Qənirə Paşayeva "Uşaqların zərərli informasiyadan qorunması" üçün qurumlara çağırış etdi

Qənirə Paşayeva

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirələrdə çıxışı zamanı bu qanun layihəsinin günümüzün reallığında ən vacib qanun layihələrindən biri olduğunu deyib:


"İndiki zamanda internetə azad girişin olduğu, insanların böyük əksəriyyətinin internetdən geniş istifadə etdiyini, xüsusilə sosial şəbəkələrdən geniş istifadə etmək imkanlarını nəzərə alsaq, uşaqlarımızın zərərli informasiyadan qorunma imkanları da çox çətinləşir. Uşaqların zərərli informasiyadan qorunması bir çox inkişaf etmiş ölkələrin düşündüyü məsələdir, çünki bunu qadağalarla həll etmək mümkün olmur, qadağalar öz effektiv təsirini verə bilmir. İnternet elə bir böyük məkandır ki, burda xüsusi maraqları olan çoxsaylı qruplar fəaliyyət göstərir, xurafatçılıq, mövhumat, fanatizm, missionerliyi və digər zərərli halları təbliğ edirlər. Uşaqlarımızın sərbəst telefondan, kompüterlərdən istifadə edərək internetdən geniş istifadə etmək imkanlarını nəzərə alsaq, ailələrimizin, valideynlərin öz uşaqlarına nəzarət etməkdə çətinlik çəkirlər. Bu məsələnin həllinin kökündə maarifləndirmə dayanmalıdır, bu baxımdan bu qanun layihəsinin vacibliyini qeyd etmək istərdim. Bu qanun layihəsinin yaxşı şəkildə həyata keçməsi üçün çağırış səsləndirmək istərdim. Bu qanunun işləməsində bəzi qurumların, təşkilatların üzərinə xüsusi vəzifələr düşəcək. Təhsil vasitəsilə uşaqların internetdə, sosial mediada, sosial şəbəkələrdə zərərli informasiyadan qorunması məqsədilə xüsusi seminarlar, beynəlxalq konfranslar keçirilir və bu yaxınlarda mən özüm "Gənclər və sosial media, şəbəkələr" mövzusunda konfransda iştirak etmişəm. Düşünürəm ki, Təhsil nazirliyi məktəblərdə uşaqlarımız arasında maarifləndirmə işində xüsusi fəal olmalıdır, zərərli informasiyadan qorunma mövzuları ilə bağlı məktəblərdə tədbirlər, müzakirələr, təbliğat olmalıdır. Birinci məktəblərdən başlayaraq, zərərli informasiya nədir, ondan qorunma vasitələri ilə bağlı maarifləndirmə işi aparılmalıdır. İkincisi, kütləvi informasiya vasitələrinə çağırış etmək istərdim. Çünki zərərli informasiyadan qorunma ilə bağlı maarifləndirmə uşaqlarla yanaşı, internet resurslarından uşaqların zərərli informasiyalara məruz qala bilməsi ilə bağlı geniş məlumatı olmayan valideynlər arasında da aparılmalıdır. Bu çox mühüm qanun layihəsini dəstəkləyir və qanun layihəsinin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Artıq ikinci oxunuşu keçirilən qanun layihəsi yaxın zamanlarda qüvvəyə minəcək və bütün qurumlar, hamımız bu qanunun güclü şəkildə həyata keçməsinə çalışmalıyıq, çünki bu qanunun həyata keçməsində cəmiyyətin birbaşa könüllü dəstəyi lazımdır. Dünya təcrübəsi göstərir ki, yalnız qadağalar, məhdudiyyətlər öz effektiv təsirini ciddi vermir, daha da çox təhsil, savadlandırma, maarifləndirmənin aparılması ilə uşaqları zərərli informasiyadan qorumaq mümkündür."

Millət vəkili Q.Paşayevanın MM-də çıxış videosunun linkini burdan izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=sDl-_x1jGTw&feature=youtu.be 

                               

Xəbər 224 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR