Xalq-Prezident birliyi Azərbaycanın uğurlarının əsas şərtidir

Xalq-Prezident birliyi Azərbaycanın uğurlarının əsas şərtidir

Prezident İlham Əliyevin  vətənpərvərlik, birlik ideallarına sadiqlik kimi xüsusiyyətləri ölkəmizin və xalqımızın parlaq gələcəyini, dövlətimizin davamlı tərəqqisini şərtləndirir. Başqa sözlə, dövlətimizin başçısı son 17 ildə özünü təsdiqləyən   müdrik lider, tarixi şəxsiyyət olaraq, xalqının parlaq, xoşbəxt gələcəyinin qarantına çevrilib. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində müstəqil dövlət quruculuğu istiqamətində önəmli tədbirlər gerçəkləşdirilib, siyasi sabitlik möhkəmləndirilib, yüksək iqtisadi artım tempinə nail olunub. Bir sözlə, Azərbaycan qısa müddətdə dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına qoşulub.   

AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov AZƏRTAC-a bildirib ki, son 17 ildə Prezident İlham Əliyev mürəkkəb geosiyasi reallıqlar fonunda müdrik xarici siyasət kursu reallaşdırmaqla ölkəmizin beynəlxalq aləmdə yerini, nüfuzunu getdikcə möhkəmləndirib. Azərbaycan bu müddətdə uzun dövr davam edən Dağlıq Qarabağ kimi ağır bir problemin həlli üçün ciddi mübarizə aparıb, hərbi sistemini gücləndirib və 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanaraq, bölgədə yeni reallıqlar yaradıb. Eyni zamanda, xalqımızın milli maraqlarının  və milli təhlükəsizliyinin təminatçısı olaraq dərin sevgisini qazanıb. 

E.Bağırov deyib: "Ermənistanın işğalçı siyasəti üzündən uzun illər Azərbaycan torpaqlarını işğal altında qaldı. Ayrı-ayrı vaxtlarda erməni faşistlərinin ölkəmizə qarşı hücumları, təxribatları Azərbaycanın səbir kasasını daşdırdı. Nəhayət, Prezident İlham Əliyevin qətiyyəti, Silahlı Qüvvələrimizin güc-qüdrəti ilə Vətən savaşında qələbəyə imza atıldı, xalqımız arzusuna çatdı, torpaqlarımız işğaldan azad olundu. Bununla da dünya birliyi Azərbaycan dövlətinin nəyə qadir olduğunu gördü və onunla hesablaşmaq məcburiyyətində qaldı”. 

Azərbaycanın tarixi Qələbəsi eyni zamanda göstərdi ki, xalqımız taleyüklü məsələlərdə birlik nümayiş etdirməyə, müstəqilliyimiz, suverenliyimiz uğrunda mübarizə aparmağa qadirdir. Uzun illər ərzində işğal etdiyi ərazilərimizdə mövqelərini möhkəmləndirən düşmənlə döyüşlərdə Ordumuz rəşadətlə, cəsarətlə döyüşməyi bacarır. Əlbəttə, bu uğurlar hər bir azərbaycanlını ruhlandırır və dövlətimizin başçısının ətrafında daha sıx birləşməyə sövq edir. 

Bu müharibədə qələbəmizin əsasında möhtərəm dövlət başçımızın qətiyyəti, müdrik siyasəti, Silahlı  Qüvvələrimizin güc-qüdrəti nə qədər mühüm əhəmiyyətə malik idisə, xalq-Prezident-ordu vəhdəti, birliyi də bir o qədər önəm daşıdı. 

Beləliklə, Vətən müharibəsində qazanılan möhtəşəm qələbə  Azərbaycan Prezidenti İlham Əliyevin 17 il ərzində apardığı xarici və daxili siyasətin, ordu quruculuğu sahəsində fədakar fəaliyyətinin, beynəlxalq aləmdə həyata keçirdiyi uğurlu diplomatiyanın məntiqi nəticəsidir.

Ali Baş Komandan İlham Əliyevin dönməz iradəsi, müasir silah və sursatla təmin edilmiş Azərbaycan Ordusunun rəşadəti, xalqın dövlət başçımızın və Ordumuz ətrafında yumruq kimi birləşməsi Azərbaycan xalqına belə bir tarixi qələbə sevincini bəxş edən əsas amil oldu.

Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsini parlaq qələbə ilə başa çatdırmasını şərtləndirən digər bir amili də diqqətə çatdırmaq istərdim. Bunlara Silahlı Qüvvələrə döyüş hazırlığının bütün tələblərini yerinə yetirmək üçün əlverişli şərait yaradılması, irimiqyaslı təlimlərin keçirilməsi, ordunun Ali Baş Komandanın diqqəti və səyi nəticəsində müasir silahlarla silahlandırılması, artilleriya və aviasiyanın, eləcə də digər sahələrin inkişaf etdirilməsi daxil edilə bilər.

Burada bir tarixi həqiqəti də qeyd etmək istərdim. Belə ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaşanan xaos, özbaşınalıq da ermənilərin torpaqlarımızı tapdaq altına salmalarına şərait yaratdı. Dövlətimizin başçısı çıxışlarında bu barədə dəfələrlə danışaraq bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın başında duranlar ordu quruculuğuna fikir vermirdilər, ölkəmizi xaosa, anarxiyaya sürükləyirdilər. O illərdə torpaqlarımız işğal altına düşəndə ovaxtkı hakimiyyət vətəndaş müharibəsi başlamışdı, AXC-Müsavat cütlüyü öz əsgərlərini əsir götürmüşdü, Gəncəni bombalamışdı. Ona görə də erməni təcavüzkarlarına torpaqlarımızı işğal etmək fürsəti yaranmışdı.

Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında da bu barədə deyib: "Biz bu torpaqları vaxtı ilə, 1990-cı illərin əvvəllərində itirdik. Çünki idarəetmə yox idi, ordu yox idi və burada Bakıda 1992-ci ildə minlərlə adam mitinqlərə çıxırdı, amma orada mövqelər boş qalırdı. Vətəndaş müharibəsini o vaxt Xalq Cəbhəsi başlayıb, Azərbaycan əsgərlərini əsir götürüb, o vaxt da bizim torpaqlarımız işğal altına düşmüşdü. Hakimiyyət uğrunda mübarizə gedirdi...”.

Beləliklə, xalq-Prezident birliyi Azərbaycanın apardığı 44 günlük müharibədə tarixi və misli görünməmiş parlaq qələbəsini şərtləndirdi, bununla da təkcə xalqımızın deyil, həm də regionun inkişafında yeni mərhələ başlandı”.
Xəbər 1556 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR