Şənbə və bazar avtobus zolağına keçən sürücülər cərimələnməməlidir - Ekspert

Şənbə və bazar avtobus zolağına keçən sürücülər cərimələnməməlidir - Ekspert

"Həftə sonları ictimai nəqliyyat işləmirsə, avtobus zolaqlarını boş saxlamaq mənasızdır".

Bunu HİT.Az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, zolaqlarla bağlı vəziyyət qarmaqarışıqdır, yenilik olduğuna görə, heç bir qurum yaxasını qabağa verib, ciddi nəzarət mexanizmi qura bilmir:

"Zolağı Bakı Nəqliyyat Agentliyi çəkir, cərimələməni isə Dövlət Yol Polisi həyata keçirir. Bu məsələ ilə əlaqədar hər iki quruma müraciət etmişik. Əslində şifahi şəkildə müsbət qarşıladılar. Amma bildirdilər ki, bununla bağlı hər hansısa bir qərar olmalıdır. Mən də qeyd etdim ki, bütün məsələləri qərarla, qayda ilə tənzimləməyə ehtiyac yoxdur. Bunun üçün sadəcə şifahi göstəriş lazımdır ki, kamerada oturan və ya yerində xidmət göstərən əməkdaşlar sürücüləri şənbə və bazar günləri cərimələməsin. Çünki avtobus yoxdursa, zolağın boş-boşuna tutulmasında bir məntiq yoxdur. Karantin qaydalarının yumşaldılmasından sonra şəhərdə tıxaclar müşahidə edilir. Həm avtobus zolaqları, həm də dayanacaqlara girməyə icazə verilməlidir. Çünki bu ərazilərdə çox adam dayanıb taksi sifariş verir, ya taksi gözləyir. Amma taksilər dayanacağa yaxınlaşa bilmir. Onlar üçün ayrıca dayanacaq yoxdur. Bunun üçün də müəyyən şərait yaratmaq olar. Amma necə effekt verəcəyini bilmirəm. Çünki bizim sürücülərin əcaib bir psixologiyası var. Bir gün icazə verirsən, hər gün gəlib orda dayanır. Əks-effektdən ehtiyat edib icazə vermirlər, amma hər bir halda zolaqları boş-boşuna saxlamağa ehtiyac yoxdur".
Ekspert gecə saatlarında boş olan dayanacaqlarda avtomobil saxlayan sürücülərin cərimələnməsinə də münasibət bildirib:

"Dayanacaqda ümumiyyətlə maşın saxlamaq olmaz. Qanunvericilikdə istisna yoxdur ki, gecə 12-dən sonra saxlamaq olar... Sürücülərin sonra qarşısını almaq mümkün olmur. Bir gün gecə 12-dən sonra saxlamağa icazə verilsə, baxıb görəcəksən ki, 24 saat ora girib-çıxır".

Bəzi dövlət qurumları və özəl şirkətlər var ki, binalarının qarşısında digər avtomobillərin dayanmasına icazə vermir. Hətta müvəqqəti avtomobilini saxlayan sürücüləri belə kobud şəkildə həmin ərazidən kənarlaşdırırlar. Ekspert bildirib ki, bu sadəcə özbaşınalıqdır:

"Heç bir qurumun bunu etməyə ixtiyarı yoxdur. Bina fəaliyyətə başlayarkən onlar üçün xüsusi park yeri yaradıla bilirsə, yaradılır. Yox əgər yaradıla bilmirsə, qurumun binası qarşısında həm öz əməkdaşları, həm də digər sürücülər maşın saxlaya bilər. Heç bir quruma ayrıca yol verilməyib ki, bu yoldan ancaq onlar istifadə edə bilər. Yol ümumi istifadədədir və ondan hər kəsin də istifadə etmək hüququ var. Kiminsə gəlib çığır-bağır salması və digər sürücüləri qovması sadəcə ədəbsizlikdir".

Çingiz Səfərli
Xəbər 333 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR