"Trend" agentliyinin direktor müavini koronavirusdan vəfat edib


"Baku Network" Ekspert Şurasının direktoru, "Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini, ehtiyatda olan polkovnik, politoloq Elxan Ələsgərov vəfat edib.

"Report" xəbər verir ki, o, 66 yaşında koronavirus infeksiyasından dünyasını dəyişib.

Qeyd edək ki, E.Ələsgərov 1955-ci il mart ayının 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.

O, Bakı şəhər 150 saylı orta məktəbi 1972-ci ildə bitirib. Ali təhsilini Azərbaycan Texniki Universitetində alıb, rabitə-mühəndisi olub. "Azon” elmi-tədqiqat institutunda və Azərbaycanın Təhlükəsizlik orqanlarında calışıb. Minsk şəhərində yerləşən "Ali məktəbin” məzunudur. 1987-ci ildə Azərbaycan Xarici ölkələrlə mədəni əlaqələr "Dostluq” Cəmiyyətinin, 1988-ci ildə isə Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti – "Vətən” Cəmiyyətinin sədr müavini vəzifəsində işləyib.

E.Ələsgərov Qarabağ müharibəsinin iştirakçısı olub, hərbi rütbəsi polkovnikdir. 2000-2015-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən xarici ölkələrə dəfələrlə uzun müddətli ezamiyyətlərə göndərilib. 2000-2006-ci illərdə Türkiyənin paytaxtı Ankarada və 2008-2015-ci illərdə Niderland Krallığının Haaqa şəhərindəki Azərbaycan Respublikasının səfirliklərində diplomat kimi çalışıb.

O, "Qafqaz Albaniyası” və "Qafqaz”Araşdırma Mərkəzlərinin təsisçisi olub. Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin və Yazıçılar Birliyinin üzvü, 2 kitab, 200-dən çox məqalənin müəllifidir. "Əli və Nino” romanı haqqında Azərbaycanda aparılan ilk elmi araşdırmasına görə, ona filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Allah rəhmət eləsin!

Elxan Ələsgərov
Elxan Ələsgərov
Xəbər 166 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR