Şeyx həzrətlərindən Qaregin(lər)ə "vətənpərvərlik şilləsi": Azərbaycanda dini tolerantlığın nəbzi

Şeyx həzrətlərindən Qaregin(lər)ə


Azərbaycanda dini tolerantlığın nəbzi heç vaxt indiki kimi vurmayıb... 
Haqqında iftira atanlara Şeyx qədər səbrlə yanaşan ikinci şəxs də olmayıb...
Sünni və şiələrin bir yerdə, bir məsciddə və eyni zamanda vəhdət namaz qıldığı Azərbaycandan başqa ikinci elə dövlət olmayıb...
Çünki Azərbaycanda İslama nüfuz gətirən, dinimizi gözdən salmağa imkan verməyən bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə var.  O Şeyx ki, səbr və təmkin ünvanıdır. O fanat deyil, radikal deyil, şəxsini maddiyata görə düşünən deyil.  O, həya, abır simvoludur, haqqın adamıdır!  


2 rükət namazdı Şeyxin ən böyük var-dövləti 

Allahşükür Paşazadə üçün 2 rükət namaz qılmaq dünyanın ən böyük nemətidir. Şeyx həzrətləri illərdir bu nemətin xoşbəxtliyini yaşayır.  Allahla ibadətlə təmasa girməyi hər şeydən üstün tutmaq onun həyat prinsipi olub.  Şeyx həzrətləri heç vaxt var-dövlət, şan-şöhrət hərisi olmayıb. Şəxsiyyətinə pərəstiş etdiyi Həzrət Əli  (ə)  kimi o da qışın şaxtasında aldığı dəstəmazdan və yayın istisində tutduğu orucdan aldığı zövq qədər heç bir dünya malından zövq almayıb... Gözünü açandan Allah kitabını oxuyub. 

Qeyd olunduğu kimi, O, vəzifə hərisi deyil, fenomenal şəxsiyyət olaraq Bütün Qafqazın Şeyxidir. Bu fövqəl titulu ona mənsub olduğu xalqı, cəmiyyəti verib. Son zamanlar böhtanlarla dolu video kompaniyalarda   Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Allahşükür Paşazadənin 20 Yanvar şəhidlərinin anım günü ərəfəsində gündəmə gəlməsi də müəmmalı suallar yaradır.  1990-cı ilin 20 yanvarı uzaq tarix deyil, xalqımızın qəhrəmanlıq səlnaməsi olan yanvar hadisələrində bəzi "qəhrəmanlar" qaçıb gizlənəndə tribunada, o ağrılı-acılı günlərdə xalqın qarşısında Şeyx dayanmışdı. Onun fədakarlığını, xalqına, Vətəninə necə bağlı olmasını mərhum şairimiz Bəxtiyar Vahabzadə qədirbilənliklə xatırlayıb. 

                 Şeyxə qarşı mövsimi xarakter daşıyan "şantaj" və "tənqidlər"

Azərbaycan o ölkələrdəndir ki, siyasi mənsubiyyətindən və kimliyindən asılı olmayaraq hamı tənqid oluna bilər və necə ki olunur... Amma elə insanlar var ki, onların tənqidi sezonla olur. Yəni mövsimi xarakter daşıyan "şantaj" və "tənqidlər".

Maraqlıdır, niyə məhz hər il yanvar ayında şeyxə qarşı kompaniyalara start verilir? Məqsəd nədir? Yalan dolu yazıların hazırlanmasında plan nədir? Şeyx haqqında hazırlanan materiallar tam fərqlidir. Əslində burda yenilik yoxdur, fakt yoxdur, sadəcə yeriməyən yalanlar var. Bu öz yerində...

"Kəfən geyinib”, sinəsi Vətəninin sinəsinə sipər Şeyxülislam

İftira atdığınız Şeyx özünü qanlı yanvarda rus gülləsinin qabağına atdı. Allahşükür Paşazadə daim  öz xalqının çətin günlərində onunla bir sırada olub, millətin taleyüklü məsələlərinə heç vaxt biganə qalmayıb, əksinə, haqq səsini dünyaya çatdırıb. 1990-cı ilin yanvar hadisələri  zamanı xalqın önündə O idi. Mənəvi rəhbər kimi SSRİ boyda imperiyanın qarşısına "kəfən geyinərək” çıxdı, sinəsini Vətəninin sinəsinə sipər edərək, xalqın önündə getməsini tarix unutmayacaq. Sizin unutmağınız elə də önəmli deyil. Tanrı sizə qəzəblə baxır.

41 yaşlı Allahşükür Paşazadə idi 1990-cı ilin yanvarında Bakıda baş vermiş amansız qətliamda, azğınlaşmış silahlı əsgərlərin qarşısında dayanan.  O idi şəhid  cənazələrinin qarşısında gedən, 41 yaşlı Şeyxülislam. 

41 yaşlı Şeyxülislamın missiyası

Şeyx Azərbaycanda İslamı gözdən salmadı, əksinə, ona nüfuz gətirdi. Bu faktdır. 

Şeyxin böyüklüyü, müdrikliyi, dünya çapında olması onun səbrindədir.  Onun Vətən savaşında apardığı işləri görməməzlikdən gələnlər diplomatiya və media səngərində hansı xidmətlər göstərdiyini nədən görmürlər?  Məhz onun xeyir-duası ilə QMİ-nin dörd imamı Vətən savaşına qatılaraq, düşmənlə  ölüm-dirim savaşına atılıblar. 

 QMİ-nin müharibədə rolu və "ruhani diplomatiyası”

Allahşükür Paşazadə və rəhbərlik etdiyi QMİ müharibənin ilk günündən müharibə ovqatını daşıyan bir quruma çevrildi. Ölkənin hər tərəfində Şeyxülislamın təyin etdiyi qazilər və imamlar əsgərlərin döyüşə yola salınma mərasimlərində, şəhid dəfninin təşkilində  öndə oldular. Şeyxülislamın müharibə dönəmində fəaliyyətinin bir qolunu "ruhani diplomatiyası” təşkil etməsini görməyənlər görəsən, ölkəmizə düşmən kəsilən hansı xarici misionerlərin dəyirmanına su tökürlər?

Döyüşlərin ilk günündə Ermənistanın növbəti silahlı təxribatı ilə başlayan hadisələrlə bağlı beynəlxalq təşkilatların rəhbərlərinə, xarici ölkələrin hökümətlərinə və dünya dini liderlərinə müraciət edən Allahşükür Paşazadə Azərbaycanın bu davasının haqlı və ərazilərini işğaldan azad etməsi üçün apardığını bəyan etməsi, deyəsən, bədxahların ürəyincə olmadı.

BMT-nin Baş Katibinə, ATƏT-in fəaliyyətdə olan sədrinə, Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanına, Moskva və Bütün Rusiya Patriarxı Kirilə, Bütün Gürcüstanın Patriarxı II İliyaya, Roma Papası Fransiskə, İslam Əməkdaşlığı Təşkilatının baş katibinə və digər nüfuzlu qurumların başçılarına ünvanlanan bu müraciətlər və verilən reaksiyalar Azərbaycanın haqlı mövqeyinin təsdiqi oldu. Nüfuzlu dini qurumların, din xadimlərinin Azərbaycanın apardığı ədalətli mübarizəsinə dəstəyi ölkəmizin bu müstəvidə "beynəlxalq çətiri”nin qurulması üçün vacib məqamlardan oldu.

  Şeyx həzrətlərindən Qaregin(lər)ə "vətənpərvərlik şilləsi"

Bu 44 gündə erməni kilsəsinin münaqişəyə dini rəng vermək cəhdi ilk gündən fiaskoya uğradı. Katolikos 2-ci Qareginin Qarabağda hərbi əməliyyatları dünya ictimaiyyətinə "xristian erməni xalqına” olan hücum kimi təqdim etmək cəhdləri alınmadı. QMİ sədri Qareginin müraciəti ilə bağlı verdiyi bəyanatda erməni kilsəsini qızışdırıcı fəaliyyətdə ittiham edərək din xadiminin təcavüzə bəraət verməsini və xalqları qarşıdurmaya sövq etməsini pislədi. Şeyx Allahşükür Paşazadə Qareginin bütün mənfur niyyətlərini alt-üst etdi, necə deyərlər, əleyhimizə atdığı hər addımında Şeyx həzrətlərinin ona vurduğu "vətənpərvərlik şilləsi"ni gördü. Bu Vətən müharibəsində haqq savaşımıza mane olan bütün qareginlər zərərsizləşdirildi. Çünki bizim yolumuz haqq yoluydu. 
Bu sırada QMİ sədrinin Türkiyəyə səfəri yaddaqalan oldu. Səfər iki ölkənin vəhdətinin nümayişi olaraq bədxahların bütün cəhdlərinə rəğmən Türkiyə və Azərbaycan dini rəhbərlərinin birliyini, iki qardaş ölkənin vahidliyinin təcəssümünü göstərdi. 

Şəhid dəfnləri ilə bağlı yazılan iftiralar

Bu gün Şeyx haqqında əks-təbliğat aparan bəzi insanlar şəhid adından istifadə edərək, onun haqqında mənfi imic formalaşdırmağa çalışırlar.Yuxarıda qeyd etdiyim kimi, O 1990 -cı il 20 yanvar qırğınından tutmuş bu günə qədər şəhid mövzusuna həssaslıqla yanaşıb. Tədbirlərdə hətta özü olmadığı təqdirdə nümayəndələrini göndərib. Rusiya-Azərbaycan sərhəddində, Dərbənd yaxınlığında karantindən iki gün əvvəl 600 nəfərdən çox azərbaycanlı çətinliklə üzləşib. Rusiyanın ayrı-ayrı bölgələrində və Dağıstanda müxtəlif sahələrdə çalışan soydaşlarımız ölkəmizə qayıtmaq istəsələr də, mövcud karantin rejimi, sərhədlərin bağlanması səbəbindən bəzi problemlərlə üzləşməli olublar. Minlərlə azərbaycanlını xəstəliklə mübarizədən xilas etdi, amma istəmədi adı hallansın. "Nə olar, vətənimin övladıdır, mənim də borcum onlara kömək etmək, Cənab Prezidentin siyasətinə dəstək vermək" prinsipi ilə.  

Reklamı özünə haram buyuran dini lider

Şeyx Allahşükür Paşazadə heç vaxt özünü reklam etməyib. Bu, birmənalı belədir.  Onun xoşməramlı həyatını izlədikcə bir daha bunun şahidi olursan.  Azərbaycana, ölkə başçısına sadiqliyi onun fəaliyyətinin ana xətti olub. Titulu, daşıdığı ad və soyadı onun ən böyük reklamıdır. O, Allah adamıdır, bəsirət ünvanıdır. Allah adamı Onun bəndəsi üçün elədiklərini heç vaxt dilə gətirməz, necə ki, gətirmir. Çünki bu onun tərbiyə və əxlaqıdır. Məhz bu baxımdan Şeyx həzrətləri reklamı özünə heç vaxt yaxın buraxmayıb. Allahına, Prezidentinə, xalqına bağlılığı kifayətdir. 

Bir də maraqlıdır, axı niyə sizə çatmır ki, şəhid sözünün müqəddəsliyini Şeyx hamıdan gözəl bilir və onun qədər bu mövzuya həssas insan yoxdur. Allahşükür Paşazadə şəhid sözünün təkcə ş hərfinin mənası, izahı ilə bağlı bir ay dayanmadan və yorulmadan danışar. Çünki bu məktəbin banisi, bir haqsızın qarşısına çıxan, zülmə boyun əyməyən sevimli Peyğəmbər övladıdır. Məhz şəhid adına olan sonsuz məhəbbəti idi SSRİ kimi imperiyanın üstünə şığıyan, o məktəbin müqəddəsliyini dərk etməsi idi, qorxmadan şəhid övladlarının qarşısında məğrur duruşunun sirri. Onun bu Vətənə bağlılığı da məhz bu məktəbə sevgisindəndir. 

Bu 44 günlük Vətən savaşında şəhidlərimizin müqəddəsliklə qarşılanması,  QMİ-nin rayon şöbələrində qədirbilənliklə  yola salınması istiqamətində şeyxin qazi və imamlarla hər gün təması var idi.   Gerçəkliyi mifləşdirib uydurma qəhrəmanlar yaratmaq, müqəddəslərə çamur atmaq heç kimə başucalığı gətirməyib. Ədalətli olun, dostlar!
 
Yazırsınız və deyirsiniz ki, guya Şeyx həzrətlərinin hektarlarla üzüm və ya başqa sahələri var. Əminsiniz? O zaman Şeyx həzrətləri birmənalı şəkildə bəyan edir ki, həmin tarlanı bu barədə danışanlara bağışlamağa hazırdır. Günü bu gündən gedib ona sahib çıxa bilərlər. Əlavə şərhə ehtiyac varmı? Yazanda və danışanda sadəcə məsuliyyətli olun. Bu qədər kifayətdir məncə.
Xəbər 338 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR