Müasir dövrdə informasiya və kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və elə bu sürətlə də həyatımıza müsbət yeniliklərlə yanaşı, çoxsaylı problemlər gətirir. Belə problemlərdən biri də "feyknyus” adlandırdığımız saxta xəbərlərdir.
Saxta xəbərlər, əsasən iki kateqoriyaya bölünür:
Dezinformasiya və misinformasiya
Dezinformasiya qəsdən zərər vermək məqsədilə yaradılan məlumatlar və ya hekayələrdir.
Misinformasiyalar isə, bir qayda olaraq, qəsdən zərər vurmaq niyyətilə yaradılmır. Misinformasiyaların yaradılmasında fərdlərin təxəyyülündən qaynaqlanan, emosional təsir gücünə malik, yanlış məlumatlar əsasında uydurulan hekayələr yer alır.
Amma son nəticədə, həm dezinformasiya, həm də misinformasiyalar ictimai rəydə yanlış təsəvvürlərin formalaşmasına xidmət edir.
Nümunə üçün Bakıda baş verən sonuncu zəlzələ zamanı yayılan məlumatlara diqqət yetirək:
Rəsmi məlumatlar və peşəkar ekspertlərin münasibəti gecikdiyi üçün, əsasən sosial şəbəkələrdə dezinformasiyalar ön sıraya çıxdı. Etibarlı mənbələrə istinadən yayılan informasiyaların gecikməsi ictimai rəydə ajiotaj yaratmaq, cəmiyyəti xaosa sürükləmək istəyən dairələrin, o cümlədən Ermənistan və İran kimi ölkələrin işinə qismən də olsa yaradı. Əhali küçələrə çıxmağa çağırıldı, səhərə yaxın Bakıda 7 bal gücündə zəlzələnin olacağı bildirildi.
Dezinformasiyaların emosional təsirin gücünün artırılaması üçün başqa ölkələrdə baş verən dağıdıcı zəlzələləri əks etdirən videomateriallardan, həyacanverici müsiqidən, dini mahnılardan, mərsiyələrdən istifadə olundu. Qısa müddət ərzində çoxsaylı sosial media hesabları yaradıldı, botlar, proqram bitləri vasitəsilə yayılan saxta xəbərlərin, onların inandırıcılığını gücləndirmək üçün baxış və paylaşım sayı artırıldı. Və nəticədə dezinformasiyalar, qismən də olsa öz işini gördü, həyacanlı xəbərlərin emosional təsiri altına düşən sosial şəbəkə istifadəçiləri də, humanizm mahiyyətli, amma feyk xəbərlərdən qaynaqlanan statuslar paylaşmağa başladılar. Və beləliklə həqiqətlə yalan arasındakı sərhədlər götürüldü, ağı qaradan seçmək çətinləşdi.
Bəs sosial mediada, internet resurslarda saxta, yaxud yalan məlumatlar necə yayılır və necə olur ki, hətta peşəkar media resursları belə saxta xəbər istehsalçılarının toruna düşürlər?
"Feyk şəbəkələri”
Feyk xəbərlərin, saxta hekayələrin ən çox yayıldığı məkan, şübhəsiz ki, sosial şəbəkələrdir.
Sosial şəbəkələrdə təbliğat, dezinformasiya, dərin və bəsit feyk xəbərlər, həmçinin digər manipulyasiya vasitələri üstünlük təşkil edir. Və burada saxta, yaxud yalan məlumatlar bir qayda olaraq belə yayılır:
Təbliğatçı, fanat, yaxud dələduz öz ideoloji baxışlarına və ya maraqlarına uyğun hər hansı bir hekayəni uydurur, bu hekayənin media resurslarında, sosial şəbəkələrdə yerləşdirilməsinə nail olur.
İzləyicilər, bu hekayənin emosional yükünü, yaxud sensassiya xarakterli məzmunu nəzərə alaraq, onu öz səhifələrində və ya kanallarında paylaşırlar.
Paylaşımların sayının çoxluğunu müşahidə edən kütləvi informasiya vasitələri də bəzən bu axına düşərək, baxış saylarını artırmaq üçün feyk hekayəni "insanlar bu barədə danışır, yaxud yazır” kimi təqdim edirlər. Beləliklə, müəyyən zaman kəsiyində ilkin mənbə çoxlarının yadına düşmür və "sensassiya” xarakterli xəbəri, yaxud "emosional” təsir gücü çox olan hekayəni daha tez yayımlamaq, paylaşmaq həvəsi peşəkar yanaşma borcunu arxa plana keçirir.
Müəyyən bir vaxtdan sonra, ilkin mənbəni araşdıran peşəkar media resursları təkzib yayır, yaxud abunəçilərinə, müstəsna hallarda isə oxucularına üzrxahlıq məktubları göndərirlər. Lakin artıq gec olur və çoxlu sayda insan, xəbərin, hekayənin etibarlı mənbələrdən əldə edildiyini düşünərək saxta xəbərin, hekayənin hədəfinə çevrilir.
Siz bu dalğani, tamamilə dayandırmağı bacarmasanız da, onun bir parçasına çevrilməyə bilərsiniz. Bunun üçün paylaşacağınız istənilən xəbərin, yaxud hekayənin ilkin mənbəyini, haradan əldə edildiyini araşdırmaq lazımdır.
Siz başqalarının nə üçün məsuliyyətsiz olduğu barədə düşünməyə, yaxud bu barədə danışmağa vaxt sərf etməyin, sadəcə məsuliyyətli olun və sizin məsuliyyətiniz saxta xəbərlərin təsiri altına düşə biləcək yüzlərlə insanın informasiya təhlükəsizliyini təmin edə bilər.
Bəs belə vəziyyətlərdə həqiqəti yalandan, ağı qaradan seçmək üçün nə etmək lazımdır?
Rasional təhlil
Dezinformasiya və təbliğatın, xüsusilə də saxta xəbərlərin qurbanına çevrilmək istəməyən insanları düşündürən bir əsas məqam var: Bəbərin, yaxud hekayənin saxta olduğunu necə müəyyənləşdirmək olar?
Bunun üçün ilk növbədə mənbəni müəyyənləşdirməyə çalışın. Xəbəri yayan resursun səhifəsinə daxil olun, resurs və onun idarəçiləri, yerləşdiyi ünvan və əlaqə vasitələri ilə bağlı məlumatlarla tanış olun. Əgər bütün bunlar yoxdursa və yaxud həqiqiliyi şübhə yaradırsa, o zaman resursun bir və yaxud bir neçə saxta xəbər yaymaq üçün yaradıldığına əmin ola bilərsiniz.
Xəbərin və ya hekayənin müəllifinin kimliyini qiymətləndirin, daha öncə yazdığı yazılara diqqət yetirin. Müəllif haqqında axtarış verin, həmin şəxsin reallıqda mövcud olub olmadığına aydınlıq gətirin. Reputasiyasını və mövzu haqqında bilgisini dəyərləndirin.
Eyni xəbərin nüfuzlu internet resurslarında yayılıb-yayılmadığını, ilkin mənbənin nə dərəcədə etibarlı olduğunu müəyyən edin.
Əksər feyk xəbərlərin emosional yükü bir qayda olaraq xəbər yükündən çox olur. Xəbərin hədəfini, hansı məqsədlə yazıldığını müəyyənləşdirməyə cəhd göstərin və emosional yükü çox olan, sizi qıcıqlandıran bütün xəbərlərə şübhə ilə yanaşın.
Faktları yoxlayın. Xəbərdə yer alan statistik göstəricilərə, tarixlərə nəzər salın. Statistik göstəricilər və ölçülə bilən, rəqəmlərlə ifadə olunan məlumatlarla bağlı internet resurslarında axtarış aparmaq daha asandır.
Xəbərdə və hekayədə istifadə olunan fotoşəkillərin həqiqiliyini yoxlayın.
Bir də unutmayın, saxta məlumatlar onlara inananların sayəsində yayılır və siz bu lənətlənmiş həlqəni qıra bilənlərdən biri ola bilərsiniz.
Saxta xəbərləri dayandırmağın yeganə yolu məlumatı rasional təhlil etməyi öyrənməkdən keçir.
Nəticə
Sosial şəbəkələrdə yayılan saxta xəbərlərin, yaxud hekayələrin əhəmiyyətli hissəsi, XIX əsrin sonlarında, XX əsrin əvvəllərində olduğu kimi boşboğazlıqdan, özünü məlumatlı göstərmək, ağıllı görünmək istəyindən və ya təfriqə salmaq, ara vurmaq niyyətindən qaynaqlanır.
Hələ XX əsrin əvvəllərində Üzeyir Hacıbəyov "Molla Nəsrəddin” jurnalında dərc olunan felyotonlarından birində yazırdı:
"Boşboğazlar camaatın işinə zərər vuran bir para biməni vücudlardır ki, özlərinin əllərindən heç bir şey gəlmir, bişüurdurlar, bivecdirlər və bununla belə həsuddurlar, xaindilər”.
Son 100-150 il ərzində çox şey dəyişib, amma təəssüf ki, dəyişməyən nəsnələr də var. Eynilə rəhmətlik Üzeyir bəyin liberettosu əsasında çəkilən "O olmasın, bu olsun” filminin personajları kimi…
… "Qizin iki adaxlısı var”… Şübhə etmirəm ki, əgər filmin məhz bu hissəsinin davamı çəkilsəydi, o zaman xəbəri ilkin mənbədən – hambaldan alan personajlar, bu barədə başqalarına danışanda qızın 3, yaxud 4 adaxlısı var deyəcəkdilər.
Əslində, bu gün, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir zaman kəsiyində, xüsusilə də sosial şəbəkələrin Azərbaycan seqmentində "O olmasın, bu olsun” filmində təqdim olunan şaiyə texnologiyasından kənarda heç nə baş vermir. Sadəcə informasiyanın sürəti artıb, hambalları, məşədi, kərbəlayi və hacıları, qoçu və qoçu köməkçilərini, kəsəsi, bivec və bişüur adamları sosial şəbəkələrdəki profillər arxasında dayanan Cəhrə arvadlar əvəz edir.
…Təsəvür edin, indi sosial şəbəkələrdə bir Cəhrə arvadın onlarla hesabı var. Mən hələ Cəhrə arvadların botlarından, trollarından danışmıram.
Bu günün prizmasından yanaşanda, böyük sənətkarımız Nəsibə Zeynalovanın "Aktrisanın təbəssümü” filmində yaratdığı "Cəhrə arvad” müasir dövrdə sosial şəbəkələrdə saxta hekayə və şaiyə yayanların, məsuliyyət hissini itirmiş boşboğazların ümumiləşdirilmiş obrazıdır. Amma Cəhrə arvaddan fərqli olaraq, bəzən onları "cin deyil” "Con” vurur, yaxud Maykl… Zənnimcə, bunun elə də böyük fərqi yoxdur.
Sosial şəbəkələr, əslində düşüncəmizdəki, içimizdəki natamamlıqların aynada əks olunan görüntüləridir. Aynanı yox, təfəkkürümüzdəki naqislikləri sındırmaq lazımdır. Sabirin təbirincə desək:
Niyə bəs böylə qaraldırsan a qare, gözünü,
Yoxsa bu ayinədə əyri görürsən özünü.
Elçin Mirzəbəyli
Əməkdar jurnalist
Yazı "Bakı Natiqlik Məktəbi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən "Vətəndaş cəmiyyəti və media nümayəndələri üçün saxta xəbərlərlə mübarizənin aparılması” layihəsi çərçivəsində çəkilən sosial çarxların ssenariləri əsasında hazırlanıb.
Xəbər 532 dəfə oxunub.