Tofiq Əbdülhəsənli – 65

Tofiq Əbdülhəsənli – 65

İstedadlı alim, publisist, ədəbiyyatşünas Tanınmış elm adamı, professor Tofiq Əbdülhəsənlinin 65 yaşı tamam olur

Heç vaxt rahatllıqla, asanlıqla məqsədinə nail olmağa can atmayıb. Çətinlikləri zəhmətlə, inamla, inadkarlıqla və bir də istedadı ilə aradan qaldırmaq qənaətində olub. İstər orta və ali məktəblərdə təhsil alanda, zavodda işləyəndə, istərsə də jurnalist, elmi -pedaqoji fəaliyyətlərində qarşılaşdığı çətinlikləri, necə deyərlər, alın təri, yuxusuz gecələr hesabına aradan qaldırıb. Neçə-neçə uğura seçdiyi sahəyə sonsuz sevgisi ilə imza atıb. Bu məsələdə ailə tərbiyəsi, həmçinin Bakıya qədəm qoyduğu ilk gündən dərddaşı olan həmyerlisi Xəlil Rza Ulutürkün "Müstəqil yaşa ki, müstəqil də fikrin olsun, düşüncən formalaşsın” prinsipi də önəmli rol oynayıb. Bunları deyəndə mən Azərbaycan oxucusunun istedadlı publisist, ədəbiyyatşünas alim kimi tanıdığı, Azərbaycan Yazçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, "Tərəqqi” medallı, Həsən bəy Zərdabi və "Qızıl qələm” mükafatları laureatı, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Azərbaycan dili” kafedrasının müdiri, filologiya elmlər doktoru, professor Tofiq Əbdüləziz oğlu Əbdülhəsənlini nəzərdə tuturam. Tofiq Əbdülhəsənli Neftçala rayonunun qədim yaşayış məskənlərindən olan Pirəbbə kəndində dünyaya göz açıb. Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Təhsil dövrü istehsalatla bağlı olub, eyni zamanda, mətbuatla sıx əməkdaşlıq edib, qəzet və jurnallarda vaxtaşırı müxtəlif mövzularda yazıları dərc olunub, imzasını universitet və fəhlə yoldaşları arasında sevdirə bilib. Təhsilini başa vurmağa az qalmış "Gənclik” nəşriyyatında işə düzəlib. Amma istehsalatdan da kənarlaşmayıb və artıq bu sahə üzrə püxtələşən müxbir kimi elə qəzetdəki fəaliyyətini də iqtisadi yöndə davam etdirib. Tofiq müəllimin ikinci ixtisasa yiyələnməsi– Azərbaycan Dövlət İqtisad Universitetini də fərqlənmə diplomu ilə bitirməsi heç də təsadüfi olmayıb. Bu, gənc yaşlarından istehsalatla bağlı müxtəlif səpgili materiallar hazırladığı üçün sözügedən sahəni daha mükəmməl bilmək istəyindən irəli gəlib. Ona görə də uzun müddət "Azərbaycan” qəzetinin iqtisadiyyat şöbəsinin müdiri olarkən, sonra bu yöndə və bu vəzifədə işini "Respubilka” qəzetində davam etdirərkən dövlətin iqtisadi siyasətinin təbliğinə istədiyi layiqli töhfəni verə bilib: özünün qələmə aldığı, yaxud kənar müəlliflərə sifariş etdiyi yeni neft strategiyası, regionların sosial-iqtisadi inkişafı, ümumiyyətlə, ölkə iqtisadiyyatının bu və ya digər sahələri barədə qeydləri, publisitsik yazıları, müsahibələri həm də bir müasir iqtisadçı təxəyyülünün tələbləri çərçivəsində hazırlandığından geniş oxucu kütləsinin rəğbətini qazanıb. Moskvada Ali Mətbuat İnstitutunun mətbuat kurslarının dinləyicisi olması da Tofiq Əbdülhəsənlinin bu sahədə böyük uğurlar əldə etməsində önəmli rol oynayıb. Amma burada bir məqamı xüsusi vurğulamaq yerinə düşərdi. Tofiq müəllimin iqtisadi publisistikasında təbii olaraq, statistik göstəricilər üstünlük təşkil etsə də, yuxarıda vurğuladığımız kimi, oxunaqlı olub, mürəkkəb fikirlər sadə, anlaşıqlı şəkildə oxucuya çatdırılıb. Fikrimcə, bu, müəllifin həm də istedadlı ədəbiyyatşünas olmasından irəli gəlib. Yəni yazılarında iqtisadiyyatı bir növ ədəbiyyata, poeziyaya qovuşdura bilib. Bəlkə də alimin "İqtisadiyyat da poeziyadır” adlı kitab yazması da bundan irəli gəlib. Özü isə bu barədə deyib: "Rəqəmlərin öz nəğməsi, öz poeziyası var. Bu poeziyanı həmişə çətinliklərlə qarşılaşanda, o çətinlikləri aradan qaldırmaq üçün həyatın riyazi düsturlara əsaslanan prinsiplərini köməyinə çağıranda duyursan, hiss edirsən…”. …Ötən əsrin 90-cı illərinin əvvəllərində biz ayrı-ayrı mətbu orqanlarda işləyirdik. Tofiq müəllim "Azərbaycan”, mən isə "Həyat” qəzetində iqtisadi mövzularda materiallar hazırlayırdıq. Tofiq Əbdülhəsənli imzası yazıların əhatə dairəsi, eyni zamanda, oxunaqlılığı ilə diqqət çəkirdi. Onu da deyim ki, həmkarımla şəxsi tanışlığım "Respublika” qəzetinə gəlişindən sonra başlayıb və bu dövrdə Tofiq müəllimin jurnalist fəaliyyəti ilə bərabər, onun elm-tədqiqata, publisistikaya da xüsusi önəm verdiyini görmüşəm. Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Cabir Novruz, Sabir Rüstəmxanlı, Söhrab Tahir kimi görkəmli şairlərimizin yaradıcılığı ilə bağlı tədqiqatlarında insan, onun cəmiyyətdəki mövqeyi, çəkisi, ətrafın fərdlərə təsir qüvvəsi və s. kimi dəyərlərlə bərabər, istiqlal çağırışlarının önə çəkilməsi–müstəqilliyimizin göz bəbəyi kimi qorunması, bu yolda hər cür əzab-əziyyətə, məhrumiyyətlərə, iztirablara mərdliklə sinə gərilməsi həm də müəllifin həyat formulu olması qənaətinə gəlmişəm. Yoxsa, bir yazarın, bir qəzet əməkdaşının illərlə həsrətində olduğumuz azadlığa qovuşmamızda tarixi xidmətləri olan ustadların yaradıcılığının tədqiqini yorulub-usanmadan araşdırmaq, bununla bağlı ardıcıl mükəmməl monoqrafiyalar nəşr etdirmək istəyi gerçəkləşməzdi. Tofiq Əbdülhəsənlinin elmi fəaliyyətinin bu yönü ilə bağlı Azərbaycan UNEC-in kafedra müdiri, iqtisad elmlər doktoru, professor, Şöhrət ordenli, Əməkdar elm xadimi Arif Şəkərəliyev yazır: "Professor Tofiq Əbdülhəsənli öz tədqiqatlarında haqlı olaraq göstərir ki, nə qədər ki, yer üzündə xalqlar öz azadlığı və istiqlalı uğrunda, imperiya zülmündən xilas olmaq uğrunda mübarizə aparır, nə qədər ki, tikanlı məftillərlə iki hissəyə bölünmüş ölkələr, xalqlar var, bu tipli əsərlər həmişə müasir səslənəcək, oxucusunun heç nəyə güzəştə getmədən işıqlı ideallar naminə mübarizə yarağına çevriləcək. Xəlil Rza Ulutürkün yaradıcılığına həsr olunmuş "Mənəvi ucalıq poeziyası” adlı irihəcmli məqaləsində Tofiq Əbdülhəsənli haqlı olaraq qeyd edir ki, lirik qəhrəman şair şəxsiyyətinin estetik ideal qovuşması yolu ilə yaranır”. Yeri gəlmişkən, Azərbaycan dili və ədəbiyyatı haqqında yüzlərlə araşdırmanın müəllifi Tofiq müəllim hələ tələbəlik illərindən müasir ədəbiyyatımızla, xüsusilə də siyasi lirikamızla ciddi maraqlanır, ustadı Xəlil Rza Ulutürkün, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Sabir Rüstəmxanlının yaradıcılığını bir tədqiqatçı marağı ilə izləyirdi. Və bu maraq, həvəs illər sonra çox ciddi, sanballı neçə-neçə elmi işin, dərsliklər və dərs vəsaitlərinin, habelə dörd monoqrafiyanın işıq üzü görməsi ilə nəticələndi: "İqtisadiyyat da poeziyadır”, "Sözün mənəvi qatları”, "Azərbaycan dili”, "İşgüzar yazışmalar”, "Poetik sözün vüsəti”, "Vətəndaş yanğısı”, "İstiqlal işığında” və digər əsərlər oxucu rəğbəti ilə qarşılandı, müəllifə böyük nüfuz qazandırdı. Sonda xatırladım ki, Tofiq Əbdülhəsənlinin Azərbaycanda 100-dən cox, xaricdə isə 35 elmi məqaləsi nüfuzlu elmi jurnallarda çap olunub. Alim 20- dən cox beynəlxalq elmi konfransda iştirak və çıxış edib, həmçinin bir sıra elmi konfransların və bölmə iclaslarının moderatoru olub. * Ömrünün 65 ilini başa vuran Tofiq Əbdülhəsənli bu gün elmi-nəzəri yaradıcılığının, pedaqoji fəaliyyətinin ən səmərəli dövrünü yaşayır. Dönüb ötən aylarına, illərinə nəzər salanda hər bir uğuruna sevindiyi tələbələri ilə, övladları qədər ona əziz, doğma olan əsərləri ilə fəxr edir. Professor Tofiq Əbdülhəsənliyə bu uğurların, bu sevinci günlərin bundan sonra da davamlı olmasını arzulayır, cansağlığı diləyirik.

Vaqif BAYRAMOV

Xəbər 88 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR