Ötən il altı mindən çox qaçqın köç edərkən həyatını itirib

Ötən il altı mindən çox qaçqın köç edərkən həyatını itirib
  • DÜNYA

2017-ci ildə 6018 insan köç edərkən həyatını itirib və ya itkin düşüb.


Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat 2018-ci il Dünya Fəlakət Hesabatında yer alıb. Hesabat Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC), BMT-nin Kosmik Məsələlər üzrə İdarəsi (UNOOSA) və Qlobal vətəndaşlar üçün Pan Gi Mun Mərkəzi tərəfindən Vyanada keçirilən mətbuat konfransında təqdim olunub.

Qeyd edilib ki, əgər ötən əsrin 70-ci illərində dünyada hər il təbii fəlakətlərdən qaynaqlanan 80-100 böhran baş verirdisə, 2017-ci ildə belə böhranların sayı artıq dörd yüzə çatıb. Planetimizdə 2008-2017-ci illərdə 3751 təbii fəlakət baş verib ki, bunların da 84 faizində hava şəraiti əsas rol oynayıb və bu fəlakətlər nəticəsində iki milyard insana müxtəlif dərəcədə zərər dəyib.

Hesabatda, həmçinin bildirilib ki, daşqınlar (1522) və qasırğalar (1000) təbii fəlakətlərin üçdəiki hissəsini təşkil ediblər. 1998-2007-ci illərlə müqayisədə dünyada təbii fəlakətlərin sayı nisbətən azalsa da, bunun əvəzində quraqlıq, ekstremal temperatur dəyişiklikləri, yer sürüşmələri və ya meşə yanğınlarının sayı artıb və fəlakətlərin vurduğu ziyanın miqyası genişlənib. Qeyd edilən 3751 təbii fəlakətdən 40,6 faizinin dünya əhalisinin ən sıx məskunlaşdığı Asiya qitəsində baş verməsi də həssas regionlarda fəlakətlərin daha dağıdıcı təsirə malik olduğunu göstərir. Təbii fəlakətlərin ən çox baş verdiyi regionlar siyahısında sonrakı yerləri Şimali və Cənubi Amerika, eləcə də Afrikanın müxtəlif regionları tutur.

BMT-nin keçmiş baş katibi Pan Gi Mun bildirib ki, dünyada baş verən təbii fəlakətlər zamanı köməyə ehtiyacı olan insanlara yardımların vaxtında və düzgün şəkildə çatdırıla bilməməsi də həmin fəlakətlərin miqyasını böyüdür. 2018-ci ildə dünyanın müxtəlif bölgələrində 134 milyon insanın yardıma ehtiyacı olduğu halda, onlardan yalnız 92 milyon nəfərinə kömək göstərilib. Köməyə ehtiyacı olan 42 milyon insanın bütün yardımlardan kənarda qalması gələcəkdə beynəlxalq təşkilatlar və dövlətlərin daha sıx işləməli olduğuna dəlalət edir.

Dünyanın 198 ölkəsindən və müxtəlif regionlardan əldə edilmiş məlumatlar əsasında iki ildən bir hazırlanan hesabatda son 10 ildə təbii fəlakətlərin ümumilikdə 1,65 trilyon dollar maddi zərər vurduğu qeyd edilib.

Xəbər 52 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR