"Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımız Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaqla Qələbəmizə layiqli töhfə verdilər"


İki gündən sonra tarixə qovuşacaq 2020-ci ildə dünya koronavirus pandemiyası ilə üzləşdi. Bu bəlaya qarşı ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edən Azərbaycanın qlobal müstəvidə fəal rolu diqqət çəkdi. Ölkə rəhbərliyinin gördüyü tədbirlər respublikamızda yeni növ virusun törətdiyi xəstəliyə qarşı mübarizəni ən yüksək səviyyədə təşkil etməyə, eyni zamanda, iqtisadi böhranın qarşısını almağa, iqtisadi sabitliyi qoruyub saxlamağa imkan yaratdı.  
Hazırda da qlobal böhranın ölkəmizdə daha az hiss olunması məqsədilə bütün istiqamətlərdə lazımi qabaqlayıcı tədbirlər davam etdirilir, vətəndaşlara geniş həcmdə maddi və sosial yardımlar göstərilir.  
AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru  Emin Bağırov daha sonra dedi ki, bu il Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan bir hadisə isə 30 ilə yaxın bir dövrdə işğal altında saxlanılan torpaqlarımızın azad edilməsidir: "Bu barədə bir qədər geniş danışmaq istərdim. Belə ki, sentyabrın 27-də  Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək bu barədə məlumat verdi. Döyüşlərin   ilk günü Murovdağ və Ağdərə istiqamətlərində strateji yüksəkliklər və bir sıra kəndlər işğaldan azad olundu. Ümumiyyətlə, Vətən müharibəsinin 44 günü ərzində – sentyabrın 27-dən noyabrın 9-dək rəşadətli Azərbaycan Ordusu 5 şəhəri, 4 qəsəbəni və 286 kəndi erməni işğalçılarından təmizlədi”.  
Emin Bağırovun bildirdi ki, müharibədə Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olacağını anlayan düşmən məğlubiyyətini etiraf etmək məcburiyyətində qaldı. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanatla 30 ildən artıq davam edən münaqişəyə, torpaqlarımızın işğalına son qoyuldu, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatı şərtləndirildi. Bəyanatın müddəalarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması elan edildi. Bu il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları mərhələ-mərhələ Azərbaycan Respublikasına qaytarıldı.  
Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində parlaq qələbəyə həsr olunan Zəfər paradı keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan paradda iştirak etdilər.
Dövlətimizin başçısı İlham Əliyev Dünya azərbaycanlılarına təbrikində bu barədə dedi: "Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir”.
Müzəffər Ali Baş Komandanın təbrikində vurğulandığı kimi, bu möhtəşəm Qələbə Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətinin, xalqımızın iradəsinin, ordumuzun qələbə əzmi və əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunun məntiqi nəticəsidir. Hazırda  Silahlı Qüvvələrimizin ərazi-relyef baxımından son dərəcə mürəkkəb şəraitdə və qısa müddətdə həyata keçirdiyi "Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə düşərək aparıcı hərbi mərkəzlər və mütəxəssislər tərəfindən diqqətlə öyrənilir, təhlil olunur.
Emin Bağırov söhbətinin sonunda bir məqmı da xatırladaraq,  Vətən müharibəsi günlərində xaricdə yaşayan soydaşlarımızın ürəklərinin daim Azərbaycanla döyündüyünü vurğuladı. O,   soydaşlarımız tərəfindən ermənilərin və onların havadarlarının  Azərbaycana yönələn böhtan və yalanlarının kəskin etirazla qaşılandığını, Qarabağın tarixi, münaqişənin səbəblərinin dünyaya çatdırıldığını, düşmənin bütün avantüra, qarayaxma kampaniyalarının, təzyiq cəhdlərinin qarşısının qətiyyətlə alındığını, xalqımızın beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında haqq savaşı apardığınə bildirildi.
Dövlətimizin başçısı İlham Əliyev Dünya azərbaycanlılarına təbrikində də diqqəti bu məqama yönəldərək xatırlatdı: "Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur”.
Xəbər 2397 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR