“Türkiyəyə hücum həm də türk dövlətlərinə qarşı sayğısızlıqdır”

“Türkiyəyə hücum həm də türk dövlətlərinə qarşı sayğısızlıqdır”

Qüdrət Həsənquliyev: "Dünyanın ən böyük gücünün ədalətsiz olması isə haqlı olaraq beynəlxalq birlikdə ciddi narahatçılıq yaradır, beynəlxalq hüquqa hörmətin aşağı düşməsinə və zorakılığa yol açır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edirik:

- Qüdrət bəy, Baydenin 1915-ci ildə Osmanlı imperatorluğunda baş verənləri "erməni soyqırımı” adlandırmasına münasibətinizi bilmək istərdik.

- Bayden ilk dəfə bu barədə danışanda demişdim ki, bu adam yalnış qərarları ilə təkcə ABŞ üçün deyil, onun müttəfiqləri və bütövlükdə dünya üçün ciddi problemlər yaradacaq. Bu gün Ukraynada yaşanan qanlı olaylara görə də onun məsuliyyəti çox böyükdür. Bayden başa düşmür ki, tarixi faktların obyektiv araşdırılması üçün Ermənistana Türkiyə ilə birgə komissiyanın yaradılmasını və həmin komissiyanın gəldiyi nəticəyə uyğun vahid mövqenin sərgilənməsini tövsiyə etmək əvəzinə ermənilərin könlünü oxşayan bəyənatlar verməsi dünyada ABŞ-ın nüfuzuna zərbə olmaqla yanaşı, ona olan inamı sarsıdır. Regionda ən böyük müttəfiqi olan Türkiyəyə bu formada hücum həm də türk dövlətlərinə qarşı sayğısızlıqdır. Məhz bu kimi əməllərinə görə, Baydenə və ABŞ-ın ədalətinə öz müttəfiqləri arasında da olan inam itməkdədir. Dünyanın ən böyük gücünün ədalətsiz olması isə haqlı olaraq beynəlxalq birlikdə ciddi narahatçılıq yaradır, beynəlxalq hüquqa hörmətin aşağı düşməsinə və zorakılığa yol açır. Dünyaya nümunə olmalı olan ABŞ-da ölkənin və dünyanın maraqlarından çıxış edə bilən ədalətli və enerjili, sağlam düşünə bilən insanların siyasi olimpə yüksəlişini təmin edə edəcək radikal siyasi islahatlar aparılmalıdır. Cəmiyyəti iki hissəyə bölmüş, siyasi rəqabəti qanlı düşmənçiliyə çatdırmış və çürümüş ikipartiyalı siyasi sistemə ABŞ-da son qoyulamlıdır.

- Azərbaycanda necə, siyasi islahatlara ehtiyac varmı?

- Əlbətdə, var. Biz Konstitusiya islahatlarına getməklə parlamentli respublika modelinə keçməli, yerli dövlət hakimiyyət orqanlarının başçıları birbaşa xalq tərərfindən seçilməli, proporsional seçki sistemi bərpa olunmalı, məhkəmə-hüquq islahatları dərinləşdirilməlidir. Bu islahatlar həm də iqtisadi islahatları qaçılmaz edəcək, bazar iqtisadiyyatına keçidi, iqtisadiyyatın əsas sahələrinin dövlət inhisarından çıxarılmasını təmin edəcəkdir. İslahatlar iqtisadiyyatımızı gücləndirəcək, sosial ədalətin və sosial dövlət quruculuğunun təmin olunmasına zəmin yaradacaq.

- Qüdrət bəy, son vaxtlar cəmiyyətdə ayrı-ayrı təxribatçı qüvvələrin canlanmasını müşahidə edirik, bu barədə nə deyə bilərsiniz?

- Bəzi şəxslər ədəbsiz davranışları ilə özlərini Azərbaycanda sabitliyi pozmaq istəyən xarici güclərin hədəfinə gətirirlər. Onlara qarşı zor tətbiq etməklə, hətta onları şikəst etməklə, yaxud öldürməklə sabitliyi pozmağa cəhdlər edilə bilər. Mən bilirəm ki, onların çoxunu sadəcə bu cür davranışa vadar edirlər. Əgər kiminsə şikayəti onun düşüncəsinə görə obyektiv araşdırılmırsa həmin orqanın fəaliyyətinə nəzarət edən orqanlara müraciət edilməlidir. Bu edilmirsə, deməli məqsəd obyektiv həqiqəti üzə çıxarmaq deyil. Hamı nəzərə almalıdır ki, tərbiyəsizlik və ağır təhqirlər həm də zorakılıq doğura bilər. Ədəbsizliklə, təhqirlərlə necə obyektiv qərarların qəbuluna nail olmaq olar? Tərbiyəsizliklə necə sivil cəmiyyət qurmaq, yaxud bunu qanunun aliliyi uğrunda mübarizə kimi təqdim etmək olar? Ermənipərəst ölkələrə sığınıb vətənpərvərlikdən danışanlar, tərbiyəsizliyi qəhrəmanlıq hesab edənlər Azərbaycan cəmiyyətindən dəstək ala bilməzlər. Azərbaycan balaca ölkədir, burada hamı kimin nə ilə nəfəs aldığını yaxşı bilir.
Bizdə həm də yersiz radikallığa sövq etməklə yeni siyasi "liderlər” yaratmaq təcrübəsi (hətta həmin "liderlər” döyülsə, təhqir olunsa, həbsə atılsa belə) özünü doğrultmur.
Kiminsə əlində oyuncaq olub, pis əməllər hesabına populyar olmaq istəyənlər nəzərə alsınlar ki, ölkəmizdə Prezidentə və dövlətə sadiq, sabitliyi təmin edən güc strukturları, təhlükəsizlik xidməti var və onların başında təcrübəli şəxslər dayanır. Bu cür təxribatlarla nə həmin dövlət orqanlarını nə də onların başında dayanan şəxsləri gözdən salmaq olmaz. Kimin nə vaxt istefaya göndərilməsini, yaxud daha yüksək vəzifəyə irəli çəkilməsini də ədəbsiz uşaqlar yox, Prezident müəyyən edir. Hazırda əsas vəzifə həmin təxribatçı uşaqları ortaya atanların tapılıb cəzalandırılması olmalıdır. Yalnız yaxşı işlərdə iqtidardan geri qalmadığını, digər məsələlərdə isə ondan üstün olduğunu cəmiyyətə sübut etməklə onun rəğbətini və siyasi dəstəyini qazanmaq olar.

Xəbər 1050 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR