Aybəniz İsmayılova,
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının
Beynəlxalq Əlaqələr şöbəsinin müdiri
Səni güllələyirlər, bazarda satırlar, didərgin
salırlar, qürbətdə üstünə boya atıb, ləkələməyə, yox etməyə çalışırlar. Dəhşətli
taledir, eləmi? Bunlar sadəcə heykələ edilənlərdir. O heykəlin insan, qadın
taleyi də asan olmayıb.
Böyük fransız mütəfəkkiri Jan Jak Russonun
bioqrafiyasını ifadə edən əsərləri diqqətlə oxusaq, bu kitablarda diqqətimizi çəkən
bir məqam olacaq. Russonun yazdıqlarına görə, onun dövründə yüksək cəmiyyəti təmsil
edən fransız qadınları evlərində intellektual görüşlər, sənət, ədəbiyyat söhbətləri
təşkil edirdilər. Kübar fransız qadınları müasir filosoflar, yazıçılar və bəstəkarlarla
sıx ünsiyyət qurur, onları evlərindəki dəvətlərə çağırıb, hörmət göstərirdilər.
Zadəgan qadınlar bəzən maddi imkanları məhdud hesab edilən intellektuallara yardım
edir, ev, mülk bağışlayırdılar. Bu hadisələrin
baş verdiyi zaman kəsiyində Avropa yeni
düşüncə, yeni dəyərlər partlaması, fransız fikir tarixi isə ən zəngin illərini
yaşayırdı.
Azərbaycan isə oxşar dəyərlər, yeni fikir
"bum”unu təxminən yüz il sonra yaşanmağa başlayacaqdı. Mirzə Fətəli Axundov,
Mirzə Şəfi Vazeh, Abbasqulu Ağa Bakıxanov kimi mütəfəkkirlərin başlatdığı
sekulyar, bəşəri, insanmərkəzçi ideologiyanın təsirləri bu görkəmli şəxsiyyətlərin
müasirlərindən yan keçməyəcək, Azərbaycanda maarifçilik ideyalarının və
intellektual hərəkatın əsasını qoyacaqdı. Viktor Hüqonun Volterin məzarı üstündəki
çıxışında dediyi kimi: "on səkkizinci əsr başladacaq, on doqquzuncu əsr davam
etdirəcəkdi”.
Həmin zaman kəsiyində Avropa mesenantlıq ənənəsindən
geri qalmayaraq, intellektual və yaradıcı insanlara qayğını, belə şəfqətli,
alicənab işi öz üstünə götürən qadın isə Qarabağın sonuncu şahzadəsi,
Xurşidbanu Natəvan olacaqdı. Sarayını dünyavi mövzuların müzakirəsi, sənət,
poeziya söhbətləri üçün ocağa çevirən zadəgan Xan qızı, şairə Natəvan "Məclisi-üns”
poeziya məclisinə ev sahibəliyi edəcək, dövrünün yaradıcı şəxsiyyətlərindən
maddi və mənəvi yardımını əsirgəməyəcəkdi.
Heykəli barədə danışdığım hadisələr isə Xan
qızının öz taleyindən də yan keçməmişdi.
Qarabağ xanlarının yeganə varisi, atası
Mehdiqulu xanın sarayının "tək incisi” Natəvan, hələ uşaqlıqdan öz zəkası, dillərə
qarşı marağı, şahmat bacarığı ilə hər kəsi heyran edə bilirdi. Rus və fars dillərində
sərbəst oxuyub-yazmağı bacaran gənc qız sənət aşiqi, musiqi, poeziya vurğunu
idi. Bu, kifayət qədər gözləniləndi, axı Natəvan istedadlı şairə Ağabəyim
Ağanın qardaşı qızı idi. Həmin Ağabəyim Ağa ki, Qarabağla
münasibətlərin sabitləşməsi üçün İran şahına ərə getməli olmuşdu. Onun qəlbi
daima Qarabağ həsrəti ilə döyünmüşdü, şeirlərində, bayatılarında hər zaman
Şuşanın, Qarabağın gözəlliyini təsvir etmişdi. Ağabəyim Ağanın poeziyası sayəsində
xarı bülbül çiçəyi Şuşanın, Qarabağın simvoluna çevrilmişdi. Natəvanın şeir, sənət
vurğunluğu, Şuşa, Qarabağ sevgisi təsadüfi deyildi, mənsub olduğu xan nəslinin ənənəsi
idi.
Natəvanın zəkası, istedadı həmin dövrdə
Qafqaz səyahətinə çıxan böyük fransız yazıçısı Aleksandr Dümanı da heyran
etmişdi. Böyük yazıçı öz xatirələrində yazırdı: "Bir axşam ziyafətində biz iki
knyaginya (fransızca zadəgan qadın titulu-red) ilə tanış olduq. Onlardan biri
Mehdiqulu xanın arvadı, biri də qızı idi. Anaya qırx, qıza iyirmi yaşdan artıq
vermək olmazdı. Qız öz bahalı, milli geyimində çox ecazkar görünürdü…”
Həyat elə gətirdi ki, bu ecazkar qadının
taleyi yaşadığı coğrafiyadakı çaxnaşmalar, böyük siyasi proseslərlə üst-üstə
düşdü. 1822-ci ildə Qarabağ xanlığı ləğv
edilərək, Rusiyaya birləşdirildi. Atası, sonuncu Qarabağ xanı Mehdiqulu xanın
Rusiya Çarı ilə yaşadığı ziddiyyətli münasibətləri də nəticəsiz ötüşmədi.
Qafqazda sabitliyi qorumağa çalışan Qafqaz canişini Vorontsov gənc Natəvanı çar
generalı, kumık əsilli Xasay xan Usmiyevlə ailə qurmağa məcbur etdi. Natəvan hələ gənc yaşlarında ikən könülsüz
evliliyə məcbur edildi.
Tale öz ziddiyyətləri ilə Natəvanı təəccübləndirməyə
davam edirdi. Onun könülsüz ailə qurduğu Xasay xan sadə adam deyildi. General
Usmiyev öz dövrünün həm azərbaycanlı, həm də rus mütəfəkkirləri (Mirzə Fətəli
Axundov, Mirzə Şəfi Vazeh, Bestujev-Marlinski və s.) şəxsən tanış idi, bu adamlarla məktublaşır,
ziyafətlərinə dəvət edirdi. Əri ilə Tiflisi, Dağıstanı gəzən Natəvan bu ədəbi-mədəni
görüşlərin, müzakirələrdə iştirak edir, dövrünün görkəmli şəxsiyyətləri ilə
fikir mübadiləsi aparmaq imkanına malik olurdu. Xüsusilə, Mirzə Fətəli
Axundovun ideyaları ona doğma, yaxın gəlirdi.
Ərinin vəzifəsinin, əlaqələrinin verdiyi bu
imkanlara baxmayaraq, həssas qəlbli şairə Natəvan Xasay xanı sevə bilmədi.
Usmiyevdən boşanıb, birdəfəlik Şuşaya qayıtdıqdan sonra, Natəvan ikinci dəfə
ailə qursa da, onun həyatının bu dövrü daha çox Qarabağa, doğulduğu və sevdiyi
Şuşaya aid oldu.
Şuşa şəhəri on səkkizinci əsrin ortalarında,
Natəvanın ulu babası Pənahəli xan tərəfindən Qarabağ əyalətinin ən hündür hissəsində
salınmışdı. Şəhər böyüyərək, bölgə əhəmiyyətli, siyasi-iqtisadi-mədəni mərkəzə
çevrilmişdi. Bu şəhər dahi azərbaycanlı şairlərin, yazıçıların, musiqiçilərin,
aktyor və ziyalıların evi idi. Şuşa vokal məktəbi öz fərqli xüsusiyyətlərinə
görə, "Qafqaz Konservatoriyası" kimi təsvir olunurdu.
Natəvan, mədəniyyət beşiyi hesab edilən bu şəhərin
inkişafında, müasirləşməsində əvəzsiz rol oynamışdı. Onun işi Şuşada məktəblər,
sənət ocaqları, su təsisatı qurmaqla bitmədi. O özünün azad, müstəqil, sənətsevər
həyatı, davranışları ilə yaşadığı Qarabağın qadınlarına nümunə, mənəvi güc
vermiş oldu. Şeirlərində öz qadın taleyini sorğulayan, ədalət tələb edən
Xurşidbanu, bir qadına imkan verilərsə, dövrünün ziyalısı, ictimai xadimi
olmaqla yanaşı, həm də yaradıcı insanı kimi heç də kişilərdən geri qalmayacağını
göstərdi.
Oğlunu gənc yaşda itirən şairə, bu faciədən
sonra şeirlərində kədərə daha çox yer verdi. Amma şəxsi həyatındakı heç bir
sarsılma onu xeyriyyəçilikdən, doğma şəhərinə qayğıdan uzaqlaşdırmadı.
Maraqlıdır ki, Natəvanın ev sahibliyi etdiyi "Məclisi-üns” ədəbi məclisi də
yalnız şairənin ölümünə qədər mövcud ola bildi.
Adətən insan, şəxsiyyət dünyasını dəyişəndə,
onun hekayəti də bu ölümlə sona çatır. Ölüm belə, Xan qızının hekayətinə son
qoya bilmədi.
Natəvanın ölümündən sonra onun doğma yurdu
yenə böyük siyasi proseslərin içində çapalamağa başladı. 1917-ci il Oktyabr
İnqilabından, Rusiya çarı devriləndən sonra, Natəvanın ölkəsi əvvəl Cümhuriyyət
illərini yaşadı, sonra da Sovetlər Birliyində öz ömrünü davam etdi. Bu böyük
qadının həyatı, yaradıcılığı ölümündən təxminən yarım əsr sonra detallı öyrənilməyə
başladı. Ölümündən yarım əsr sonra Natəvanın şeirlər kitabı işıq üzü gördü,
heykəlləri ucaldıldı.
Nəhayət, 1988-ci ildə Ermənistan və Azərbaycan
arasında Qarabağa görə başlayan savaş yenə də, Natəvanın heykəlinin taleyi ilə
çarpazlaşdı.
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri
Qarabağı işğal edərkən, Natəvanın ev muzeyi, onun tapşırığı ilə qurulmuş bulaq
çeşmələri və bütün başqa abidələr dağıdıldı. Şuşa qalasının içərisindəki, çoxəsrlik
sivilizasiyanı təmsil edən heç bir mədəni irs nümunəsini xilas etmək mümkün
olmadı. Ermənistan Silahlı Qüvvələri Pənahəli xan qalasını və onun
kitabxanasını, on doqquzuncu əsr Gövhər Ağa məscidini, Karvansarayı və 5000
eksponatın olduğu Şuşa Muzeyini vandallıqla məhv etdi.
Bu qorxunc akt Natəvanın abidəsindən də yan ötmədi. Şuşanın işğalı zamanı böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov, ecazkar səsli Bülbülün heykəlləri ilə yanaşı, Natəvanın da abidəsi gülləbarana tutuldu. Ermənistan tərəfi bu heykəlləri sökərək, qara bazarda satmaq üçün qonşu Gürcüstana apardılar. Xoşbəxtlikdən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi bürünc heykəlləri qurtararaq, Bakıya gətirə bildi. Hazırda bu heykəllər Milli İncəsənət Muzeyinin həyətində, Qarabağın "yandırılmış mədəniyyəti” nin lal şahidləri kimi nümayiş olunur.
Bu vandallıq, heykəllərin kədərli taleyi Tom
de Vaalın "Qara Bağ” kitabında da öz əksini tapdı:
"Şəhəri ələ keçirdikdən sonra ermənilər
qisas aktına başladılar. Onlar Qarabağın görkəmli şəxsiyyətləri, bəstəkar və
şairlərinin bürünc büstlərini sökərək, satdılar. Tiflisə aparılan heykəllər
möcüzəli bir şəkildə oradan satın alınaraq, xilas edildi. Bürünc büstləri gözlərimlə
görmüşdüm. Heykəllər Qırmızı Xaç cəmiyyətinin Bakıdakı qərargahının həyətində
idi. Onlara baxanda, adamın ürəyi ağrıyırdı: başı yaylıqlı şairə Natəvan əlində
güllələnmiş baş barmağı ilə sıxdığı kitabı tutmuşdu, bəstəkar Hacıbəyovun
ikitaylı pencəyi güllədən deşik-deşik olmuş, eynəyi qırılmışdı, mütəfəkkirə
oxşayan Bülbülün alnı qabağa çıxmışdı…”.
Natəvanın doğma yurdundan didərgin salınan,
satılan, güllələnən heykəlinin taleyi bununla bitmədi.
2016-cı ildə Belçika krallığının Vaterloo şəhərində
şairə Xurşidbanu Natəvanın heykəli ucaldıldı. Azərbaycanlı şairənin Avropada
ucaldılmış heykəli olduqca simvolik idi. Abidə, təxminən iki yüz il əvvəl
doğulmuş görkəmli şairənin sərhəd tanımayan, bəşəri ideyaları, yaradıcılığının
simgəsi idi. Ona baxanda anlamaq olurdu ki, Natəvan indi heykəl şəklində
dünyanın hər yerini gəzə bilər. Bir il əvvəl, dekabr ayında mən şairənin bürünc
büstünü Belçikada, Vaterloo kitabxanası yanında görəndə, qürur hissi
keçirmişdim. Doğma şəhərindən minlərlə kilometr uzaqda, irəliyə baxan bu intellektual
qadına qucaq açan bəşəri dəyərlər gözlərimi yaşartmışdı. Kədər hissi ilə bunu
da başa düşürdüm ki, bürünc heykəl şəklində belə, o, evindən başqa hər yerə səyahət
edə bilir.
Ermənistan Respublikasının Baş Naziri bu
ilin mart ayında Brüsselə səfər etdiyi gün, Natəvanın Vaterloo yaxınlığındakı
abidəsi vandalizm aktına məruz qaldı. Bəli, Natəvanın heykəli, dəyərləri,
ideyaları bura qədər gəlib çıxmışdı, amma heykəlinin doğma yurdunda məruz
qaldığı vandallıq aktı da bura qədər gəlib çıxa bilmişdi. Bu akt, sanki Xeyirin
də, Şərin də heç vaxt tam ölməməyi, daim yaşayacağı gerçəyinin vizual nümayişi
idi.
Bəli, Şər hələ yox olmayıb.
Ədalət hələ bərqərar olmayıb. Artıq 30 ildir ki, didərgin düşən təkcə Natəvan
heykəli, ruhu deyil. Azərbaycan
Respublikasının Qarabağ bölgəsinin azərbaycanlı sakinləri də doğma
torpaqlarından qovulublar. 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal ediləndə, Ermənistan
Silahlı Qüvvələri 200 nəfəri vəhşicəsinə qətlə yetirib, yüzdən çox dinc sakini
girov götürüb və 22000-dən çox azərbaycanlını doğma yurdundan didərgin
salıblar.
Beynəlxalq ictimaiyyət Qarabağın işğal
olunmuş torpaqlarını Azərbaycan Respublikasının ərazisi kimi tanıyır. 30 ildir
azərbaycanlılar təməl hüquqlarından istifadə edərək, öz evlərinə qayıda bilmirlər.
Buna baxmayaraq, Azərbaycanın hər tərəfinə yayılmış məcburi köçkünlər, erməni
qonşuları ilə barışmağa və əvvəlki kimi, birlikdə yaşamağa ümid edirlər.
Dünyada fiziki, maddi olan hər şeyi məhv etmək
mümkündür. Abidələri, tikililəri, heykəlləri, bulaqları…amma mənəvi olanı məhv
etmək mümkün deyil. Natəvanın izi Qarabağda, Şuşada təkcə tikdikləri,
qurduqları ilə qalmayıb. Böyük şairə o gözəl diyarın tarixində həm də öz maarifçilik
ideyaları və poeziyası ilə iz qoyub.
Sənətə, ədəbiyyata qarşı açılan bütün
savaşlar isə uğursuzluğa məhkumdur. O, mütləq evinə qayədacaq.
Xəbər 5984 dəfə oxunub.