"SOROSUN UŞAQLARI" həm daxildə, həm də xaricdə fəallaşıblar


Gözlənilən idi. Biz bugünlərdə ölkəmizə qarşı daha bir informasiya müharibəsinə start verilməsinin şahidi oluruq. Bəli, yanvarın 17-də Avropa Parlamentinin növbəti dəfə qərəzli və sağlam məntiqə söykənməyən qətnaməsi açıq-aydın Azərbaycana qarşı yeni informasiya müharibəsinin başladılmasından xəbər verir. İstər Avropa Parlamentində, istərsə də bir sıra başqa beynəlxalq qurumlarda ölkəmizə qarşı bu cür qərəzli münasibət permanent hal alıb. Ən maraqlısı da budur ki, başda Sevinc Osmanqızı olmaqla Avropada və ABŞ-dakı mühacir siyasətbazlarımızın əksəriyyəti Azərbaycana qarşı belə bir ədalətsiz qətnamənin qəbul edilməsinə ən azından ermənilər qədər sevinirlər. Bildiyiniz kimi sözügedən qətnamə barədə ilk olaraq məhz erməni mətbuatında məlumatlar dərc olundu. Ermənilər indi bu qətnaməyə görə az qala toy-bayram edirlər. Demək ki, Avropa Parlamenti kimi nüfuzlu bir siyasi qurum da erməni lobbisinin şirnikləndirici təsirləri və gizli təzyiqləri qarşısında duruş gətirə bilmir. Ermənilərin "Konyak diplomatiyası" Avropa parlamentarilərinin beyinlərini dumanlandırır, onların ədalət hissini yuyub aparır. Qərb ölkələrində fəaliyyət göstərən erməni diaspor təşkilatlarının və erməni lobbisinin əsas məqsədi Avropa siyasətçilərindən Azərbaycana qarşı aparılan informasiya müharibəsində alət kimi, fasad kimi istifadə etməkdir. Məlum qətnamədə Mehman Hüseynovla bağlı həqiqətlərin təhrif edilməsində və onun yalançı "aclıq aksiyası"nın şişirdilməsində əli olan, bu bloggerin taleyi üzərindən öz çirkli siyasi oyunlarını həyata keçirməyə çalışan xaricdəki azərbaycanlı bloggerlərə, mühacirlərə də ar olsun! Onlar heç olmasa xaricdəki ermənilərin öz ölkəsinin maraqları naminə necə böyük işlər gördüklərinə baxıb utansınlar! Yəqin ki, Milli Şuranın sabahkı mitinqində də Avropa Parlamentinin məlum qətnaməsinə sevinən daxildəki radikal siyasi qüvvələrin əsl sifətləri bir daha üzə çıxacaq. Necə deyərlər, "Sorosun uşaqları" həm daxildə, həm də xaricdə fəallaşıblar.

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR