Quba-Xınalıq yolunda təhlükə - Hər an qar uçqunu ola bilər

Quba-Xınalıq yolunda təhlükə   - Hər an qar uçqunu ola bilər

Quba-Xınalıq yolu artıq qardan təmizlənib və nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə “Azeryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O bildirib ki, Quba-Xınalıq yolunun 33-37-ci kilometrliklərində 5 yerdə qar uçqununun olması işləri çətinləşdirsə də, idarənin ağır texnikaları və canlı qüvvəsi günün sonunda yolu tamamilə qardan təmizləməyə müvəffəq olublar: “Quba-Xınalıq yolunda kəskin hava şəraitinə baxmayaraq qurumun sözügedən əraziyə cəlb edilən ağır texnikasının köməyi və əməkdaşlarının gərgin əməyi nəticəsində çovğun zamanı yola yığılmış böyük qar kütləsi ötən gün axşam saatlarında bütövlükdə təmizlənib. Nəticədə həm həmin istiqamətdə yerləşən bütün kəndlərə avtomobillərin gediş-gəlişi bərpa edilib. Lakin hər an qar uçqunu təhlükəsi olduğu üçün sürücülərdən ehtiyatlı olmaları xahiş olunur”.

Anar Nəcəfli qeyd edib ki, hər kəs, xüsusilə də mətbuat nümayəndələri həmin yolun ucqar dağlıq ərazidən keçdiyini və çətin relyefə malik olduğunu nəzərə almalıdır: “Quba-Xınalıq yolu və bu kimi digər ucqar dağ yollarının qış fəslində, xüsusilə qar yağarkən bağlanması normal haldır. Yaxın keçmişdə belə yollar kəskin hava şəraiti, çovğunlar və qar uçqunları zamanı bir-neçə günlük deyil, bir-neçə aylıq bağlanırdı. Bunu ucqar dağ yolları üzərində yerləşən kəndlərin sakinləri də təsdiqləyə bilər. Ona görə də hər dəfə hər-hansı ucqar dağ yolunun kəskin hava şəraiti səbəbindən bağlanması barədə xəbər hazırlanmamışdan öncə bu amil nəzərə alınsa daha yaxşı olar”.

Xəbər 395 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR