“Öz ölkəsində narkomaniyanı leqallaşdıranlar bizə əxlaq dərsi keçir?!”

“Öz ölkəsində narkomaniyanı leqallaşdıranlar bizə əxlaq dərsi keçir?!”

Yaşadığımız dünyada tam qapalı ölkələr mövcuddur. Hansı ki, həmin qapalılıqdan dolayı nə problem yaşayırlar, nə üzərlərinə gələnləri var, nə də sanksiya verənləri.
Hə, bu məqamda buyura bilərsiz: ağzında qapalı deyirsən, giriş yox, çıxış yox, internet yox, rahat nəfəs almaq yox. Orası doğru. Amma və lakin! Mən ölkələrin özünü deyil, kənardan onlara sərgilənən münasibəti nəzərdə tuturam: Kəskinlik qalsın bir yana, ən kiçik narahatlıq belə sezilmir. Əksinə, bir baxırsan, dünya liderləri həmin ölkə başçılarına elə jestlər edirlər, elə nəvaziş göstərirlər, adam heyrətə gəlir. Və ya, görüm Niderlandın ağlına gələrmi ki, belələri haqda artıq-əskik söz desin? Ya Fransa, Amerika?! Əsla! Hətta gərəkirsə, pişvazına çıxarlar. Nazını çəkərlər. Konqresdə də, Senatda da, lap elə canım sizə desin, özündən müştəbeh Beynəlxalq Təşkilatlarda da...
Quyruqları qapı arasında qalan kimi isə şablon bəhanə ortalıqda meydan sulayır: Neyləyək, nüvə ölkəsidir!
Niderland demişkən. Oktyabrın 10-da bu ölkəyə günəş deyəsən yenə "qırmızı fonar” küçəsi tərəfdən çıxıb və ona görə də parlamentariləri utanmadan-qızarmadan Azərbaycana qarşı növbəti (qərəzli) qətnamə qəbul etmək qərarına gəliblər.
Nonsens də elə budur! Niderland hara, biz hara?! Niderland harda, biz harda?l Və ya: həmin deputatları o bashabasda görəsən nə məcbur edib ki, Azərbaycan məhkəmələrinin həbs qərarı verdiyi müharibə cinayətkarları barədə yanlış mühakimə yürütsün və onları "hərbi əsir” adlandırsın?! Niderlandlı millət vəkilləri ümumiyyətlə Arayik barədə məlumatlıdırmı? Eşidiblərmi ki, haqqında  danışılan cani öz səsi, öz yazısı, öz imzası ilə Gəncə terrorunu təşkil elədiyini təsdiqləyib, yüzlərlə cinayətə ideya müəllifliyi edib, Ermənistan da daxil dünyada heç bir ölkənin tanımadığı separat, qondarma qurumun başında illər uzunu dayanıb?! Yox əlbət!  Eşitməzlər. Eşitsələr də eşitməzdən keçərlər.
Eynən bir addımlıqlarındakı Haaqa və Cenevrədə təsbit edilən (1949 və 1954-cü il Konvensiyalarını nəzərdə tuturam)  imperativ normaları görməzdən keçdikləri kimi....
Xatırlayırsınızmı, bir ara Kanada da biz tərəflərdə "şayba”sını itirmişdi, tapa bilmirdi. Sonra bir baxdıq, hindistanlıların yuxusu ərşə çəkilib. Ki, demə bəs Azərbaycandakı insan hüquq və azadlıqlarından narahatmışlar. Daha sonra Avropa Şurasının "tırka”sı ilə Şvabe adında sirk təlimçisi üzərimizə şığıdı. Ardınca Amerika konqresmenləri və palata üzvləri "çin qa çunq” mexanizmi ilə Azərbaycanı hədəfə aldı. Və indi də Niderland! Bir yandan Parlamenti qətnamə qəbul edir, digər yandan isə Xarici İşlər Naziri Veldkamp kənardan züy tutur...
Əlqərəz, COP 29 bir çox fürsətcillərin əlinə bəhanə verib və kimin Azərbaycanla nə dərdi, problemi varsa, məhz bu ərəfədə çözməyə çalışır. Eybi yox. Çalışsın. Əlindən  gələni də ardına qoymasın. Zatən sonucda hamısı ağzının payını alır. Layiq olduğu formada! Sadəcə məsələ burasındadır, bəzən elə ölkələr üzərimizə xoruzlanır, ya da ağsaqqal moduna girir, bax o məqamda artıq səbr etmək mümkünsüzdür. Adamın dəymişi qala-qala kalı tökülür. Gerçəkdən! Çönüb demək istəyirsən ki, ay bədbəxt, sən hələ adından, mahiyyətindən "krallıq” kəlməsini çıxara bilməmisən, indi mənim qarşımda demokratik dəyərlərdən, dünyavi idarəetmədənmi dəm vurursan? Sən - qanunla, Konstitusiya ilə narkomaniyanı öz ölkəndə leqallaşdırandan, marixuana qoxusunu küçələrindəki divarlara qədər hopdurandan, "Cofee Shop”ları rəsmi turizm brendinə çevirəndən sonra mənə əxlaq və mənəviyyatdan dərsmi keçmək istəyirsən? Sən – dünyanı qan gölməçəsinə çevirənlərin, 27 saatlıq hava yolu məsafəsində yerləşən ada dövlətini girovluqda, əsirlikdə saxlayanların yanında ola-ola mənimlə humanitar hüquq normaları haqdamı danışırsan?!
Ukrayna boyda əsəriniz ortalıqdadır, cənablar!
Ukrayna tablosu dünyanın hər yerindən nəinki açıq, hətta qapalı gözlə belə görünən yerdən asılıb, cənablar!
Ukrayna "təcrübəsindən” sonra özünə hörmət qoyan bir dövlət sizlərə inanmaz, güvənməz, etibar etməz, cənablar!
Ona görə gedin quşunuzu başqa yerlərdə uçurdun.
Əsas da uyğun yerlərdə.
Məsələn, Quantanamonu, İŞİD-i, FETÖ-nü ərsəyə gətirənlərin məkanında...
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.   












Xəbər 896 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR