Rüstəmxanlı ilə Həsənquliyev arasında nə baş verir?

Rüstəmxanlı ilə Həsənquliyev arasında nə baş verir?

Mənim sosial şəbəkə üzərindən bu gün yaydığım yazı Qüdrət Həsənquliyevin fikirlərinə qarşı deyil və ümumiyyətlə, mən bu qeydləri edərkən həmkarımın təkliflərindən və buna görə ona qarşı səsləndirilən ittihamlardan məlumatsız idim
Bu sözləri Axar.az-a açıqlamasında xalq şairi, VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı ictimai maraq doğuran açıqlaması haqda danışarkən bildirib. O qeyd edib ki, Qüdrət Həsənquliyevi hərəkatdan tanıyır və Azərbaycanın müstəqilliyini necə yüksək dəyərləndirdiyini yaxşı bilir:
"Q.Həsənquliyev heç bir halda Azərbaycanın milli maraqlarına və müstəqilliyinə azacıq da olsa kölgə salacaq təkliflərlə çıxış edəcək şəxs deyil.
Mənim yazım isə 1991-ci ildəki məqaləmi xatırlatmaqla, 28 aprel işğal gününə həsr olunub və keçmiş SSRİ-nin xiffətini çəkənlərə ünvanlanıb”.
BAXCP sədrinin səsləndirdiyi təkliflərə gəldikdə, xalq şairi qeyd edib ki, bunların böyük əksəriyyəti hamımızın bildiyi həqiqətdir:
"Qüdrət Həsənquliyevin Qarabağ münaqişəsinin həllinin Rusiyada olmasını bildirməsi hamının bildiyi bir həqiqətdir və Azərbaycanın ərazi bütövlüyü üçün Ermənistanla deyil, Rusiya ilə danışıqlar aparılması gərəkdiyini deməkdə də haqlıdır. Biz Qarabağın işğal edilməsində də, aparılan 26 illik danışıqlarda da Rusiyanın mövqeyinin həlledici olduğunu bilmirikmi?
Mənim SSRİ-nin bərpası ilə bağlı son günlər Rusiya lideri Putinin açıqlamasından sonra gündəmə gələn müzakirələrə reaksiyamla Qüdrət Həsınquliyevin Avropa Birliyi modelində Avrasiya Birliyinin yaradılması təşəbbüsü də qarışdırılmamalıdır. Avropa Birliyi modelində regional ittifaq hazırkı siyasi-iqtisadi münasibətlər baxımından uğurlu layihə ola bilər və AB-yə buraxılmayan Türkiyə ilə bərabər, Azərbaycanın da bu birlikdə bərabərhüquqlu üzv olaraq təmsilçiliyindən yalnız qazana bilərik. Mən hətta bir müddət əvvəl Rusiya-Türkiyə münasibətlərinin inkişafının regionumuz üçün olduqca müsbət perspektiv vəd etdiyini və bu münasibətlərin inkişafında Azərbaycanın da rol almasının vacibliyini Türkiyə mediasına bildirmişdim. Eyni sualla Rusiyada səfərdə olarkən mənə müraciət etmişdilər və soruşmuşdular ki, Türkiyə-Rusiya münasibətləri nə qədər səmimidir? Cavab vermişdim ki, bu münasibətlərin inkişafı həm Rusiyaya, həm də Türkiyəyə lazımdır və bu əlaqələrdən bəzi məqamlarda regional dövlət olaraq Rusiya və Türkiyənin milli maraqları asılı olur.
Əlbəttə, Azərbaycan da Rusiya ilə münasibətləri daha yüksək müstəviyə keçirməkdə maraqlıdır – həm iqtisadi, həm də siyasi baxımdan. Dövlətlərarası, xüsusilə Rusiya kimi ölkə ilə münasibətlərimizin inkişafı yalnız qarşılıqlı fayda gətirə bilər. Lakin bu münasibətlər heç bir halda Azərbaycanın milli maraqlarına və suverenliyinə qarşı çevrilməməlidir. Qüdrət Həsənquliyev də bu düşüncədədir və mənim tamamilə başqa istiqamətdə və fərqli düşərgəyə ünvanlı mövqeyimdən Q.Həsənquliyevə qarşı istifadə edilməsi yolverilməzdir”.
Xəbər 2595 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR