Qətiyyətin və insanlığın vəhdəti

Qətiyyətin və insanlığın vəhdəti

Elçin Mirzəbəyli

Uzun-uzadı yazmayacağam... 

Əslində hər şey göz qabağındadır. Görmək istəyən son 15 ilin mənzərəsini gözünün önündən keçirib, olub-keçənləri elə olduğu kimi də xatırlaya bilər. Necə ki, mən bu gün, Şamaxıda, təbii fəlakətdən ziyan çəkən ərazilərdə lentə alınmış fotoşəkilləri izlədikcə yaxın tarixin yaddaşıma həkk olunan parçalarını bir araya gətirib siyasi iradənin, qətiyyətin, intellektin, insanlığın qolboyun olduğu mükəmməl bir portretin gözlərim önündə canlanmasına nail ola bildim...
Onu ilk dəfə Ümummilli Lider Heydər Əliyevin 1990-cı ilin yanvarın 21-də, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransından çəkilən videosüjetdən, fotoşəkillərdən tanımışam. Azərbaycanın ən ağır, ən faciəli günlərindən birində, olduqca mürəkkəb siyasi şəraitdə, hətta özünün və doğmalarının həyatı üçün ciddi təhlükələrin olduğu bir zaman kəsiyində xalqla birlikdə idi... Üzündə hüzn, addımlarında qətiyyət üçrəngli bayrağın dalğalandığı, böyük liderin imperiyanın qanlı siyasətinə meydan oxuduğu məqama doğru addımlayırdı... 
Növbəti dəfə oxşar portret cizgiləri ilə Ümummilli Liderin nəşinin Vətənə gətirildiyi gün qarşılaşdım: Hüzn, qayğı, gediləcək yolun, daşınacaq yükün ağırlığının əks olunduğu məsuliyyət, iti, qətiyyətli, irəliyə doğru tuşlanmış baxışlar...
...Zaman keçdikcə, illər öncə şahidi olduğum və tez-tez təsəvvürümdə canlandırdığım xalqın içindən gələn Adamın portret cizgilərinin hər dəfə əvvəlkindən daha qabarıq şəkildə nəzərə çarpdığını görəndə, yaddaşıma səpələnmiş cizgilərin konkret zaman kəsiyində özünü büruzə verən ovqatın, əhval-ruhiyyənin deyil, bütöv bir xarakterin hər dəfə xəfif bir şəkildə, qaranlıqdan sıyrılan işıq zərrəsi kimi ortaya çıxdığına bir daha əmin olmuşam...
Bəzən insanlar ayrı-ayrı siyasət, dövlət adamları haqqında düşünəndə, nədənsə gözlərinin önündə daşlaşmış, hissi, duyğusu olmayan bir insan obrazı canlandırırlar. Heydər Əliyev xalqa yaxınlığı, sadəliyi ilə bu streotipləri alt-üst etmişdi... İlham Əliyev də həmçinin... darmadağın etdi.
Mübariz İbrahimov və Fərid Əhmədovla vida mərasimini xatırlayırsınız? 
İlham Əliyevin şəhid ailələri, Qarabağ qaziləri, məcburi köçkünlərlə görüşlərini necə? 
Bu görüşlərin hər birində Azərbaycan prezidentinin iç dünyasından üzünə sıçrayan sıçrayan sevgini, qayğını, mərhəməti, özünə, xalqına, qətiyyətlə, müdrikliklə irəli apardığı dövlətinin gücünə olan inamı, Azərbaycanlı olmağın qürurunu, xalqın içdən gələn sevgisinin bəxş etdiyi xoşbəxtliyi görməmək mümkün deyil...
Ən son Şamaxıda, təbii fəlakətdən ziyan çəkən evlərin sakinləri ilə görüşdə də haqqında söz açdığım Bütöv Xarakterin bütün qaranlıqları yarmağa qadir olan işıq seli kimi sayrışan cizgiləri bir daha göz önünə sərgiləndi...
Azərbaycan prezidentinin Şamaxıda öz vətəndaşlarına dediyi bir neçə kəlmədən ibarət cümlə, zənnimcə haqqında elə ilk cümlədən uzun-uzadı yazmayacağımı vəd etdiyim portretin tamamlanması üçün yetərlidir: Siz narahat olmayın!
Bu sözlərin nə qədər məlhəm olduğunu doğmasına, əzizinə ən çətin anda təsəlli və dəstək verməyi bacaran, onun ağrısını öz ağrısı, dərdini öz dərdi bilənlər daha yaxşı başa düşər... Ən çətin anımızda ümidsizliyə qapılmamağınızın, gözümüzdəki işığın, içimizdəki sevginin səbəbi elə budur! 






Xəbər 356 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR