Qəbir daşını göstərək?

Qəbir daşını göstərək?

Geridə qoyduğumuz parlament seçkiləri unikal zarafatları ilə yadda qaldı həm də. Kimi dindirsən, indi "çinədan”ında bir neçə seçki lətifəsi ilə dolaşır. Məndən soruşsanız, daha çox "ölüf, ölüf. Qavır daşını göstəremmi?” deyən seçici yaxını ilə məntəqə üzvü arasındakı dialoqu seçərdim. Ona gündə bir-iki dəfə qulaq asıb, üzümü güldürürəm. Bir də seçki ilə bağlı tövbə edən, "əbəcdadımla qələt edərəm, bir də seçkiyə qatılaram” deyən namizədin video bəyanatını yaddan çıxarmıram. Bəli, gülməlidir. Əslindəsə durum faciəvidir. Biri ölən seçicinin adının seçici siyahısında olmasının, digəri isə seçkiyə ümidlə qatılıb borca girən vətəndaşın faciəsidir. Bəs biz niyə uğunuruq, qəşş edirik? Arsızlığımızdan. Ya da gülməyib nə edəsiyik ki?

Mən Qubad İbadoğlunun gənc qızı Jalə Bayramovanın seçki məntəqəsində saçından tutulub necə yerlə sürünməsini görəndən sonra özümə gələ bilmirəm əslində. Bəli, bizim gənc balalarımız seçkilərdə könüllü müşahidəçi olurlar, demokratik olacağını düşündükləri prosesləri müşahidə etmək, təcrübə toplamaq istəyirlər. Ölkədə gedən islahatlara inamları, dəyişikliklərə ümidləri o qədər böyükdür ki, onlar da bu dəyişimin bir parçası olmaq istəyirlər. Amma insi-cinsi bəlli olmayan, kimə, nəyə qulluq etdiyi şübhə altında olan bir qadın çıxır ortaya və o istəyin içinə gül qoyur. Balası yaşında bir qızın saçından tutub, yerlə sürüyür. Üstəlik, buna heç bir əsası olmadan. Sonra da biz ölkədə qadına qarşı şiddət faktının artmasından şikayətlənir, "qadına şiddətə son” deyirik. Qadının qadına etdiyi bu zülmü görəndən sonra mən güclü cinsin nümayəndələrinin şiddətə meylliliyindən necə şikayətlənim? Hansı üzlə? Jaləni döyən qadın sanki bu yaşa qədər həyatdan olan bütün intiqamını o gənc, çəlimsiz qızçığazdan alırdı. Aşağı məvacibinin, sosial problemlərinin, uşağının təhsil haqqının... Təbii ki, bu, heç kəsin belə şiddət göstərməsinə haqq qazandırmır. Problemlər insanın aqressivləşməsinə səbəbdir, amma bunun əmələ keçməsinə əsas ola bilməz, bilməməlidir.

Faciə isə odur ki, bizim ölkədə "günah döyüləndədir” prinsipi sanki konstitusiyanın ana maddələri sırasındadır. Bəli, döyülübsə, demək ki, günahı var. Qərar da belə çıxarılıb: çəkiliş apardığı üçün ona qarşı iş açılıb. Lətifə kimi ölkədir, Allah haqqı. Ortada foto-video faktlar var, izah edirsən ki, Q.İbadoğlunun qızı heç də onu döyən qadını çəkmirdi. Sadəcə, məntəqənin başqa bir üzvü ilə çəkiliş barədə mübahisə edərkən, bu dəniz anasına bənzəyən məxluq, yaratıq çıxıb ortaya və qızı yaşında uşağa qarşı vəhşilik törədib. Hanı onun cəzası? Bəs noldu, siz Facebooka baxır, orda gördüklərinizdən qərar çıxarırdız? Hanı o vəhşi qadının cəzası? Məqsəd Qubad bəyi radikal çıxışlarına görə hansısa formada cəzalandırmaq idisə, bəs niyə gənc Jalə günah keçisi seçildi? Ədalət bunun harasındadır?

Deputatlığa namizəd Günel Səfərovanın yaşadıqları isə ümumiyyətlə, bu seçkinin kuliminasiya nöqtəsidir. Xanım seçki zamanı baş verən pozuntular barədə şikayət edib, şikayəti təmin edilməyib. Qərar veriləndən sonra namizəd Günel Səfərova MSK üzvünə "Ramiz müəllim, verilən qərardan vicdanınız rahatdırmı?” sualını ünvanlayıb.MSK rəsmisi Ramiz İbrahimovun cavabı bu seçkinin "gül”ü olub: "Niyə namizəd olmusan? Qadınsan, get bozbaşını bişir”.

Oxuyub heyrətə gəlirsən. İllərdən 2020, əsrlərdən 21-ci əsr. MSK kimi bir qurumda qadının namizəd olmamasının vacibliyini düşünən bir nəfər təmsil olunur və bunu gizlətmir, açıq şəkildə də deyir. Ölkənin birinci vitse - prezidenti qadın, mühüm postlarda təmsil olunan onlarla qadın var, artıq mühüm vəzifə və strukturlarda gender balansı özünü qoruyur, qadın-kişi namizəd deyə bir ayrım qalmayıb. Amma qadının şikayətinə "bozbaş" prizmasından baxmaq normadır. Bunu deyən şəxs nəinki üzr istəmir, hətta buna görə ictimai qınağa da məruz qalmır.

Bu ölkə insanı, bu ölkə seçicisi parlament seçkilərinə çox böyük ümidlə getmişdi. Ölkədəki dəyişimlərdən, yenilənmələrdən, kadr islahatlarından həvəslənib, hər şeyin dəyişəcəyi ümidi ilə şaxtalı fevral günündə seçki qutularına tərəf yol almışdı. Bu qədər lətifəni, travmalı hekayəni, gənclərin saçından yerlə süründürülən bir seçkini gözləmirdi.

Məncə, bu seçki ilə bağlı dəqiq təsbiti MSK üzvü verib: "Gedin evdə bozbaşınızı bişirin”. Bəli, evində bozbaş belə bişirməyi bacarmayan, bu ünvana layiq olmayan adamlar gəlib seçki məntəqələrində insanların taleyini həll edirsə, terror əsdirirsə, bu, olduqca düzgün təsbitdir. Əslində özləri də etiraf edirlər: seçkini bir çox dairələrdə, məntəqələrdə bozbaş qaynadırmış kimi qaynadıblar. Amma onu "süfrəyə” çıxarmağa utanırlar.

Gerçəkdən də ümidlər ölüb... O hər zaman sonuncu ölən var ha, onu deyirəm... Onlar üçün ölməyə bilər. Bizim üçünsə ölüb. Qəbir daşını göstərəkmi?

Sevin Telmanqızı/musavat.com
Xəbər 39173 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR