Sözün və səsin Ağalar Bayramov zirvəsi

Sözün və səsin Ağalar Bayramov zirvəsi

"Heç kəs başqasının şeirini bu cür içdən gələn bir coşqu ilə söyləyə bilməz”
 
O, 1954-cü ildə Ucar rayonun Boyat kəndində dünyaya gəlib. Valideynlərini erkən yaşda itirdiyinə görə onu nənəsi böyüdüb. 1961-1971-ci illərdə orta məktəbdə, 1971-1972-ci illərdə isə Göyçay texniki peşə məktəbində təhsil alıb. 1976-cı ildə əsgərlikdən Ucara qayıdandan bir qədər sonra nənəsi rəhmətə gedir və o, artıq rayonda qala bilmir. 1977-ci ildə Bakı Mədəni-Maarif Texnikumuna qəbul olunur. 1979-cu ildə orada təhsilini başa vuraraq özfəaliyyət dram dərnəyi rəhbəri ixtisasına yiyələnir. 1980-1985-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə əməkdar artist fəxri adına layiq görülüb, "Qızıl qılınc” mükafatı laureatıdır. Ailəlidir, bir qızı, bir oğlu var… İlk baxışdan bir qədər kədərli, bir qədər də nisgilli bir ömür tarixçəsidir. Bəlkə də elə bu kədər, bu nisgil hopub onun səsinə. O səs ki, milyonlarla insanı öz ağuşuna alıb uzaqlara aparır-kövrəldir, sevindirir, sevdirir. O səsin sahibi hamının sevimlisi, ifası ilə mədəniyyət tariximizə öz möhürünü vuran Ağalar Bayramovdur. Ağalar müəllim Azərbaycanda bədii qiraət sahəsində böyük bir məktəb yaradıb. Ölkəmizdə bədii qiraət sənətinin bünövrəsini qoyan qiraətçilər var. Onların sırasında Kazım Ziyanı, Müxlis Qənizadəni, Soltan Nəcəfovu, Həsən Əblucu, Mikayıl Mirzəni, Əminə Yusifqızını və İlham Əsgərovu göstərmək olar. Və təbii ki, bu sırada Ağalar Bayramov da var. Ağalar müəllim 1983-cü ildən Bədii Qiraət sənəti ilə məşğuldur. Eyni zamanda sənətkarın mütəmadi olaraq efirlərdə çıxışı, bədii qiraəti ilə ölkəmizi xaricdə layiqincə təmsil etməsi, hər kəsə bəllidir. Ağalar Bayramov tədbirlərdə, bayramlarda, xüsusi günlərdə el şənliklərində özünəməxsus, məlahətli səsi ilə qəlbləri oxşamağın mahir ustasıdır. Xalq şairi Fikrət Qoca demişkən: "Ağalar Bayramov sanki söylədiyi şeirlərin müəllifidir. Heç kəs başqasının şeirini bu cür içdən gələn bir coşqu ilə söyləyə bilməz.” Ağalar Bayramov bədii qiraət ustasıdır, eyni zamanda bədii qiraətilə qəlbləri oxşayan sənətkardır. Ağalar Bayramov böyük qəlb sahibidir və bu qəlb səsləndirdiyi şeirlərdə, elə şeirlərin özü kimi həzin, kövrək, yavaş-yavaş döyünür. Ağalar Bayramovun şeirlərində nəfəs var, bu nəfəs Ağalar Bayramovun ürəyindən insanların qəlbinə axır. Bu, Ağalar Bayramova məxsus sənətdir. Bu sənətdə Ağalar Bayramovun özünəməxsus imzası var. Onu səhnədə görən hər kəs etiraf edə bilər ki, həqiqətən Allah Təala ona məxsusi bir istedad verib. Hər kəsə nəsib olmayan istedadı ilə Ağalar Bayramov qəlbləri oxşayır, öz qabiliyyəti ilə şeirə rəng qatır. Hətta adi, səthi şeirlər belə onun ifasında canlanır, əmələ gəlir, şeirə dönür. Sənətkarın yaradıcılıq yolu, səsləndirdiyi şeirlər kimi həzin, axıcı, ürəkoxşayandır. Həqiqətən də Ağalar Bayramovun səsindəki məlahət, vüqar insanların qəlbini tez bir zamanda ovsunlayır. Ağalar bəy xaraktercə həm də yumşaq adamdır, olduqca kövrək və sadədir. Öz tələbələrinə Ağalar müəllim sənətkar, müəllim kimi deyil, sadə bir insan kimi yanaşır, onların bu sənətdə inkişaf etmələrindən ötrü əlindən gələni əsirgəmir. Getdiyi tədbirlərə, bayramlara tələbələrini də aparıb, hər kəslə öz yetirmələrini tanış edir. Ağalar Bayramov çörək qədri, dost qədri biləndir. Dostu arxadan vurmaz, yalan danışmaz. Ona görə də respublikanın tanınmış simalarının, görkəmli şəxslərinin bir çoxu Ağalar Bayramovla yaxından dostluq edirlər. Onlar bilirlər ki, Ağalar Bayramov etibar ediləsi insandır. Bu günkü gündə məhz belə insanlar, sözün həqiqi mənasında çox azdır.
Ağalar müəllim ömrün 66-cı baharını qarşılayır. Mübarək olsun deyirik bu böyük sənətkara,gözəl və həssas qəlbli insana. Özünün də çox sevdiyi bir şeir var-"mənə yüz il ömür arzulamayın”. Bəli, biz sizə 100 il ömür arzulamırıq. Daha çox yaşayın, uzun və şərəfli bir ömrün sahibi olun. Zatən adınız bu xalqın qəlbində və tarixində əbədiyyətə qədər yaşayacaq!
Xəbər 2224 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR