“Sən Qənimət Zahid deyilsən, sən Qənimət Zatulinsən” – Deputatdan radikal müxalifətə sərt sözlər...

“Sən Qənimət Zahid deyilsən, sən Qənimət Zatulinsən” – Deputatdan radikal müxalifətə sərt sözlər...

Bəli. Erməni vandallarının başqa bir tayları da öz içimizdədir. Radikal müxalifət cəbhəsində. Əllərinə fürsət düşmüşkən mümkün olan bütün iyrənc vasitələrdən istifadə edərək dövləti, hakimiyyəti vururlar. Namərdcə, bəsitcə, alçaqca. Üstəlik, bu nadanlar ən sentimental, kövrək, həssas mövzular üzərindən də manipulyasiya etməyi bacarırlar. Özlərini axırıncı yola qoyublar. Əli Kərimli adında siyasi mürdəşir (+ ona bənzər qeyriləri) fit verir və özü ağılda qıpçaqlar da qaçır bu vicdana qısır qalan məxluqun ardınca.

AXCP sədri öz feysbuk statusunda hakimiyyətə sual ünvanlayıb ki, bəs kapitulyasiya olmuşdu, bəs münaqişə bitmişdi, o zaman niyə belə oldu, niyə təxribat baş verdi? – Bu sual həqiqətən debilcə verilmiş bir sualdır. Və ya Əli Kərimli yəqin elə zənn edir ki, kapitulyasiya olanda, kimsə qələbə çalanda düşmən dönüb olur mələk. Ya da təxribatlardan tam sığortalanırsan. Varmı belə şey? Mümkündürmü belə şey? Ağıl varmı səndə, ay Əli Kərimli? Nə danışdığının fərqindəsənmi? Əvvəla, təxribatı biz eləməmişik, ermənilər edib. Yəni, Əli Kərimlinin əzizləri, dostları və doğmaları. Elə bu səbəbdən də AXCP sədri sualı gedib ərk elədiyi ünvana, erməni qardaşlarına versin. Ki, nə məsələdi? İkincisi, təxribat olanda neynəməli idik? Erməni güllə atırsa, hücuma keçirsə əvəzində onlara gül-çiçəkmi göndərmək lazım idi? Yoxsa nə? Nazirlik də bəyanatında deyir ki, gecə saatlarında düşmənin diversiya qrupunun qəfil hücumu olub. Belə olan halda Əli Kərimli nə təklif edir? Hansı addımlar atılmalı idi? Hər halda həmin diversiya qrupunun üzvlərini öpüb-qucaqlayası deyildik və yeganə yol döyüşmək idi. Azərbaycanın qəhrəman əsgərləri də ən mükəmməl şəkildə döyüşüb, düşmənin cavabını verib, bütün şəhidlərimizin qisası alınıb. 

Kim istəyər ki, balalarımız şəhid olsun? Kim istəyər ki, cavan-cavan igidlər həyatdan köçsün? Heç kim! İlham Əliyev 44 günlük müharibədə də canli itkinin qarşısını almaq üçün hər şey etdi, əsgərlərimizi, qəhrəmanlarımızı qorumaq üçün Dövlət Başçısı və Ali Baş Komandan kimi üzərinə düşən bütün vəzifələri, öhdəlikləri ləyaqətlə yerinə yetirdi. Amma Əli Kərimli elə danışır, sanki bu hakimiyyət, bu iqtidar vecsizdir və şəhidinə, əsgərinə biganədir. Elə deyil axı. Kərimli özü də gözəl bilir ki, proseslərin dərinində hansı mətləblər var, əsas məğz nədir, səbəb nədir. Amma bütün bunları bilə-bilə yenə riyakarlıq edir, acıq çıxır, nəmərdcə statuslar yazır, monitorun arxasında gizlənir. Və adını da qoyub ana müxalifət. Belə müxalifətçilikmi olar? Olmaz! Çünki bunun adı müxalifətçilik deyil, fürsətçillikdir, nadanlıqdır, vicdansızlıqdır!

Hələ o biri "ruh-müxalifətçi” – Arif Hacılı yay yuxusundan ayılıb və birdən yadına düşüb ki, partiya sədridir. Ardınca da ələkçinin qıl verəni obrazında bir-iki cümlə qırıldadıb, status yazıb, hakimiyyətdən izahat tələb edib, hesabat istəyib. Və güman ki, yazıb, sonra yenə yatıb. Nə deyim. Göydən yerə həqiqətən daş enməlidir, kubik ələnməlidir. Çünki Arif də danışır. Üstəlik, yekə-yekə danışır. Ayrıca, hələ də öz başqan kabinetində otura bilmədiyi halda (İsa Qəmbər onu ora buraxmır, özü əyləşir həmin kabinetdə) hakimiyyətdən hesabat istəyir. "Mən də ortalıqda varam” havasına girir. Oysa, adama deyən lazım ki, ay Arif, sən get partiya bileti biznesinlə məşğul ol, pulunu qazan, ana müxalifətçi ola bilməsən də xalaoğlu müxalifətçiliyini elə, ta nə bilim, İsa Qəmbərin "papka”sını daşı. İqtidarı sorğulamaq sənin başının ölçüsündə olan icraat növü deyil axı. Ən nəhayət: Qarabağı satanlar Qarabağı geri qaytaranları ittiham edə bilməz. Heç nədə! – bunu da qulağında sırğa elə saxla! Hə, bir də unutma: bu dövlət, bu hakimiyyət, bu iqtidar öz əsgərini və torpağını səndən ən az 100 qat daha artıq sevir. Əmin ola bilərsən. 

Digər yanda isə Qənimət Zahid Əli Kərimliyə züy tutub. O da öz aləmində vurub-kəsib. Ən əsas sualı isə bu olub ki, görəsən səlahiyyətlilərdən birinin yaxını döyüşdə iştirak edibmi? Həmin suala mən cavab verim: Bəli edib. Hətta şəhidlik zirvəsinə ucalan da var. Amma biz sizlər kimi əsgəri, vətəndaşı firqələrə ayırmırıq, hakimiyyət və qeyri- hakimiyyət bölgüsü etmirik. Əsas da söhbət vətənin taleyindən gedəndə. Amma illah ki, Qənimət Zahid bu sualı vermək ehtiyacı duyub, o zaman düşünürəm, ilk öncə özünə və  lideri Əli Kərimliyə ünvanlanmalı idi. Ki, övladları haradadır, nə işlə məşğuldur və niyə ölkədən qaçıblar? Cavabı varmı həmin sualın? Yox, əlbət. Ona görə heç olmasa abıra kor olub susmaq lazımdır. Hər şeyi hesablamaq lazımdır. Danışanda azərbaycanlı kimi danışmaq  lazımdır. Zatulin kimi yox!

Elşən Musayev, Milli Məclisin deputatı.

Xəbər 1477 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR