə özəlləşdirilən əmlakın dəyəri 61,5 milyon manat olub. Hesab edirəm ki, bu qədər dövlət müəssisələrini saxlamağın heç bir əhəmiyyəti yoxdur. Özəlləşdirmə sürətlə həyata keçirilməlidir. Vaxtilə Rusiya dövlətinin qurulması ilə bağlı "Norman nəzəriyyəsi” var. Ruslar İsveç vikinqlərini dəvət ediblər ki, rus dövlətini qursunlar. Biz vaxtilə yol xəritəsi hazırlayanda da xaricdən mütəxəssislər cəlb etmişdik. Hesab edirəm ki, bu doğru addmdır. Amma bizim çox şükür, güclü dövlətimiz var. Amma iqtisadiyyatımızı yenidən qurmaq üçün xaricdən mütəxəssislər, yaxşı inzibatçılar, idarəçilər də cəlb etməyə ehtiyac var. Düşünürəm ki, hökumət üzvləri bunu etməlidir. Burada utanılası, çəkinəsi bir məsələ yoxdur. Yəni bu yolu keçmiş xalqların təcrübəsindən istifadə eləmək lazımdır. Mən bir məsələyə də toxunmaq və hörmətli Baş nazirin diqqətini buna cəlb etmək istəyirəm. Ona görə ki, bu birbaşa onun iradəsindən asılı olan bir məsələdir. Cənab Prezidentin də tapşırıqları var. Biz bilirik ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda çoxsaylı fərdi yaşayış evləri tikilib və onların sənədləri bu günə qədər verilmir. Bununla bağlı Prezidentin sərəncamı və konkret tapşırıqları var. Amma 2008-ci ildən bu günə qədər hələ də bu məsələ öz həllini tapmır və hər il müxtəlif səbəblərlə geri atılır. Bundan başqa hesabatın 314-cü səhifəsində qeyd olunur ki, torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi üçün 199 müraciətə mənfi cavab verilib, cəmi 14 müraciət müsbət qiymətləndirilib. Mən kənd yerində böyümüşəm, uşaqlığım orada keçib. Mən görürdüm ki, bizim kəndin ətrafındakı üzüm bağlarını ləğv edib, orada gənc ailələrə torpaq sahəsi verirdilər ki, onlar özləri üçün fərdi yaşayış evləri tiksinlər”.
Millət vəkili həmçinin qeyd edib ki, Bakı kəndlərinin ətrafındakı torpaq sahələri kənd təsərrüfatı təyinatlıdır: "Amma əhalinin sayı artır, yeni ailələr yaranır. Yeni istehsal, emal müəssisələri yaratmaq üçün torpaq sahələrinə ehtiyac var. İctimai iaşə obyektləri və fərdi yaşayış evləri tikilməlidir. Amma hökumətimiz təəssüf ki, bu torpaqların təyinatının dəyişdirilməsində çox neqativ mövqe sərgiləyir. Bu da xeyli dərəcədə ümumi işlərə ziyan vurur. Hesab edirəm ki, hökumət bu siyasətinə mütləq yenidən baxmalıdır. Mən, eyni zamanda əhalinin sosial müdafiəsi ilə bağlı bir məsələyə toxunmaq istəyirəm. Burada söhbət ondan gedir ki, dünyanın hər yerində adətən bu sahəyə cavabdeh olan nazirlik, yəni vəzifəli şəxslər çalışırlar ki, büdcədən bu istiqamətdə daha çox vəsait ayrılsın. Amma bizdə müvafiq nazirlik həmişə xüsusi bir fəxarətlə qeyd edir ki, onlar daha az vəsait xərcləyiblər. Biz büdcədən vəsait ayırmışıqsa, həmin vəsait imkansız insanlara xərclənməlidir. Əgər lazımdırsa, Nazirlər Kabinetinin müvafiq qərarları var. Yardımçı təsərrüfatdan gəlirlərin hesablanması qaydası haqqında, ümumi gəlirlərini hesablanması barədə Nazirlər Kabinetinin ayrı-ayrılıqda 2 qərarı var. Həmin qərarları dəyişmək lazımdır. Tutaq ki, orada hətta toyuqların yumurtaları da sayılırsa, birdən soyuq oldu, toyuq yaxşı qidalanmadı və az yumurtladı. Yəni elə məsələlər var ki, onları oradan çıxarmaq da olar ki, insanlar normal ünvanlı sosial yardım ala bilsinlər. Yaxud da ki, hökumət çox çevik olmalıdır. Baş nazirə müraciət olunmalıdır, parlament qarşısında məsələ qaldırıla bilər ki, ehtyac meyarının həcmi qaldırılsın. Amma puldan istifadə olunmamasını mən düzgün saymıram və burada qürurverici heç nə yoxdur. Çox təəssüf ki, bəzən bunun şahidi oluruq”.
"Toxunacağım digər məsələ dövlətin informasiya təhlükəsizliyi ilə bağlıdır”, - deyən millət vəkili qeyd edib ki, 44 günlük Vətən müharibəsində ölkə Prezidenti onlarla dünyanın aparıcı televiziyası qarşısında çıxış elədi: "Çalışırdıq ki, informasiya blokadasını yaraq, əsil həqiqətdə nə baş verdiyini dünya ictimaiyyətinə çatdıraq. Ona görə də mən nəyi təklif edirəm? Bizim bu qədər televiziyalarımız var. O cümlədən, Azərbaycan Dövlət Televiziyasında da yaxşı kollektiv formalaşıb. Bu kollketiv də bu işin öhdəsindən gələ bilər. Bizim MDB məkanında 24 saat ərzində yayımlanacaq rus dilində televiziyaya ehtiyacımız var. Ona görə ki, biz, bu coğrafiyada yaşayırıq. Bizim böyük qonşumuz var, eyni zamanda türk respublikaları var ki, onların ümumi ünsiyyət dili rus dilidir.
İkincisi, dünya miqyasında da 24 saat yayımlanacaq ingilisdilli kanala ehtiyac var. Düşünürəm ki, hökumət bu iki məsələnin üzərində də ciddi düşünməlidir və biz, bu məsələləri həll etməyə çalışmalıyıq.
Mən, sonda onu da qeyd etmək istəyirəm ki, dövlət həm də proteksionizmə son qoymalıdır. Mən, bir nümunə gətirmək istəyirəm.
Bizdə sərnişindaşıma ilə həm dövlət, həm də özəl şirkətlər məşğul olur. Biz tutaq ki, Bakı Nəqliyyat Agentliyi üçün dövlət büdcəsi hesabına avtobuslar alırıq. Amma sərnişindaşımada qiymətlər təqribən eynidir. Bu himayəçilik deyil, nədir? Mən, bunu sadəcə nümunə kimi göstərirəm ki, digər sahələrdə də iri dövlət şirkətləri təcili olaraq bir neçə yerə bölünməlidir və onlar özəlləşdirilməlidir. Onu da alqışlayıram ki, hesabatda qeyd olunur ki, dövlət əmlakının idarəetməyə verilməsi ilə bağlı qanun layihəsi hazırlanır. Mən, səbirsizliklə bu qanun layihəsinin Milli Məclisə daxil olmasını gözləyirəm. O cümlədən Rəqabət Məcəlləsinin də qəbul olunmasına çox böyük ehtyac var. Hökumətə uğurlar arzulayıram və hesabata müsbət səs verəcəyəm”.
Xəbər 372 dəfə oxunub.