Xətai rayonunun 249 nömrəli tam orta məktəbində elmi-praktiki profrans keçirildi – FOTO

Xətai rayonunun 249 nömrəli tam orta məktəbində elmi-praktiki profrans keçirildi – FOTO


18 aprel 2019-cu ildə Bakı şəhəri Xətai rayonunun 249 nömrəli tam orta məktəbində Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutu və Mili Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktiki profrans keçirilmişdir.


Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. İlk növbədə məktəbin direktoru fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Nizami Bayramov çıxış edərək hər kəsi salamladı və tədbirin əhəmiyyətindən danışdı.

Sonra AMEA-nın Fəlsəfə İnstitutunun "Davamlı inkişafın fəlsəfi problemləri” şöbəsinin müdiri, fəlsəfə elmləri üzrə elmlər doktoru, professor Sakit Hüseynov "İ.Nəsiminin yaradıcılığı və milli-mənəvi dəyərlər” adlı məruzə ilə çıxış etdi. Professor öz məruzəsində qeyd etmişdir ki, Böyük Azərbaycan şairi İ.Nəsiminin yaradıcılığında xalqımızın milli-mənəvi dəyərləri, cəmiyyətdə kamil insan fəlsəfəsi geniş işıqlandırılmışdır. Şair cəmiyyətdəki insanları iki hissəyə bölürdü: cahil və kamil insan. Şair kamil insanı yer üzünün əşrəfi, dünyanın ən qiymətli kövsəri adlandırmışdır. İnsan xarakteri, mənəvi tərbiyyə, həyatda xeyirxahlıq, nadan, cahil insanların cəmiyyətə vurduğu ziyan Nəsimi yaradıcılığında əsas yer tutmuşdur. Professor qeyd etmişdir ki, insanların başqa dinlərə və məzhəblərə tolerantlıq münasibəti, bütün millətlərdən olan insanlara, bütün bəşər övladına məhəbbət Nəsimi şeirlərinin əsas qayəsi olmuşdur.

Milli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Təhsil Akademiyasının müxbir-üzvü Elvin Talışınski isə "Milli-mənəvi dəyərlərimizin gənclərə aşılanmasının əhəmiyyəti” adlı məruzə ilə məktəblilər qarşısında çıxış etdi. E.Talışınski əvvəlcə tədbir iştirakçılarına milli-mənəvi dəyərlər anlayışını geniş şəkildə şərh etdi. Daha sonra milli-mənəvi dəyərlərin yeniyetmə və gənclərə aşılanması istiqamətində dövlət siyasətinin əhəmiyyətindən danışdı. O həmçinin bu dəyərlərin hər bir vətəndaşda formalaşması üçün ailə amilini də önə çəkərək gənclərin vətənpərvərlik ruhunda yetişməsinin əhəmiyyətini qeyd etdi.

Folklor üzrə tədqiqatçı İlkin Elsever "İmadəddin Nəsiminin yaradıcılığında "söz” və "insan” mikrostrukturu” adlı məruzəsində insanın və sözün Nəsimi yaradıcılığındakı mahiyyətindən bəhs edib. İlkin Elsever şairin qəzəllərində insan azadlığı, insanın kamillik mərtəbəsinə yüksəlməsi və s. bu kimi məsələlərə toxunmuşdur. İlkin Elsever məruzəsində "söz”ün mistik gücü ilə yanaşı, həmçinin mifopoetik məqamlarına da münasibət bildirmişdir. O, yazısında həm klassik, həm də şifahi xalq ədəbiyyatında sözün bədii, fəlsəfi və mifopoetik çalarlarına aid geniş bir şəkildə yer ayırmışdır.

SonraMilli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin üzvü Zəkiyyə Heybətova "Cahana sığmayan şairimizin həyatı haqqında düşüncələr” adlı məruzəsi ilə çıxış etdi. O öz çıxışında böyük Azərbaycan şairi İ.Nəsiminin həyat və yaradıcılığı haqqında maraqlı düşüncələri məktəblilərlə bölüşdü.

Sonda 249 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən İ.Nəsimi yaradıçılığından şeir və qəzəllər səsləndirildi.



Xəbər 863 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR