APA-nın məlumatına görə, ötən gecə baş verən qətl hadisəsini törədən şəxsin qaçdığı məlum olub.

Toyda baş verən kütləvi davada bəyin də iştirak etdiyi bildirilir.

Dava zamanı əlindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləçdirilən Sabirabad rayonunun Nəsimikənd kənd sakini, 1976-cı il təvəllüdlü Həsənov Teymur Hüseynqulu oğlu qətli törətməkdə şübhəli bilinsə də, sonradan məlum olub ki, qətli törədən şəxs və davanın digər iştirakçısı hadisə yerindən qaçıb.

Qeyd edək ki, Şirvanda yerləşən şadlıq saraylarından birində qohumlarının toyunda iştirak edən Neftçala rayonunun Surra kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Azər Yusif oğlu kütləvi dava zamanı ürək nahiyəsindən bıçaqlanıb. Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanları şadlıq sarayının kamera görüntülərini araşdırmaqda davam edirlər. Qətldə iştirak edən şəxsin və digərinin saxlanılması istiqamətində əməliyyat istintaq tədbirləri həyata keçirilir.