Qazaxıstanda son vəziyyət: Çox sayda ölü və yaralı var

Qazaxıstanda son vəziyyət: Çox sayda ölü və yaralı var
  • DÜNYA

Qazaxıstanın Almatı şəhəri meriyasının qarşısındakı Respublika meydanında hərbçilərlə silahlı şəxslər arasında atışma başlayıb.

Aktual.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Meydana hərbçilər gəldi, iğtişaşçıların "təmizlənilməsi” əməliyyatı başladı. İntensiv atışma gedir”, - TASS-ın əməkdaşı bildirib.

Öz növbəsində "Sputnik.kz” da teleqram kanalında şəhərdə atışmanın getdiyi xəbər verib: "Meydanda atışma gedir”.

Qeyd edilir ki, meydana 50-yə yaxın hərbi texnika, o cümlədən BTR, hərbçilərlə dolu yük avtomobilləri cəlb olunub və meydan mühasirəyə alınıb.

Ölkədə bütün maliyyə təşkilatları antiterror əməliyyatı və internetdə fasilələr fonunda fəaliyyətini dayandırıb. Bu barədə "Xabar 24” telekanalı Milli Bankın mətbuat katibi Oljas Ramazanova istinadən xəbər verib.

"Qazaxıstan Respublikasının Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi və Qazaxıstan Milli Bankı hüquq-mühafizə orqanları tərəfindən antiterror əməliyyatlarının aparılmasını və internetdə müvəqqəti fasilələri nəzərə alaraq, bütün maliyyə təşkilatlarının fəaliyyətinin müvəqqəti dayandırılması barədə məlumat verir”, - Ramazanov bildirib.

O qeyd edib ki, bu tədbir həm də maliyyə qurumlarının əməkdaşlarının və müştərilərinin sağlamlığının və həyatının qorunmasına yönəlib.

"Sputnik Qazaxıstan” isə xəbər verib ki, səhər saatlarında Almatı küçələrində etirazçılar olmayıb. Agentliyin məlumatına görə, şəhərdə çoxlu mağazalar qarət edilib, şüşələr sındırılıb, işıqforlar yerindən çıxarılıb. Qeyd edilir ki, PDM-lər və zirehli maşınlar Almatının mərkəzində talançıları əhatəyə alıb. Məlumata görə, şəhərin küçələrində talançılara qarşı xüsusi əməliyyata başlanılıb. Əməliyyatda güc strukturlarının əməkdaşları ilə yanaşı hərbçilər da iştirak edir.

İğtişaşlar zamanı şəhərə külli miqdarda ziyan dəyib, radikallar inzibati binaları və avtomobilləri yandırıblar. Mağazaların və bankomatlarln şüşələri sındırılıb. Talançılar eyni zamanda şəhərin bir neçə iri ticarət mərkəzini qarət ediblər.

Nur-Sultanda bütün inzibati binalar gücləndirilmiş mühafizəyə götürülüb. Eyni zamanda paytaxtda bütün aviareyslər yerli vaxtla saat 12-dək (Bakı vaxtı ilə saat 10:00-a qədər-red) təxirə salınıb.

Axşam saatlarında Almatı şəhərində təşkil olunan antiterror xüsusi əməliyyatı zamanı daha əvvəl etirazçılar tərəfindən ələ keçirilən hava limanı azad edilib. Bu barədə şəhər administrasiyası rəhbərinin müavini Yerjan Babakumarov bildirib.

"Şəhərdə xüsusi antiterror əməliyyatı başlayıb. Hava limanı azad olunub. O, adi iş rejiminə keçir", - Babakumarov jurnalistlərə deyib.

"Zakon.kz" portalı əməliyyat zamanı 2 hərbi qulluqçunun həlak olduğunu bildirib. 

Qazaxıstanın bölgələrində baş verən iğtişaşlar nəticəsində 8 polis əməkdaşı və Milli Qvardiyanın əsgəri həlak olub, 317 nəfər yaralanıb. Bu barədə respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Nizamsızlıq edən kütlənin əlindən qanun-qaydanı və əhalinin sağlamlığını təmin edən asayiş keşikçiləri, həkimlər, həmçinin sadə vətəndaşlar, eləcə də yaşlı insanlar, yüzlərlə insan zərər çəkib. 317 polis əməkdaşı və Milli Qvardiyanın hərbi qulluqçusu yaralanıb, səkkiz nəfər həlak olub”, - xəbərdə deyilir.

Bu arada Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib. Müraciətdə deyilir:

"Əziz vətəndaşlarımız!

Bildiyiniz kimi, cari ilin 19 yanvar tarixinədək bütün Qazaxıstan Respublikası ərazisində fövqəladə vəziyyət elan edilmişdir. Vətəndaşlarımızın rəsmi məlumatları izləməyi və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi məsləhət olunur”.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbində neft hasilatı regionu Mangistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri sıxılmış neft qazının qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, etirazlar sonra digər şəhərlərə də yayılıb. Yanvarın 4-ü və 5-də respublikanın əvvəlki paytaxtı Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verib. Ölkənin hər yerində internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.
Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR