Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi təsdiq edildi (TAM MƏTİN)

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi təsdiq edildi (TAM MƏTİN)

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsininin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Aktual.az qoruğun Nizamnaməsini təqdim edir:

1. Ümumi müddəalar

1.1. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi (bundan sonra – İdarə) Şuşa Şəhəri Dövlət Qoruğunun idarə edilməsini həyata keçirən, habelə Şuşa şəhərinin ərazisində yerləşən abidələrin bərpasının, qorunmasının, öyrənilməsinin, istifadəsinin və təbliğinin təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.

1.2. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını, sərəncamlarını və digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. İdarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. İdarə ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. İdarə bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.5. İdarənin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı və "Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. İdarənin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. İdarə məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.7. İdarə Şuşa şəhərində yerləşir.

2. İdarənin fəaliyyət istiqamətləri

2.1. İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. Şuşa şəhərinin ərazisində (bundan sonra – müvafiq ərazidə) yerləşən abidələrin (bundan sonra – abidələr) həcm-planlaşdırma quruluşunun qorunmasını və toxunulmazlığını, habelə bərpasını, öyrənilməsini, məqsədyönlü istifadəsini təmin etmək;

2.1.2. Şuşa şəhərinin bərpasını, yenidən qurulmasını, öyrənilməsini, inkişafını və təbliğini təmin etmək;

2.1.3. müvafiq ərazidə mədəniyyət fəaliyyətini və mədəniyyət xidmətlərini təşviq etmək;

2.1.4. Şuşa şəhərinin tarixi, mədəni, turizm və istirahət (rekreasiya) potensialından tam yararlanmaq üçün əlverişli şərait yaratmaq.

3. İdarənin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, müvafiq ərazidə İdarənin vəzifələri aşağıdakılardır:

3.1.1. abidələrin dövlət mühafizəsini və qorunmasını təşkil etmək;

3.1.2. abidələrin funksional təyinatına uyğun istifadə edilməsini, habelə tarixi-memarlıq və bədii-estetik görünüşünün toxunulmazlığını və uzunömürlülüyünü təmin etmək;

3.1.3. balansındakı dövlət mülkiyyətində olan abidələrin və tikililərin (o cümlədən dövlət mənzil fonduna daxil olan tikililərin), yaşayış və qeyri-yaşayış sahələrinin, habelə şəhər avtomobil yollarının, şəhər mərkəzinin məhəllədaxili yollarının, küçələrin, keçidlərin, yol qurğularının və digər nəqliyyat infrastrukturunun təyinatı üzrə səmərəli istifadəsini təmin etmək;

3.1.4. abidələrin mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə abidələrin qorunmasına dair mühafizə müqavilələri bağlamaq;

3.1.5. konservasiya mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərdən məhdud dairədə istifadə olunmasına nəzarət etmək;

3.1.6. abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı vəzifəli şəxslərə, fiziki və hüquqi şəxslərə verilmiş yazılı göstərişə əməl edilmədikdə, göstərişdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək və çəkilmiş xərcləri, habelə dəymiş zərərin əvəzini göstərişi icra etməmiş şəxslərdən tələb etmək;

3.1.7. abidələrin öyrənilməsi və arxeoloji qazıntılar aparılması üçün razılıq vermək;

3.1.8. arxeoloji qazıntılar aparılmasına nəzarət etmək;

3.1.9. xüsusi mülkiyyətdə olan abidələrin və ya onların hissələrinin elmi, mədəni, dini, xidmət və turizm məqsədləri ilə icarəyə (istifadəyə) verilməsi üçün onların istifadə məqsədlərini və xüsusiyyətlərini müəyyənləşdirən istifadə proqramına, uyğunlaşdırma və bərpa layihələrinə razılıq vermək;

3.1.10. yerli əhəmiyyətli abidələrin özəlləşdirilməsinə razılıq vermək;

3.1.11. dövlət mülkiyyətində olmayan abidələrin konservasiyasına, təmirinə, bərpasına, rekonstruksiyasına və regenerasiyasına razılıq vermək;

3.1.12. tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə tikinti, bərpa, təmir və təsərrüfat işlərinin aparılması zamanı ərazidə İdarənin nümayəndəsinin iştirakını təmin etmək və bu zaman həmin ərazini əvvəlcədən nəzərdən keçirmək və abidələrin ilkin tədqiqini təmin etmək;

3.1.13. inşaat, bərpa, təmir, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər aparılarkən arxeoloji abidə aşkar edildikdə dayandırılan işlərin davam etdirilməsi barədə qərar vermək;

3.1.14. aşkar edilmiş abidələrin siyahıya və dövlət qeydiyyatına alınmasını, pasportlaşdırılmasını həyata keçirmək və qorunması üçün tədbirlər görmək, onların əhəmiyyət dərəcəsi ilə bağlı və qorunma rejiminə dair təkliflər vermək;

3.1.15. abidələrin və tikililərin inventarlaşmasını aparmaq, texniki pasportlaşmanı həyata keçirmək;

3.1.16. tikintisinə icazə tələb edilən tikinti obyektlərinin layihələrinə abidələrin qorunması, istifadəsi, habelə tarixi-memarlıq və bədii-estetik görünüşünün toxunulmazlığı baxımından rəy vermək;

3.1.17. "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, açıq məkanda reklam fəaliyyətinə nəzarəti həyata keçirmək, o cümlədən reklam yerləşdirilməsinə icazə vermək, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklər edilməsinə, istismarına icazə vermək, habelə tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydasına uyğun olaraq müvafiq tədbirlər görmək;

3.1.18. Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasında reklam yerləşdirilməsinə razılıq vermək;

3.1.19. abidələrə xələl gətirmədən turizm (rekreasiya) infrastrukturunun yaradılmasının təmin edilməsi üçün tədbirlər görmək, habelə maddi və qeyri-maddi mədəni irsin qorunmasına və təbliğinə dair məlumat mərkəzləri təşkil etmək;

3.1.20. yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının, konsert və musiqi festivallarının, sərgi və ekskursiyaların keçirilməsinə, sənədli və bədii filmlərin, televiziya verilişlərinin və reklam çarxlarının çəkilişinə razılıq vermək;

3.1.21. nəqliyyat infrastrukturunun, o cümlədən şəhərin hissələrinə giriş-çıxışın təşkilini həyata keçirmək;

3.1.22. mövcud yollarda və ya şəhərin mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaradarsa, həmin yollarda nəqliyyat vasitələrindən istifadəyə məhdudiyyət tətbiq etmək və ya bu cür istifadəni qadağan etmək;

3.1.23. Şuşa şəhərinin beynəlxalq mədəni əlaqələrinin inkişafı, habelə şəhərin dünya tarixi-mədəni irsinin incilərindən biri kimi nüfuzunun möhkəmləndirilməsi istiqamətində tədbirlər görmək;

3.1.24. müvafiq ərazidə sahibkarlıq fəaliyyətinin canlanmasının və inkişafının təmin edilməsi üçün tədbirlər görmək;

3.1.25. elmi-tədqiqat, ənənəvi sənətkarlıq və digər məşğuliyyət növlərinin inkişaf və nümayiş etdirilməsi üçün tədbirlər görmək;

3.1.26. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və İdarənin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.27. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;

3.1.28. müvafiq sahədə normativ hüquqi aktların və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.29. dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;

3.1.30. fəaliyyət istiqamətləri üzrə elektron xidmətləri "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

3.1.31. İdarənin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında”, "İnzibati icraat haqqında” və "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.32. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, İdarə əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.33. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.34. İdarəyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.35. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.36. İdarənin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.37. İdarənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.38. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.39. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün müvafiq ərazidə İdarənin aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;

3.2.2. abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı vəzifəli şəxslərə, fiziki və hüquqi şəxslərə yazılı göstərişlər vermək;

3.2.3. dövlət mülkiyyətində olan abidələr (dünya əhəmiyyətli abidələr istisna olmaqla) və ya onların hissələrini Şuşa şəhərinin Baş planına uyğun olaraq icarəyə (istifadəyə) vermək;

3.2.4. dövlət mülkiyyətində olan abidələrin konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası barəsində qərar vermək;

3.2.5. mülkiyyətində, istifadəsində və ya icarəsində abidələrin olduğu fiziki və ya hüquqi şəxslər tərəfindən abidələrin qorunması və ya mühafizə müqavilələrinin şərtlərinə əməl edilməsi vəziyyətini yoxlamaq məqsədilə abidələrdə monitorinq keçirmək;

3.2.6. uçmuş və uçmaq təhlükəsi olan, tarixi-memarlıq əhəmiyyətinə malik olmayan tikililərin yerində turizm infrastrukturu obyektləri qurmaq və İdarənin ehtiyaclarının ödənilməsi məqsədilə yeni obyektlər layihələndirmək və inşa etmək;

3.2.7. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

3.2.8. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.9. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müvafiq xidmətləri göstərdiyinə (hüquqi hərəkətləri həyata keçirdiyinə) görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu, habelə qanunla müəyyən edildiyi hallarda digər ödənişlər tutmaq;

3.2.10. tutduğu dövlət rüsumunun "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən hissəsini əldə etmək;

3.2.11. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar yaratmaq;

3.2.12. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.13. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.14. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.2.15. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.16. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.17. işçilərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə ixtisasartırma və digər istiqamətlərdə təlimlər təşkil etmək və İdarənin fəaliyyət istiqamətlərinə uyğun təlim və inkişaf üzrə ödənişli kurs xidmətləri göstərmək;

3.2.18. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, Azərbaycan Respublikası Prezidentinin razılığı ilə təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.19. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.20. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. İdarənin idarə olunması

4.1. İdarə öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. İdarənin idarəetmə orqanı onun İdarə Heyətidir.

4.3. İdarə Heyəti İdarəyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi 3 (üç) üzvdən – İdarə Heyətinin sədrindən və onun 2 (iki) müavinindən ibarətdir. İdarə Heyətinin sədrini Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. İdarə Heyəti sədrinin müavinlərini İdarə Heyətinin sədri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edir.

4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.

4.5. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4.5.1. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinə təkliflər vermək və sənədlər (o cümlədən İdarənin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.5.2. İdarənin strateji məqsəd və planlarını müəyyən etmək;

4.5.3. İdarənin fəaliyyətinə nəzarət etmək;

4.5.4. İdarənin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikası Prezidentinin razılığı ilə təsdiq etmək, o cümlədən İdarənin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;

4.5.5. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə İdarənin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin İdarənin nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.5.6. İdarənin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;

4.5.7. İdarənin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

4.5.8. İdarənin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.5.9. İdarənin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.5.10. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.5.11. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin razılığı ilə İdarənin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri İdarənin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.5.12. aidiyyəti şəxslə dəyəri İdarənin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.5.13. İdarənin fəaliyyətini təşkil etmək;

4.5.14. İdarənin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.5.15. bu Nizamnamənin 3.1.34-cü yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.5.16. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.5.17. bu Nizamnamənin 3.1.28-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.5.18. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

4.6. İdarə Heyətinin sədri ayda azı bir dəfə İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

4.7. İdarə heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.8. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.9. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

4.10. İdarə Heyətinin sədri:

4.10.1. İdarənin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.10.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

4.10.3. öz təşəbbüsü və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.10.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.10.5. İdarənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.10.6. İdarənin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.10.7. özünün və İdarənin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.10.8. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində İdarənin struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

4.10.9. İdarənin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

4.10.10. bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, İdarənin, o cümlədən onun nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;

4.10.11. İdarənin əmlakından onun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.10.12. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində İdarənin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.10.13. İdarənin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.10.14. İdarənin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.10.15. İdarədə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.10.16. İdarədə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.11. İdarə Heyətinin üzvləri:

4.11.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

4.11.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.11.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.11.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.11.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.12. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

5. İdarənin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. İdarənin nizamnamə fondunun məbləği 1 000 000 (bir milyon) manatdır.

5.2. İdarənin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. İdarə öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir, balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. İdarə qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra İdarənin, onun nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. İdarənin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülür.

5.6. İdarə "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyinə (hüquqi hərəkətləri həyata keçirdiyinə) görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu, habelə qanunla müəyyən edildiyi hallarda digər ödənişlər tutur.

5.7. İdarənin tutduğu dövlət rüsumunun "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən hissəsi İdarənin fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə onun hesabına köçürülür.

5.8. "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-3-cü maddəsinə müvafiq olaraq İdarənin açıq məkanda reklam yayımına görə tutduğu haqqın məbləği dövlət tərəfindən tənzimlənən qiymətlərə (tariflərə) aiddir.

6. İdarənin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. İdarənin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.

6.2. İdarənin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

7. İdarədə uçot və hesabat

7.1. İdarə "Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. İdarə "Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. İdarə nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. İdarə öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. İdarənin ləğvi və yenidən təşkili

İdarənin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Xəbər 254 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR