Yanımcıllarla “Yalıncıq”ların fərqi – Elşən Musayevin yazısı…

Yanımcıllarla “Yalıncıq”ların fərqi – Elşən Musayevin yazısı…

Qurban Məmmədov Avropada "boş qazan aksiyası”na start verib. Bu haqda dünən məlumat aldım və dərhal bəyin "youtube” kanalını açdım. Baxdım. Təxminən 15 dəqiqə. Həmrəylik nümayişi imiş. Aclığa və kədərə qarşı. Məmmədov əvvəldən axıra namusdan, qeyrətdən, ana-bacı qayğısından danışdı. Adamın dilindən həmin sürəcdə düz 71 dəfə kişilik kəlməsi keçdi. Təxminən 6 ay öncə bütün mühacirlərə müraciət edərək: "Noyabrın filan günü Bakıya qayıtmayan nakişidir. Özüm də daxil.” – deyən Qurban Məmmədovun dilindən.

Qurban Azərbaycan tarixinin yetişdirdiyi ən unikal siyasətçidir. Onun "a” nöqtəsindən "z” nöqtəsinə gedişi an məsələsidir. Kvant fizikası belə bu sürəti müəyyənləşdirməkdə acizdir. Daha sadə dildə desəm: məsələn, iqtidardan küsən Gültəkin əvvəl Palamentdə gileylənirdi, sonra başladı daldada danışmağa, daha sonra səfirlik tədbirində Əli Kərimli ilə 3-4 dəqiqəlik həmsöhbət oldu. Ardınca "ziyalılar forumu”nda peydahlandı. Axırda da gəldi "Milli Şura”ya və radikal müxalifətin köynəyini geyinib Gülçatay ayamasını götürdü. Yəni, yavaş-yavaş. Dönmə bucağını şoka salmadan. Qurban Məmmədov isə bir qütblə digər qütb arasındakı məsafəni elə sürətlə qət edəcək gücdədir ki, onu gözlə deyil, hətta radarla belə təyin etmək mümkün deyil. 

Deyirlər, Qurban Məmmədov şirin tipdir. Ədalətsiz olsa da şirin tipdir. Bir-iki adamdan eşitmişəm bu fikri. Olsun şirin. Amma gəlin etiraf edək ki, adamın şirini sanki artıq düşüb. Kimya elmində buna "doymuş məhlul” deyirlər. Stəkanın dibinə yığılır və qaşıq ətrafında fırlana-fırlana qalır – məlum ÇÖKÜNTÜ. Belədə isə ya üstünə qaynar su tökməlisən, ya da tamam tullayıb yenisi ilə əvəzləməlisən. Anormal şirinləri normal məcəraya gətirməyin başqa çarəsi yoxdur.

Qurban Məmmədovla ilk təmasım 2005-ci ildə, ANS-in binasında olub. Rəsul Quliyevin dövlət çevrilişinə hazırlaşdığı ərəfədə. Səhər"müəllim” guya Amerikadan Bakıya qayıtmalı idi. TV-nin foyesində gözləyirdim ki, Rəsulun qatı müdafiəçisi olan Qurban Məmmədov canlı danışıb qurtarsın, sonra efirə mən girim. Danışdı qurtardı. Çıxdı. Arada 10 dəqiqəlik boşluq vardı. Üzbəüz gəldik. Hətta burun-buruna, göz-gözə. Düşündüm, hakimiyyəti müdafiə etdiyim üçün sərt təpki göstərər. Amma tam əksi, güldü, əlimi sıxdı və qayıtdı ki, bu ölkədə 3 namərd varsa onun 2-si Rəsul Quliyevdi....Sonra Əli Kərimli ilə dostlaşdı, "Azadlıq”ın üz qabığından, manşetlərindən düşmədi. Daha sonra Vidadinin katalizatorluğunu elədi. Axırda da hamısına kələk gəldi və oldu ədalətin alternativsiz  carçısı, "AzerFreedom”un yaradıcısı.   

Qurban Məmmədov əvvəllər söyüş söymürdü. Hakimiyyətin ali təbəqəsi haqda isə ümumiyyətlə heç nə demirdi. Amma bir baxdı ki, köləsi olduğu kəşfiyyat belə olan halda funt-sterlinq kisəsinin ağzını lazımınca açmayacaq. Ona görə gəldi "haqq yoluna”. Başladı sağdan-soldan döşəməyə. Namərdcə, ədalətsizcə, alçaqca, şüursuzca! Və ən qəribəsi odur ki, adam efirdə xanımının adını çəkəndə böyüklərdən üzr istəməyi bacarır, amma həmin xanımının da baxdığı verilişlərdə iyrənc söyüşlərə, nifrinli fikirlərə, küçə leksikonuna aludə olmaqdan, sığınmaqdan qətiyyən utanmır, narahatlıq keçirmir.

Qurban Məmmədov Azərbaycan siyasətində "Yalıncıq” obrazının prototipidir, subyektajıdır. O, şər qiyafəsində xeyirlə vuruşur, yalıncıq surəti ilə yanımcıllara, dövləti sözün gerçək anlamında göz bəbəyi kimi qoruyanlara qarşı mübarizə aparır. Qurban "Zərdüştlük” fəlsəfəsini yalnızca tərs, qara tərəfdən əxz edib, qavrayıb. Qurban, öz təhtəlşüurunda azərbaycançılığı unudaraq çoxdan londonlaşıb, 200 km şərqdə quzu balası kimi "pardon”laşıb, hətta "Buratino” təki taxta əzəmətini belə saxlaya bilmədən, "kartonlaşıb”!  

Sən "boş qazan” deyil, "aşsüzən” aksiyası keçir, bəy.

Həm təbiətinə uyğun olsun, həm xislətinə, həm də təyinatına!

Elşən Musayev, Milli Məclisin deputatı.


Xəbər 420 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR