"Sarqsyan canını qurtarmaq üçün saman çöpündən yapışır"


"Uzun sürən sükutdan sonra Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın 2016-cı ilin aprel döyüşləri barədə erməni ictimaiyyətinə çatdırdığı "həqiqətlər” yalan və iftiradır, onun iflasa uğramış reytinqinin bərpa edilməsi üçün atılmış növbəti uğursuz addımdır. O, səsləndirdiyi fikirlərə bəlkə də Ermənistandakı öz tərəfdaşlarını inandıra bilər. Əslində isə aprel döyüşlərinin həqiqətləri hamıya bəllidir”.
 
Aktual.az xəbər verir ki, bu sözləri S.Sarqsyanın fikirlərini şərh edərkən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
Polkovnik V.Dərgahlının sözlərinə görə, aprel fiaskosundan sonra Ermənistan parlamentində döyüşlərin nəticələrini araşdıran İstintaq Komissiyası yalnız canlı qüvvə sarıdan ermənilərin 560 nəfər hərbçisinin öldürüldüyünü açıqlamışdı. Həmin döyüşlərdə ermənilərin 33 tankının və 15 topunun da məhv edildiyi danılmazdır.

"S.Sarqsyan Ermənistan silahlı qüvvələrinin itkilərinin sayını azaltmaq və Azərbaycan Ordusu tərəfindən azad edilən ərazilərin ölçülərini kiçiltməklə öz çirkin niyyətlərinə nail olmaq və bacarıqsızlığına haqq qazandırmaq istəyir. O, ikiüzlülük edərək real faktları danmaqla guya apreldə qələbə qazandıqlarını utanmadan bəyan edir. Sual olunur: əgər o dediyi kimi aprel döyüşlərində qalib gəlibsə, bəs nə üçün həmin hadisələrdən qısa müddət sonra onun yaxın dostu və silahdaşı müdafiə naziri vəzifəsində olan Seyran Ohanyan, ardınca isə Ermənistan silahlı qüvvələrinin bütün ali rütbəli rəhbərliyi istefaya göndərildi?

Məgər döyüşlərdə erməni tərəfi xeyli sayda itki verdiyinə görə Ermənistan cəmiyyətinin ayağa qalxması, erməni analarının kütləvi etiraz aksiyaları keçirməsi, "Sasna Srer” qruplaşmasının hakimiyyətə qarşı kortəbii silahlı üsyanı və sonda Sarqsyanın özünün siyasi hakimiyyətinə son qoyulması Azərbaycan Ordusunun aprel zəfərinin əks-sədası deyildimi? Bütün bunların dünya ictimaiyyətinin gözü qarşısında baş verdiyini bilə-bilə ancaq erməni xislətli Sarqsyan həqiqəti danaraq hansısa qələbədən danışa bilər.


Azərbaycan Ordusunun ön xətt bölmələrinin sərəncamında olan silah və hərbi texnikanın az bir hissəsini istifadə edərək qısa zamanda 2 000 hektar ərazisini işğaldan azad etdiyinə rəğmən Sarqsyan Ermənistan silahlı qüvvələrinin məğlubiyyətinə ciddi cəhdlə bəraət qazandırmağa çalışaraq utanmadan qələbədən danışır.

Döyüşlər zamanı Serj Sarqsyanın guya Ermənistan ordusundan bu əraziləri qaytarmağı tələb etməməsinin səbəbinin erməni əsgərlərinin həyatının xilas edilməsinə üstünlük verməsi fikrinə gəldikdə isə, bu, onun Ermənistan tərəfindən yenidən işğala cəhd edilərsə həm canlı qüvvə və hərbi texnikada, həm də işğal olunmuş ərazilərin azad edilməsi baxımından böyük itkilər verəcəklərini yaxşı başa düşdüyünə bir daha dəlalət edir.

Əminliklə demək olar ki, Aprel döyüşləri və bu döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin verdiyi itkilər təkcə Ermənistanın o vaxtkı hərbi-siyasi rəhbərliyi üçün deyil, eyni zamanda Ordumuzla baş verə biləcək növbəti döyüşlərin bərpa olunmayacaq itkilərə, o cümlədən sarqsyan rejimi ilə olduğu kimi hakimiyyət itkisinə gətirib çıxaracağını yaxşı anlayan hazırkı rejim üçün də əsl dərs oldu.

Xüsusi olaraq onu da qeyd etmək istərdim ki, bu çıxışı ilə Ermənistan ictimaiyyətini növbəti dəfə aldatmağa çalışan Sarqsyan özünü qəhrəman kimi qələmə verməklə canını qurtarmaq məqsədilə çürük saman çöpündən yapışır”, - deyə polkovnik V.Dərgahlı bildirib. ("Report")
Xəbər 876 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR