Türkiyədə kritik seçkilərə 1 il qalmış - CHP AKP-nin şansını “yeyir”?

Türkiyədə kritik seçkilərə 1 il qalmış - CHP AKP-nin şansını “yeyir”?

Türkiyədə növbəti prezident və parlament seçkilərinə (iyun 2023) bir il qaldı. Bu arada MAK sorğu mərkəzinin keçirdiyi nəticələrə əsasən hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə ana müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) arasında reytinq fərqi 1,2 faizə düşüb.

Belə ki, qurumun may ayında keçirdiyi plebissitin nəticələrinə görə, vətəndaşlardan hansı siyasi partiyaya səs verəcəkləri soruşulub. AKP 28,3% səslə birinci, CHP isə 27,1% səslə 2-ci olub. Yəni aradakı fərq 1,2% təşkil edib. Həmçinin öz mövqeyini müəyyən etməmiş seçicilərin müxalifətə daha yaxın olduğunun müəyyən edildiyi bildirilir.

Xatırladaq ki, 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərində Ərdoğan seçicilərin 52%-dən çoxunun dəstəyi ilə birinci turda qalib gəlmişdi. Parlament seçkilərinin nəticəsi də təxminən eyni olmuşdu - "Cümhuriyyət alyansı” (AKP-MHP) 53%-lə qalib olmuşdu.

Bəs bu sorğu nə dərəcədə gerçəyi əks etdirir? Ərdoğanın, AKP-nin reytinqi doğrudanmı azalır? İndiki prezidentin və hakim partiyanın bir il sonrakı qələbəsinə ən böyük maneə nə ola bilər - iqtisadi amil, inflyasiya, yoxsa...

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev bu nəticələrin hər şey demək olmadığını söylədi: "İlk öncə onu qeyd edim ki, sorğu mərkəzlərinin nəticələri heç də tam mötəbər əsas kimi götürülməməlidir. Ələlxüsus da hələ seçkiyə 1 il qalmışsa. Niyə? Çünki əvvəla, həmin bir il ərzində çox şey dəyişə bilər. İkincisi, beynəlxalq seçki praktikası da təsdiq edir ki, səs faizi nisbətinin təbliğat dönəmində ciddi şəkildə sağa-sola oynaması mümkündür. Və ən nəhayət, sorğu mərkəzlərinin özünün də alternativi olmalıdır, daha dəqiqi, prosesi ən az 3-4 mərkəz qiymətləndirməlidir ki, ortaq məxrəcə gəlmək mümkün olsun.

Elşən Musayev:

Elşən Musayev: "Ərdoğan son dərəcə zəki siyasətçidir, seçki ərəfəsində...”

Mənim şəxsi qənaətim ondan ibarətdir ki, Rəcəb Tayyib Ərdoğan növbəti seçkilərdə əvvəlkilərdən daha rahat qələbə qazanacaq. Ən azından keçən bələdiyyə seçkilərindəki boşluqlar AKP tərəfindən təkrarlanmayacaq. Üstəlik, Ərdoğan son dərəcə zəki siyasətçidir və seçki ərəfəsində apara bildiyi fantastik təbliğatla istənilən vəziyyəti müsbətə doğru, komandasının xeyrinə dəyişə biləcək insandır.

Yaxşı bəs CHP-nin keçən bələdiyyə seçkilərindəki uğurunun - o mənada ki, böyük şəhərlərin bir çoxunu qazana bildi - səbəbi nə idi? Kadr vizyonunun düzgün seçilməsi. Bu istiqamətdə CHP-nin siyasi seleksionerləri çox ciddi işləmişdilər. Ona görə də İstanbul, Ankara, İzmir kimi şəhərlərdə qələbə qazana bildilər. İndi isə durum fərqlidir və ən əsas səbəb də budur:CHP-nin kadr məsələsində vizyon seçimi düzgün olsa da, qələbə qazanan namizədlər gələcək etapda xüsusi nəticələrlə yadda qalmadılar, qlobal siyasətə nüfuz edə bilmədilər. Bəlkə də bunun üçün təcrübə yetmədi, ya da səbəb tam başqadır - bilmirəm. Amma fakt faktlığında qalır ki, məsələn, İstanbul Əkrəm İmamoğlunun zamanında ən uğursuz bələdiyyə dövrünü yaşadı və yaşamağa davam edir. Həmin arada isə AKP daha da gücləndi, daha layiqli olduğunu sübut etdi. Eyni zamanda, cənab Ərdoğan regionda apardığı düzgün və mükəmməl siyasətlə, ələlxüsus da 2-ci Qarabağ savaşında Azərbaycana verdiyi siyasi-mənəvi dəstəklə özünün və partiyasının nüfuzunu daha da artırdı və nəinki Azərbaycan və Türkiyə vətəndaşlarının, hətta bütün Türk dünyasının rəğbətini qazandı. Üstəlik, Rusiya-Ukrayna konfliktinə, müharibəsinə münasibətdə də  Ərdoğan çox müdrik davrandı və Türkiyə dövlətinin, eyni zamanda regionun maraqlarına uyğun qərarlar verdi. Ona görə də hesab edirəm ki, əsas məsələ hansısa sorğu mərkəzinin hasil etdiyi nəticə deyil, əsas - reallıqdır. Reallıq isə bunu deyir ki, Ərdoğan və onun komandası növbəti seçkilərdə çox böyük üstünlüklə qalib gələcək".

Əhəd Məmmədli: İsrail bütün etdiklərinin bədəlini ödəyəcək - Islam Times

Əhəd Məmmədli: "Yenə də AKP, Ərdoğan qalib olacaq”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Ərdoğan iqtidarının qalmasını Türk-İslam dünyası üçün daha vacib hesab edir: "Doğrudur, artıq indidən deyilir ki, üzümüzə gələn seçkilərdə Ərdoğan istədiyi səsi qazana bilməyəcək. Bunu müxalif çevrələr daha çox söyləyir. Birinci turda bunun əldə olunmayacağı fikrini irəli sürənlər çoxluq təşkil edirlər. Son sorğular bu fikirdə olanların mövqelərini daha çox gücləndirir. Amma onu unutmayaq ki, seçki və sorğu tamam başqa məsələlərdir. Bəli, sorğularda vətəndaş etirazını ifadə edə bilər. Amma seçici seçki qutusu başına gələndə, biləndəki onun səsi ölkənin taleyini həll edir, o zaman artıq başqa cür düşünməyə başlayır. Ələlxüsus da imperiya xalqlarına bu düşüncə daha çox xas olur. Dünyada çox az sayda imperiya xalqları var. Bunlar türklər, ruslar, ingilislər, fransızlar və digərləridir. Onlar dövlətlərinin taleyini həll edəndə ilk növbədə, dövlət maraqlarını nəzərə alırlar. Ondan sonra soyuducunun dolu olub-olmadığına baxırlar. Nümunə kimi Rusiyanı göstərək. Hamı elə bilirdi ki, iqtisadi sanksiyalardan sonra Rusiya çökəcək. Amma görüldüyü kimi, prezident Putin reytinqinin ən pik dövrünü yaşayır. Çünki ruslar imperiya xalqıdır. Onlar üçün əsas olan dövlətlərinin böyüklüyüdür. Ondan sonra şəxsi, sosial durumu gəlir. Eyni sözləri türklər haqqında da deyə bilərik. Bu baxımdan düşünürəm ki, gələn ilki istər parlament, istərsə də, prezident seçkilərində ”Cümhur İttifaqı", yəni Ərdoğan-Baxçalı birliyi qalib gələcək. Yenə də hər şey öz vəziyyətinə qayıdacaq.

Hakimiyyətə gələndən sonra Ərdoğanın, yaradılandan bu günə qədər ən aşağı reytinqini yaşayan AKP-nin məsələsinə gəlincə, təbii ki, burada iqtisadi və sosial durum əsas rol oynayır. Orada qiymətlərdə artımlar müşahidə olunur, qazın qiymətinin qalxdığının şahidi olduq. Bu da daha çox Amerikanın Türkiyəyə basqısından irəli gəlir. Dünyada olan vəziyyət, Rusiya-Ukrayna müharibəsi də rol oynayır. Türkiyənin əsas gəliri turizmdir. Bu il isə Antaliyaya gələn turistlər rekord vurublar. Bir növ rusların əvəzindən almanlar qardaş ölkəyə təşrif buyurublar. Bir tərəfdən Türkiyə iqtisadi zərbələr alsa da, digər tərəfdən inkişaf etməyə davam edir. Türkiyədəki seçkilər təkcə o ölkənin taleyində rol oynamayacaq. Həm də Türk-İslam dünyası üçün çox vacib seçkilərdir. Bir növ Türk-İslam dünyasının müqəddəratını müəyyənləşdirəcək. Azərbaycan üçün də bu seçkilər çox önəmlidir. İnşallah, yenə də AKP, Ərdoğan qalib olacaq. Bu qələbə Türkiyə kimi Azərbaycana da, əvvəldə dediyim kimi, Türk-İslam dünyasına da aiddir".


Xəbər 1363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR