"Uğurun açarı-Özgüvən" adlı tədbir keçirildi – FOTOLAR


Atası ispan mənşəli Güney azərbaycanlısı, anası iranlı olan Sara Pour həyatını iki dönəmə ayırır. Öncədən yaşadıqları və həyata baxışını dəyişən bir motosiklet qəzasından sonrakı yaşantıları...

Bu qəzadan sonra həyatının əlifbasını təzədən yazmış və təkamül yoluna çıxmağa cəsarət tapan Saranın valideynləri 13 il öncə İrandan Türkiyəyə köçüblər. Azərbaycan dilini bildiyindən, Saraya Türkiyədə yaşamaq çətin olmur. Ankarada Osman Qazi Universitetinin əczaçılıq fakültəsini bitirir. Universitetdə təhsil alarkən 3 il aktyorluq dərsləri də alır və Ankaradan İstanbula- heç tanımadığı, bilmədiyi bir şəhərə köçür. 2 il sonra İtaliyaya gedib şüuraltı təmizlik və hipnoz dərsləri alır. Dönəndən sonra motosikletə olan maraqdan dolayı onu sürməyin də dərslərinə gedir və motosikletli həyatına başlayır. Dünyanı, həyatı vecinə almır, ancaq öz işilə məşğul olur. Amma 4 il öncə keçirdiyi qəza zamanı saniyələrin ona saat kimi gəldiyi dönəmdə, hər şeyin bitdiyini, həyatın nə qədər qısa olduğunu düşünərkən şüuraltı "qorxma, mən yanındayam” hissləri onu həyata bağlayır. "Əgər sağ qalsam, həyatımı dəyişdirərəm”—deyə özünə söz verir. "O gündən İtaliyada aldığım hipnoz və şüuraltı dərslərində öyrəndiklərim üzərində çalışmağa başladım. Və qarşılıqlı münasibətlər üzərində çalışdım. Yollaşmalardakı münasibətləri çözməyə, insanlara yol göstərməyə çalışdım və istədiyimə nail oldum”, -deyir Sara. Bu fikirlər NevBaku otelində Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırovanın təşkilatçılığı ilə baş tutan "Uğurun açarı-Özgüvən" adlı çox maraqlı, pozitiv enejri bəxş edən konfransda səsləndirildi. Sosial mediadan çıxış və paylaşımlarını izlədiyimiz tanınmış yazar Sara Hourla keçirilən görüşdə insanın daxili aləmi ilə səsləşən məsələlər ətrafında maraqlı fikir mübadiləsi oldu. Dəyərli ziyalı xanımların, mediya nümayəndələrinin, gənclərin iştirakı ilə keçən görüşdə Sara xanımı görmək və dinləmək həqiqətən də xoş idi. Çünki, bəzən sürdüyümüz həyat, enerji və ürəklərimizdəki ümidləri yenidən cücərtmək və qaldığın yerdən davam edə bilmək üçün bu cür motivasiya xarakterli çıxışlara hər kəsin ehtiyacı olur. Sara Pourun özgüvən, işığa doğru getmək, müsbətə doğru dəyişmək və hədəfə çatmaq üçün ustad dərslərdən aldığı bilgilər istinad edib verdiyi tövsiyə və həyatda baş verən örnək hekayələr həqiqətən də insanda başqa əhval ruhiyənin oyanmasına təkan verən amil kimi qəbul edilə bilər. Həmişə xanımların yanında olan, onların problemlərinə ilk səs verən və qucaq açan, insanlığa dəstək olan millət vəkili Qənirə Paşayeva öz fikir və mülahizələri, həyata yenidən, daha güclü atılmağın yolları barədə söylədikləri bu görüşdə heyranlıqla dinlənildi. Ailə ilə bağlı, iş dünyasında çalışmağın çətinliklərini sadə dillə izah edən Q. Paşayevanın düşüncələri, gətirdiyi misallar, əslində, Sara xanımın söylədikləri ilə üst-üstə düşürdü. Sara Pour 5 dəqiqəlik psixoloji seans da keçdi, "hər şeydə gözəllik görün,”- dedi. Onun fikirləri, yaşam fəlsəfəsi budur ki, insan baxdığı zaman istədiyini, arzusunu, düşüncəsinə uyğun olanı görsün. Neqativ düşüncələri özündən kənar etsin, pozitiv düşünsün ki, pozitiv qarşılıq alsın. Konfransın əsas məqsədi qadınlarımıza özgüvənlik aşılamaq, uğur qazanmağın yollarından danışmaq, özü ola bilmək, yalnız irəliyə doğru, pozitiv düşünərək, uğur əldə edəcəyinə inanaraq addımlamaq lazım olduğunu bildirmək, var olan hər şeyimizi itirmədən dəyərini bilməyin vacibliyini bir daha vurğulamaq idi. Sara Pour deyir ki, bunları qazanmaq üçün isə, hər şeydən əvvəl özünü tanımalısan. Özünü tanımadan xoşbəxt ola bilməzsən. İnsan şüuraltını bir tarlaya bənzətsə, ora bir toxum əkib böyütsə, onu bir anda çıxarıb atmaq çətin olar. Ona görə öncə ağacın qol- budaqlarını kəsmək, seyrəltmək, zamanı çatanda isə kökündən çıxarıb yerinə lazım olan toxumu əkmək lazımdır. İnsanın da dəyişməsi birdən-birə mümkünsüzdür. Dəyişiklik üçün addım-addım irəliləmək, özünə inanaraq dəyişmək lazımdır. Sara Pour ona ünvanlanan sualları cavabladı. Hiss olunurdu ki, xanımlarımızın düşüncəsi, həyata, hadisələrə baxışı, məntiqi fikirləri onu heyran edib. 4 saatlıq görüşdə vaxtın necə sürətlə keçdiyini də bilmədik. Tədbirin pozitivliyi xanımların simasında pozitivliyə qarışmışdı.











Xəbər 51 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR