Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Naxçıvan Muxtar Respublikasına səfər edib.
Aktual.az-ın məlumatına görə, iyulun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Cahit Bağçı ilə görüşüb.
Azərbaycan – Türkiyə dostluq və qardaşlıq əlaqələrindən bəhs edən V. Talıbov ikitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının özünəməxsus yeri olduğunu, bir çox istiqamətdə əməkdaşlığın inkişaf etdiyini qeyd edib, Zəngəzur dəhlizinin açılmasının və Qars-Naxçıvan dəmir yolunun tikintisinin əhəmiyyətini vurğulayıb.
Ali Məclisin Sədri iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəldiyini bildirib, Şuşa Bəyannaməsinin yüz il bundan əvvəl imzalanan Qars müqaviləsinə əsaslandığını diqqətə çatdırıb, səfirin Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində, səfir Cahit Bağçı İkinci Qarabağ müharibəsində tarixi qələbə münasibətilə təbriklərini çatdırıb, şəhidlərə rəhmət diləyib. Qələbənin "Türk qapısı” adlandırılan Naxçıvanın strateji əhəmiyyətini bir daha ön plana çıxardığını vurğulayan Cahit Bağçı Azərbaycan-Türkiyə münasibətlərini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə Türkiyə Respublikasının keçmiş Prezidenti Süleyman Dəmirəl tərəfindən vaxtilə iki ölkə arasında təməli qoyulmuş əlaqələrin davamı kimi dəyərləndirib.
Xəbər 458 dəfə oxunub.