Sumqayıt bu gün ulu öndərin arzuladığı şəhərə çevrilib

Sumqayıt bu gün ulu öndərin arzuladığı şəhərə çevrilib

Azərbaycana beynəlxalq aləmdə böyük nüfuz qazandıran   amillərdən biri də ölkəmizin iqtisadi cəhətdən dinamik inkişafı, bölgələrin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşılması, yerlərdə məşğulluğunun təmin edilməsinə, abadlıq və quruculuq işlərinin aparılmasına, infrastrukturun yenidən qurulmasına mühüm önəm verilməsidir. Bu, Sumqayıtın timsalında da aydın nəzərə çarpır.

Xatırladım ki, ümummilli liderimiz Heydər Əliyev Sumqayıta həmişə böyük diqqət yetirirdi, bu şəhərdə yaşayan insanların problemlərinə həssaslıqla yanaşırdı. Dahi şəxsiyyətin Sumqayıta 16 dəfə səfər etməsi də bunun bariz ifadəsi idi. Ümumiyyətlə, Sumqayıtın müasir bir şəhər kimi formalaşması, inkişafı məhz ulu öndərin adı ilə bağlıdır.
Bu sözləri Aktual.az-a açıqlamasında YAP Səbail rayon təşkilatının sədr müavini, politoloq Arzuman Muradlı bildirib.
Politoloqun sözlərinə görə, dövlət başçısı cənab İlham Əliyev də prezidentlik fəaliyyətinin bütün mərhələlərində Sumqayıta münasibətdə ümummilli liderimizin ənənələrinə sadiq qalıb, 15 il ərzində bu şəhərə 24 dəfə səfər edib. Azərbaycan Prezidenti noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə söylədiyi geniş nitqində bu barədə deyib: "Bu gün biz Heydər Əliyevin yolu ilə gedirik. Onun yürütdüyü siyasət bu gün yaşayır, zənginləşir. Əlbəttə, həyat yerində durmur. Qarşımızda yeni çağırışlar, yeni vəzifələr durur və biz bu vəzifələri icra edirik. Çünki bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır. Ulu öndərin Sumqayıt şəhərinə də həmişə çox isti münasibəti olmuşdur. Həm sovet vaxtında, həm də müstəqillik dövründə dəfələrlə Sumqayıtda olmuşdur. Mən də bu siyasəti davam etdirirəm”.
Ulu öndərin Sumqayıta olan xoş münasibətinin bu gün davam etdirilməsinin nəticəsidir ki, hazırda şəhər inkişafında yeni mərhələni yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Sumqayıtın ictimai-siyasi həyatının bütün sahələrində böyük uğurlar əldə olunur, irimiqyaslı layihələr gerçəkləşdirilir, şəhər ölkənin qeyri-neft sektorunun inkişafına böyük töhfələr verir. "SOCAR Polymer”, polipropilen və yüksək sıxlıqlı polietilen, karbamid zavodları və digər müəssisələrdə minlərlə yeni iş yeri insanların sosial şəraitinin yaxşılaşmasında önəmli rol oynayır. Hazırda Kimya Sənaye Parkında şüşə, yunəyirici və boyaq fabrikinin tikintisi sürətlə aparılır. Sumqayıtın Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzinə çevrilməsi də məhz bu sahəyə yetirilən xüsusi diqqətin və əldə edilən uğurlu göstəricilərin məntiqi nəticəsidir.
Yeri gəlmişkən, dövlətimizin başçısının mərasimdə  söylədiyi geniş nitqində haqqında danışdığı Sumqayıt  bulvar kompleksi də bu gün şəhərin dinamik inkişafından xəbər verir. Qeyd edim ki, cənab Prezident  2011-ci il avqustun 7-də Sumqayıtda səfərdə olarkən, burada müasir bulvar kompleksinin yaradılması zəruriliyini xüsusi vurğulamışdı. Qısa müddət ərzində burada şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradıldı,  Sumqayıt bulvarı, əlavə olaraq, daha 40 hektar genişləndirildi və bir kilometr uzadıldı.
Politoloq Arzuman Muradlı vurğulayıb ki, son illər Sumqayıtın sosial-iqtisadi həyatının digər sahələrində də genişmiqyaslı işlər görülüb. Bütün bunlar isə şəhər sakinlərində dövlətimizin iqtisadi qüdrətinə, siyasi gücünə, iradəsinə inamı daha da artırıb, sakinləri arasında sağlam mənəvi-psixoloji iqlim yaranıb, eyni zamanda, cənab İlham Əliyevin Sumqayıta və sumqayıtlılara diqqət və qayğısının məntiqi nəticəsi dəyərləndirilir.
 
Aktual.az
Xəbər 745 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR