Qüdrət Həsənquliyev: “Nadanlıq əlamətidir ki, söyləyəsən ki, deputat niyə Naxçıvanın problemlərindən danışır?”

Qüdrət Həsənquliyev: “Nadanlıq əlamətidir ki, söyləyəsən ki, deputat niyə Naxçıvanın problemlərindən danışır?”

"Baş Prokurorluğun tabeliyində vahid İstintaq Komitəsi yaradılmalıdır”
Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev "Yeni Müsavat”a geniş müsahibə verib. Ölkə gündəmini əhatə edən müsahibədə əvvəlcə bir qrup deputatın Şeyx həzrətləri ilə bərabər bir sıra ölkələrə səfərlərindən danışdıq: 

-Qüdrət bəy, Misir səfərinizdə diqqət çəkən bir məqam oldu: Məhəmməd Peyğəmbərin qılıncını əlinizə alıb şəkil çəkdirmişdiniz. O, nə mesaj idi elə?

- (Gülür) Biz Şimali Qafqazda, Misirdə, Abu-Dabidə və Avstriyada olduq. Həmin şəkil Misirdə çəkilmişdi. Əslində o ziyarət Şeyx həzrətlərinə, həmçinin Azərbaycan dövlətinə olan hörmətin bir ifadəsi idi. Biz Qahirədəki Hüseyniyyə - bizdə İmam Hüseyn məscidi adlanır – məscidində olduq. Məscidin içərisində də xüsusi hazırlanmış əlavə bir yer var. Deyilənə görə, İmam Hüseynin başı həmin yerdə dəfn olunub. Həmçinin orda İmam Əlinin öz xətti ilə yazdığı Quranın nüsxəsi var. Peyğəmbərimizin də qılıncı orda saxlanılır. Qılıncın üzərində də "Bu qılınc Məhəmməd Peyğəmbərə məxsusdur” yazılıb.

c393617d-2b2e-4544-8b3a-c1789c7ab35c.jpg (80 KB)

Qılınc şüşənin arxasındadır, şüşənin özü də əlavə taxta qapılarla bağlanır. Məscidin içində muzey kimi, ayrıca qapısı olan bir guşə var. Bizi ora buraxdılar. Hörmət əlaməti olaraq həmin qılıncı çıxartdılar, Şeyx həzrətlərinə tutmaq üçün verdilər. Sözsüz ki, mən belə bir şansı əldən buraxmazdım. (gülür) Düzdür, tələbə dostum Səxavət bəy o şəkli heç də yaxşı çəkməyib. Amma Məhəmməd Peyğəmbərin qılıncını əlində tutan şəxs kimi çox xoş hisslər yaşadım.

qudret-qilinc.jpg (71 KB)

- Səfərdən öncə sizin Naxçıvan Muxtar Respublikasındakı nazirlərdən birinə ünvanlı sərt açıqlamalarınız, mesajlarınız olmuşdu. Qılınclı fotodan da uzaqgedən nəticə çıxartmaq olardı. Ötüb-keçdimi həmin konflikt? 

- Yox, heç bir əlaqəsi yox idi. Müqəddəs qılıncı əldə tutub rəzil adamlar haqqında düşünmək böyük günah olar. Ümumiyyətlə, mən təbiət etibarilə kinli adam deyiləm və sözün doğrusu, o reaksiyanın da elə sərt olacağını gözləmirdim. Tərbiyəsizlik əvəzinə, etika çərçivəsində hər kəs mənə cavab verə bilərdi. Bu da çox normal qarşılanardı. Parlament müxbiri olaraq bilirsiniz ki, mən hətta Naxçıvandan deputat seçilməyəndə də, Naxçıvanın problemlərini həmişə qalırmışam. İndi də Naxçıvandan seçilmişəm, görürsünüz ki, Qarabağ qaçqınlarının, şəhid ailələrinin problemlərini, ümumən Qarabağ problemini ən çox diqqətdə saxlayan millət vəkillərindənəm. Nadanlıq əlamətidir ki, söyləyəsən ki, deputat niyə Naxçıvanın problemlərindən danışır? Əvvəla, mən o müsahibədə  kimisə tənqid də etməmişdim. Sadəcə problemlərin həll yolları ilə bağlı fikirlərimi səsləndirmişdim. Demişdim Naxçıvanın sosial-iqtisadi inkişafına dair xüsusi dövlət proqramı qəbul olunmalıdır ki, insanlar oranı tərk etməsin. Mən təklif edirəm ki, Naxçıvanda azad iqtisadi zona yaradılsın. Bilirəm ki, hökumət bu istiqamətdə uzun müddətdir danışıqlar aparır. Hazırda vəziyyətin nə yerdə olduğunu bilmirəm. Ümumiyyətlə, mən bu məsələləri mütəmadi qaldırmışam.

214093.jpg (55 KB)

- Bəs, nədən bu dəfə dedikləriniz belə qıcığa səbəb oldu?

- İndiki ərəfədə qıcıqla qarşılanması gözlənilməz oldu. Orda bizim partiyaya münasibətdə də çox qanunsuz davranış olmuşdu. Bizim partiyanın üzvünü Naxçıvan MSK-sı heç bir aidiyyəti olmasa da polislə hədələyərək DSK-dan istefa verməyə məcbur etmişdi. Bəlkə də düşündülər ki, müsahibəm bu hadisəyə cavabdır. Lakin mən ordakı üzvlərimizə problemlər yaranmasın deyə, həm də həmin şəxsin fikrini əsas götürərək onları şərdən qorumaq naminə təkid etmədim və güzəştə getdim. Bəlkə də bunlar düşünüb ki, mənim Naxçıvanın problemlərinin həlli ilə bağlı təkliflərim kiminsə nüfuzunu zədələyir. Amma mən əvvəllər də demişəm ki, Naxçıvanda iş yerləri açmaq lazımdır ki, insanlar oranı tərk etməsin. Naxçıvanı minik avtomobilləri istehsal edən bir mərkəzə çevirmək olar və s. Artıq Bakıda naxçıvanlıların çoxlu sayda qəbiristanlıqları var. Hətta bəzi kəndlər ayrıca qəbiristanlıqlar salıb. Bəzən insanları Naxçıvandan gətirib burada dəfn edirlər, çünki ailənin əksəriyyəti burdadır. Nəyinsə xətrinə bunu deməmək, üstündən keçmək olmaz. Mən bütün gəncliyimi Azərbaycanın müstəqilliyinə həsr etmişəm, milli azadlıq hərəkatının üzvü olmuşam. Elə məsələlər var ki, onların üstündən keçmək sadəcə mümkün deyil. Özü də Naxçıvanda görülən müsbət işləri, Vasif Talıbovun müəyyən müsbət addımlarını da təqdir etmişəm. Devalvasiyadan sonra banklardan götürülən dollar kreditlərinin 1.05 AZN-lə qaytarılması ilə bağlı qərar verəndə də təqdir etmişəm.  Amma Naxçıvanın iqtisadiyyatının Naxçıvan Gömrük Komitəsi ilə birlikdə ödədiyi vergi Naxçıvanın büdcəsinin 21,7 faizini təşkil edirsə və 34 şəhər və rayon dotasiya almadığı  muxtar respublika bütün digər rayon və şəhərlərə 104 milyon manat dotasiya ayrıldığı halda bundan 3 dəfə çox- 300 milyon 360 min manat dotasiya alırsa, bu rəqəmi də deputatlara hökumət büdcə layihəsini təqdim edəndə verirsə, mən də bunu səsləndirirəmsə, bu, niyə belə qıcıq yaratdı, səbəbini başa düşmürəm. 

93432889-dbc5-410b-83ad-94e614a47a67.jpg (139 KB)

- Siz muxtar respublikanın faydasına təkliflər vermişdinizsə, məntiqlə təşəkkür edilməliydi...

- Mən ümumən Azərbaycanla bağlı bu qədər təkliflər sürürəm, bu qədər problemlərin həlli yolları barədə danışıram. Hətta Naxçıvanda heç kimi tənqid etmədiyim halda, bəzən ölkənin bütün siyasi elitasını, iqtidarı tənqid edirəm. Atılan addımların bir çox hallarda yetərli olmadığını deyirəm, daha sürətli islahatların aparılması təşəbbüsü ilə çıxış edirəm. Onda gərək məni Bakıda asalar. (gülür) Amma əksinə...Gördüyünüz kimi, mən prezident seçkilərində də hökumətin fəaliyyətini kifayət qədər sərt şəkildə tənqid edirdim. Hətta seçkilərdən sonra prezidenti təbrik edəndə o dedi ki, bütün namizədlərin çıxışlarına diqqətlə qulaq asırdım və orda qaldırılan problemlərin öyrənilməsi, həll yolları barədə göstəriş də vermişəm. Hansı məsələləri həll etmək gücündəyiksə, buna imkanlarımız varsa, bunu mümkün hesab ediriksə, onları edəcəyik. İnauqurasiya mərasimində də prezident bunu söylədi. Sözün doğrusu, mən bu qədər aqressiyanın  səbəbini başa düşmədim. Bilirsiniz bu, nəyə oxşayır? Bir dəfə adını çəkmək istəmədiyim birisi haqda suala cavab olaraq demişdim ki, həmin adam özü mətbuata açıqlama verib ki, o, prezident olmaq istəmir. O adam da başladı məni söyməyə ki, təəssüf ki, belə adamlar parlamentdə var və mən bilirəm o parlamentə necə düşüb və s.

- Qüdrət bəy, əksər müşahidəçilər bu fikirdədir ki, ölkədə yeni dönəm başlayıb, ciddi islahatlara start verilib. Prezidentin, Birinci vitse-prezidentin əhali ilə görüşləri, əhalinin müxtəlif kateqoriyaları ilə bağlı imzalanan sərəncamlar yüksək qiymətləndirilir. Parlament müxalifəti olaraq bu barə qənaətiniz necədir?

- Prezident və Birinci vitse-prezident tərəfindən atılan addımlar, qəbul edilən qərarlar xalq tərəfindən rəğbətlə qarşılanır. İnsanlarımız bu islahatların dərinləşməsini gözləyir. Mən dəfələrlə bəyan etmişəm ki, Azərbaycan xalqının xoşbəxt gələcəyi yuxarıdan islahatlar yolu ilə cəmiyyətimizi inkişafın yeni mərhələsinə keçirməkdir. Əgər bu, olacaqsa, biz sivil ölkə kimi regionda öz mövqelərimizi qoruyub-saxlayacağıq, gücləndirəcəyik və dünyanın nüfuzlu ölkələrindən birinə çevirəcəyik, Dağlıq Qarabağ problemini də həll edəcəyik. Yox, əgər bu islahatlar yubanacaqsa - səmimi şəkildə deyirəm - ölkədə vətəndaş qarşıdurması yaranacaqsa və bundan sonra hökumət hansısa islahatlara gedəcəksə, o, artıq islahatlar kimi qəbul olunmayacaq. Yəni bir növ hökumətin zorən və artıq zəiflikdən qəbul etdiyi qərarlar kimi qəbul olunacaq və hökumətdən tələb olunacaq ki, digər addımlar da atılsın. Bu da sonda gətirib ölkəni çox ciddi siyasi böhrana soxacaq. Mən əvvəl də demişdim ki, islahatlar yubanarsa, Azərbaycan böyük bir durğunluq dövrünə qədəm qoyacaq. Bunun üçün də konkret təkliflər vermişdim. 

- Konkret nələri nəzərdə tutursunuz?

- Əlbəttə,  ciddi islahatlar ilk növbədə iqtisadiyyatda həyata keçirilməlidir. Yəni iqtisadi sferada biz böyük özəlləşməyə getməsək, sizi əmin edirəm ki, nə qədər başqa qərarlar qəbul olunur-olunsun əhəmiyyətli nəticələr olmayacaq.… İqtisadiyyatı dövlət idarə edirsə, bu, sosialist təsərrüfat sistemi deməkdir. Bu, 70 il ərzində özünü doğrultmadı və doğrultmayacaq da. Sovetlər birliyi dövründə insanların böyük hissəsi kommunizm quruluşuna inanırdı, amma indi artıq o inam da yoxdur. Hökumətin iqtisadiyyatda rolu tənzimləyici xarakter daşımalı və məhdudlaşdırılmalıdır. 

"Əgər bu, olacaqsa, biz sivil ölkə kimi regionda öz mövqelərimizi qoruyub-saxlayacağıq, gücləndirəcəyik və dünyanın nüfuzlu ölkələrindən birinə çevirəcəyik, Dağlıq Qarabağ problemini də həll edəcəyik”

Ona görə də "Azərişıq”, "Azərenerji”, "Azəristilik”, "Azərsu” və s. kimi böyük xidmət sahələri, o cümlədən SOCAR və AZAL özəlləşdirilməsə...Nəqliyyat sistemini əvvəl sahibkarlara vermişdik, indi yenidən hökumət Bakı Nəqliyyat Agentliyini yaratdı və bu sistemi idarə etməyə başladı. Səhmdar cəmiyyətlər hamısı birlikdə bu il büdcəyə cəmi 3,5 milyon manat vergi verəcəklər. Faktiki olaraq bunlar səmərəsiz fəaliyyət göstərən qurumlardır. Bunlar özəlləşdirilməlidir. Özü də yubanmadan bu işlər görülməlidir. İri, nüfuzlu beynəlxalq bankları Azərbaycana gətirmək, Azərbaycan sahibkarının ucuz kreditlərə çıxışını təmin etmək lazımdır. Əlbəttə, neft pulları ilə çox işlər görülüb. Amma bizim gözlədiyimiz o güclü iqtisadiyyatı ona görə qura bilmədik ki, neft pullarını hökumət xərclədi. Mən ona görə Dövlət Neft Fondu yaranandan özümü öldürürəm ki, bu pulların bir hissəsini – demirəm ki, hamısını - gətirin, yerləşdirin yerli özəl banklarda. Birinci, Azərbaycan vətəndaşları öz pullarını xaricə çıxarmasın, görsün ki, hökumət bizim özəl banklara etibar edir, onlar da pullarını gətirib ölkənin özəl banklarında saxlasın. İkincisi, vətəndaşlarımızın ucuz kreditlərə çıxışı olsun. Üçüncüsü banklar da inkişaf etsin. Əgər biz sahibkarların ucuz kreditlərə çıxışını təmin edə bilməsək, indiki kredit faizləri ilə heç bir sahibkar kredit götürüb ondan rentabelli biznes sahəsi qura bilməz.    - Bunlar iqtisadi sfera ilə bağlı təkliflərdir. Bəs, digər sahələr haqda nə deyə bilərsiniz?

- Təbii ki, ölkədə qanunların aliliyinin təmin olunması istiqamətində paralel addımlar atılmalı və məhkəmə islahatları həyata keçirilməlidir. Məsələn, indi ölkədə 8 dövlət orqanının istintaq departamenti var. Bunların hamısı birləşdirilməlidir. Baş Prokurorluğun tabeçiliyində vahid dövlət İstintaq Komitəsi yaradılmalıdır. Yəni hər hansı bir cinayət faktını aşkar edən orqan həmin materialları istintaq aparılması üçün Dövlət İstintaq Komitəsinə göndərilməli və araşdırma burada getməlidir. Bu, həm də əsassız cinayət işlərinin, təqiblərin qarşısını alacaq. Çünki eyni orqan həm cinayət faktını aşkar edir, həm də onun istintaqını aparır. Amma burada cinayət faktını aşkarlayan istintaqının aparılması üçün onu başqa orqana göndərir.   

Bundan əlavə, hakimlər ömürlük seçilməlidir. İkincisi, hakimlər yalnız cinayət törətdiyinə görə onlar vəzifəsindən kənarlaşdırıla bilər. Amma indi bizdə intizam məsuliyyətinə cəlb etməklə hakimləri vəzifədən kənarlaşdırırlar. Hətta ədliyyə naziri dedi ki, Məhkəmə-Hüquq Şurası formalaşandan sonra 120-yə qədər hakim vəzifəsindən kənarlaşdırılıb, bu, dəhşətli statistikadır. Bu qədər hakimi necə vəzifəsindən kənarlaşdırmaq olar? Ona görə də hakimlərin tam müstəqilliyi təmin olunmalıdır. Hakimlərin maddi təminatı olmalıdır. Söhbət 600 hakimdən gedir. Hesab edirəm ki, 600 hakimin hər birinə indiki reallıqda ən azı ayda 10 min manat məvacib verilməlidir və ehtiyacı olanlar mənzillə təmin olunmalıdır. Onlardan da tələb olunmalıdır ki, qanunları göz bəbəyi kimi qorusunlar, ədalətli qərarlar qəbul etsinlər. Bax, bizdə 120 hakim qanunu pozduğuna görə vəzifədən kənarlaşdırılıb. Bunların neçəsi həbs olunub? Hesab edirəm 120 hakim qanunu pozduğuna görə cəzalanıbsa, 120-si də məsuliyyətə cəlb olunmalıdır. Yəni onlar həbsə atılmalı idi. 

-Siyasi islahatlarla bağlı nə kimi təklifləriniz var?

-Təbii ki, ölkədə siyasi islahatlar da dərinləşdirilməlidir. Ölkədə proparsional seçki sistemi bərpa olunmalıdır. Bizim parlamentimizdə də nəhayət, normal fraksiyalar olmalı, normal müzakirələr keçirilməlidir. Parlament müxbiri olaraq görürsüz, bizdə faktiki surətdə porodoksal vəziyyət yaranıb. Əhəmiyyətsiz məsələlərlə bağlı deputat kimi 10 dəqiqə danışa bilərsən, amma vacib məsələlərlə bağlı çıxış etmək istəyən deputatların sayı çox olur və o zaman deyirlər ki, çıxış etmək istəyənlərin sayı çoxdur, ona görə reqlament 5 dəqiqəyə endirilir. Parlament çoxluğu isə böyük məmnuniyyətlə müzakirələrin tez başa çatmasını dəstəkləyir. Yəni parlamentin özünün də durumu dəyişməlidir. Parlamentdə fraksiyalar olmalıdır ki,alternativ məruzələrlə çıxış etmək imkanı olsun. Həmçinin parlament Komitələrində ictimaiyyəti narahat edən ciddi məsələlərlə bağlı müvafiq vəzifəli şəxslər dəvət olunmaqla dinləmələr keçirilməlidir. Mən keçən dəfə siqaretlərlə bağlı məsələ qaldırmışdım. Operativ reaksiya özümü də təəccübləndirdi. Növbəti iclasda artıq "Reklam haqqında” qanuna dəyişiklik edildi və yəqin ki, şüşələrin arxasında siqaretlərin, spirtli içkilərin düzülməsinin qarşısı alınacaq. Əslində belə olmalıdır, deputatların dedikləri havadan asılı vəziyyətdə qalmamalıdır. Qəbul olunmursa, iqtidar partiyası öz arqumentlərini ortaya qoymalıdır ki, niyə qəbul olunmur, təkliflər məqbul sayılmır? 

 -Qüdrət bəy, deputat həmkarınız Zahid Orucun təyinatını necə qarşıladınız?

-Zahid Oruc həmin vəzifəyə uğurlu bir təyinatdır. Adətən, çay süfrəsi ətrafında o, mən, Fazil Mustafa mövcud problemləri müzakirə edirdik, həll yolları barədə danışırdıq. Bir çox hallarda əsasən, bizim fikirlər üst-üstə düşürdü. Hesab edirəm ki, Zahid Orucun hazırlayacağı hesabatlar masaların üzərində qalmayacaqsa, onları həqiqətən oxuyan olacaqsa, o təkliflər nəzərə alınacaqsa, Zahid Oruc da vəzifəyə təyin olunandan sonra dəyişməyəcəksə, kənar təsirlərdən özünü qoruya biləcəksə, onun bu təyinatı faydalı olacaq. Hərdən Fazil bəylə zarafatla danışırıq – xüsusilə Zahid Oruc təyin olunandan sonra – ki, insana müəyyən vəzifə, səlahiyyət verilməsi onun mentalitetini, milli mənsubiyyətini, kimliyini dəyişib alman ,ingilis etmir. Bizim millətdə isə insanlar vəzifəyə keçəndən qısa müddət sonra ciddi şəkildə dəyişirlər, qapanırlar, telefonlara cavab vermirlər,bəlkə də bu cür davranış barədə köhnəlmiş tapşırıqlar olur, əlaqələri kəsirlər və s. Amma yenə də ümid edirəm ki, deputat həmkarımızın təyinatı faydalı olacaq. Onsuz da biz fikirlərimizi mətbuata deyirik, onlar da medianı izləyəcəklər - nəzərə alınacaqsa, çox yaxşı, alınmayacaqsa, çox təəssüf...

Xəbər 1723 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR