“Xaricdə oturum iznini qucaqda oturum izni zənn edənlər” – Deputat Elşən Musayev yazır...

“Xaricdə oturum iznini qucaqda oturum izni zənn edənlər” – Deputat Elşən Musayev yazır...

Artıq həftə tamamıdır ki, Makronun saxta "erməni soyqırımı”nın xüsusi qeyd günü ilə bağlı təklifi dünya mediasında müzakirə olunur. Adam Qərblə miqrant anlaşılmazlığı fonunda qarşı tərəfin yedəyi - "sarı jiletlilər”in cənginə necə keçibsə saman çöpündən belə yapışmağa, fikir yayındırmağa məhkumdur. Bu səbəbdən siyasi panika başlayıb, açıq mərkəzdənqaçma sindromları göz oxşayır və məlum məqamda Makron niyəsə elə düşünür ki, Türkiyə boyda qüvvəni, bütün türkdilliləri, türksoyluları rəsmən provokasiyaya çəkərək, bu saxta altşüur məhsulunu heç gərəkmədik yerdə müzakirə predmeti edərək hədəfinə çatacaq.

Fəqət, bizim təbirimizcə - heç gərəkmədik yerdə!

Fransa parlamenti hələ 2011-2012-ci illərdə bu saxta iddia ilə bağlı qanun layihəsini müzakirəyə çıxaranda da ortalıq aktiv siyasi ab-havaya qərq olmuşdu. Qarşıdan prezident seçkiləri gəlirdi və Sarkozi yeni həmlələr çabasında idi. O zaman da Parisin düz mərkəzində düzənlənən ardıcıl terrorlar, sosial – mədəni islahatlarla bağlı aksiyalar, inqilab qışqırtıları təxminən bənzər mənzərəyə köklənmişdi. Müxalif rəqib Fransua Olland isə deyirdi ki, seçkidə qalib olsa Parisdə "erməni soyqırımı” – memorial muzeyini yaradacaq. Əlqərəz, üzdəki platformaların əhəmiyyətli hissəsi bəlli mövzudan qidalanırdı. Sanki "kim daha yaxşı ermənipərəst mövqe sərgiləyə bilər”- yarışması başlanmışdı və...elə qəribə olan da budur: fransız liderlərin siyasi çuxura düşdüyü anda TÜRK əsəbi ilə oynamaqdan, Türk adi ilə süni çaxnaşma yaratmaqdan savayı düşündükləri olmur. Sanki başqa xilas elementi yoxmuş kimi...
Nə matahmış amma, bu erməni...

İndi də hədəf olaraq Ərdoğan Türkiyəsi seçilib. O Ərdoğan ki, ölkəsini illər sonra dünyanın üçüncü gücü kimi siyasi üfüqə çıxarmağı bacarıb, Avropanın, Qərbin yerində oturDULMALILARInı bir, bəzənsə yarım kəlmə ilə susdurub, oturdub. O Ərdoğan ki, yürütdüyü müstəqil siyasət qarşılığında 50 yadelli qurumun birgə hazırladığı çevriliş planından, killer həmləsindən xalqın gücü və iradəsi ilə qurtulub. O Ərdoğan ki, "erməni soyqırımını” iddia edənlərə müraciətən ən ədalətli təklifdə bulunub ki, tarixçilərdən ibarət müstəqil ekspert qrupu yaradılsın, soyqırım müzakirəsini də yalnız tərəflər deyil, həm də tərəfsizlər aparsın. O Ərdoğan ki, Azərbaycan aşiqidir, Qarabağ sevdalısıdır, Parisin, Strasburqun, Bordonun ən iri tutumlu salonlarında uca səslə erməni qəsbkarlarını ifşa edib, Xocalıya ədalət tələb edib. Və nəhayət o Ərdoğan ki - diqqət yetirdiyiniz anda görərsiniz – ixtiyari dəyirmi masada anti-türk simalardan ən uzaq məsafə haradırsa – orada əyləşir, orada qərarlaşır, hətta...sammitlərin birində + futbol üzrə dünya çempionatı ərəfəsində qılığa girmə amaclı Markronun: "Finalı bərabər izləyək” – təklifinə belə uzaqgörən siyasətçi zehniyyəti ilə: "Mənim futbol izləyəcək qədər zamanım yoxdur, daha vacib işlərim var” - cavabını verir...
Əsl gerçək isə Ərdoğanın futbola deyil, məhz Makronun özünə təhəmmülünün olmamasıdır.

***

Fransada təkcə soyadını dəyişməmiş 500 min erməni var. Ümumilikdə isə daha çox - az qala öz paytaxtlarındakı qədər. Yəni, burada söhbət bir tək lobbidən deyil, həm də vətəndaşlıq statusu ilə aktiv seçki hüququ qazananlardan gedir. Lobbi fəaliyyəti isə qeyri-ermənilər üzərindən aparılır. Əsasən siyasi kuluarlarda. Ermənilər Qərb və Avropa regionunda saxta təbliğat məqsədilə daim lokal-siyasi dairələri hədəfləyib: Konqresi, Senatı, Avropa Şurasını, BMT Nümayəndəliyini və s. Hətta bunu prioritet formaya, estafet xəttinə belə salıblar. Məsələn, bir erməni öz biznes dövriyyəsini genişləndirmək əvəzinə Konqres, Senat seçkilərində şanslı olan namizədin təbliğatına pul qoymağı daha üstün sayır. Ki, sabah yeni-yeni Kozlariçlər, Elena Teoxaruslar, Yorqaz Perdikslər yetişsin, istifadəyə yarasın. Nə təəssüf, yaradıqları da dəqiqdir. Etirafı acı olsa belə.

***

Təbii, Türkiyəyə qarşı Haaqa formatlı tribuna yaratmağa, ona kompensasiya ödətməyə müvəffəq olmayacaqlar. Zatən özləri və ilhamvericiləri də etiraf edirlər ki, əsas hədəf Avropa Birliyi yolunda Ərdoğana əngəl yaratmaqdır. Amma bu "fikir dağarcıqları”nın umurunda belə deyil ki, qarşı tərəfdə sübutuna çoxdan varmış əsl həqiqət, əsl Türk faciəsi - Xocalı soyqırımı var. Danışılmalı mövzu bax budur. O mövzu ki, saxta "erməni soyqırımı”ndan fərqli olaraq dünyanın nəhəng parlamentləri tərəfindən tanınıb, hüquqi olmasa da siyasi qiymətini alıb. O həqiqət ki, Dağlıq Qarabağ probleminin varlığından köz götürüb və bu gün onun həll edilməsi kontekstində əlaqələndiriciliyə məsul həmsədr dövlətlərdən biri də məhz Fransadır! Bəli, paradoksdur – amma faktdır. Təxminən Nalbandyanın Fransada uzun illər səfir işləməsindən, daha dəqiqi erməni xisləti azmış kimi bir də fransız "təkamülü” keçməsindən sonra danışıqlarda özünü ədalət, güzəşt, kompromis mücəssiməsi kimi göstərməyə çalışması kimi absurd bir fakt. Üstəlik, abstraktlıqdan çıxdığı zaman heç bir sinxronizəyə sığmayan qorxunc fakt!

***

Ölkədə hətta diplomatik pasport daşıyanların ailə üzvlərinə belə vizanı 2 həftəyə verərkən, Leyla Yunus, Arif Yunus üçün bu sənədi 17 dəqiqəyə təşkil edən ölkə - Fransa. Qənimətin, Vidadi yaramazın sığındığı, hüquq məsuliyyəti daşımadığı ölkə - Fransa. Öz "sarıjiletlilərinin” dərdini çəkmək əvəzinə həmin darmacalda bizlərə Mehman Hüseynovla bağlı "məsləhət” verməyi unutmayan ölkə – Fransa. Milli münaqişələr zəminində hər kəs üçün "səs qalxımı” embarqosu tətbiq edərkən Strasburqda, Avropa Şurası binasının düz önündə erməni, kürd aksiyaçılarına rahatca şərait yaradan ölkə – Fransa. ATƏT-in Minsk Qrupunun həmsədri olub o biri başdan öz şəhər merini, bələdiyyə rəhbərini işğal altında olan Dağlıq Qarabağa səfərə göndərən ölkə – Fransa. Hətta milli Türk brendinə belə qısqanclıqla yanaşıb, patent hüququna göz yumub Paris küçələrində erməni loqolu dönərxanalar, künefe evləri açan ölkə – Fransa. "Beşlik ölkəsiyəm”, "demokratiya carçısıyam” deyib də yüz qanlı münaqişədə, milyon qarşıdurmada beşcə yaralı barmağa yod sürtməyən ölkə – Fransa....

***

Təbii, "söyüş müxalifəti”nin mərkəzi qərərgahı da "məntiqlə” burada olmalı idi. Olub da.

Vidadikimilərə isə öncədən başa salıblar ki, sizin kimi ünsürlər üçün xaricdə oturum izni əslində təlimatçıların, təşviqedicilərin qucağında oturmaq iznidir. Siz ancaq tapşırıq qulusunuz, verilən əmrləri icra etməlisiniz, hakimiyyəti, Azərbaycanın dəyərli insanlarını hədəfə alıb təhqir etməlisiniz və yalnız sadalanan icraatın müqabilində təhlükəsizliyiniz təmin ediləcək. Bax, buna görə arxayındırlar. Buna görə rahatdırlar. Buna görə diz üstündən ağıl üstünə dığırlanmaq istəmirlər. Buna görə şəxsiyyətlərini, namuslarını hərraca çıxarıblar...Həm də böyük məmnuniyyətlə! Hər halda, başqa cür olsaydı bircə dəfə dillərinə, ağızlarına Qarabağ adı alardılar, yarım dəfə elə qaldıqları komadan, çuxurdan başlarını kənara çıxarıb saxta "erməni soyqırımı”na etiraz edərdilər, Xocalı qətliamından danışardılar, ortaya əks-arqument qoyardılar, azərbaycanlı, türk adına layiq davranardılar, mental dəyərləri çeynəməzdilər. Amma yox, ssenari başqadır: cızıqdan çıxmaq olmaz. Hədəfdə Azərbaycan hakimiyyəti olmalıdır. O hakimiyyət ki, illərdir bir fövqəldövlətin, bir beynəlxalq gücün, bir təşkilatın qarşısında boyun əymir, əyməyib, bundan sonra da əymək fikri yoxdur!

"Söyüş müxalifəti”nin manqurt simaları, züy tutanları isə qulaqlarındakı üçüncü deşiyə bu deyəcəyimi sırğa etsinlər: İlham Əliyev indiyə qədər milyon belə qara ssenarini nəinki dəf, hətta ifşa etməyə nail olub. Xalqın dəstəyi və şəxsi iradəsi ilə. Yol yenə həmin yoldur – xalqa sığınmaq, ona güvənmək yolu!

Vətən xainlərini isə bir gün yerin deşiyindən də olsa tapıb, gətirib, məhkəməyə təslim edəcəklər.

Fəqət, ekstradisiya formasında deyil, karqo ilə. Paket içində.

İnsanlıqdan uzaq, hissiyyatsız, mənəviyyatsız, gönüqalın ƏŞYALARIN tək daşınma yolu budur – ona görə...

 Elşən Musayev, Milli Məclisin deputatı.

Xəbər 904 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR