"Putin sübut etdi ki, istənilən vaxt sözünün və imzasının arxasından çox asanlıqla qaça bilir..."


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Rusiya prezidenti Vladimir Putinin dünən "Valday klubu"nda Azərbaycana qarşı sərgilədiyi namərdliyi Moderator.az- şərh edib:
 
Aktual.az müsahibəni təqdim edir:

- Qüdrət bəy, dünən Rusiya Prezidentinin "Valday klubu"nda Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının Ermənistandan asılı olmasını bəyan etməsini necə qarşıladınız?
 
- Rusiya ilə dostluğa, onu Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində ədalətli qərarlar qəbul etməyə inandırmağın mümkünlüyünə inanan bir şəxs kimi böyük təəssüf hissi keçirdim. İnanıram ki, tək mən yox, həm də Putinə inanan çoxlu sayda insan bundan təəssüfləndi. Mən əvvəllər də söyləyirdim ki, regionda marağı olan Rusiya münaqişyə  son qoyulmasında, digər güclər isə Türkiyə istisna olmaqla, münaqişənin ədalətli  həllində maraqlı deyillər.10 noyabr 2022-ci il sazişi də elə tərtib olunub ki, gələcəkdə bir çox məsələlər barədə razılığa gəlmək mümkün olmasın. Məsələn, yazıla bilərdi ki, Laçın və Zəngəzur dəhlizləri eyni statusa malik olacaq, amma yox, fərqli ifadələr işlətməklə Ermənistana manipulyasiyalar üçün yer qoyulub. Yaxud, üçtərəfli Bəyannamənin birinci bəndində yazılmalı idi ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır. Vətən müharibəsi dövründə dəfələrlə mətbuata verdiyim açıqlamalarda qeyd edirdim ki, biz  Ermənistanla Azərbaycanın ərazi bütövlüyünün tanınmadığı heç bir sənədə imza atmamalıyıq. Amma bəzən güc faktorundan doğan acı reallıqlarla barışmalı oluruq. Putin Rusiyanın Ukraynaya təcavüzündən sonra ikinci böyük səhvini etdi. Həm də sübut etdi ki, həm o, həm də müasir Rusiya dövləti istənilən vaxt sözünün və imzasının arxasından çox asanlıqla qaça bilir. Artıq əminliklə qəbul etmək olar ki, Rusiyanın imzaladığı sazişlərin dəyəri onun üzərinə köçürüldüyü kağız parçasından da dəyərsizdir. O cümlədən, Azərbaycanla 22 fevral 2022-ci ildə Moskvada imzalanmış müttəfiqlik münasibətlərinə dair Bəyannamə də.
 
- Sizcə Putin niyə belə etdi?
 
- Rusiya sorosçu, qərbyönümlü Paşinyanı devirmək istəyir. Ona görə 44 günlük savaşda qismən neytral mövqe tutdu. Rusiya bu mərhələdə  Paşinyanı devirə bilməsə də, həm onu işğalı müdafiə etməməklə cəzalandırdı, həm də Qarabağa-torpaqlarımıza  öz əsgərlərini gətirdi. Hazırda görünən odur ki, Rusiya Qarabağı, Qarabağla birlikdə isə Azərbaycanı daima öz nəzarətində saxlamağı düşünür, sülh sazişinin imzalanmasından, Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasından son dərəcə narahatdır. Putin bu açıqlaması ilə ondan imtina etmiş sivil dünyanın, ermənipərəst Qərb dairələrinin də diqqətini özünə cəlb etmək istəyir. Görünür, həmin dairələrin dəstəyinə Türkiyə-Azərbaycan münasibətlərindən daha çox dəyər verir. Bəlkə də ermənilərin vasitəsilə Qərb liderlərinə təsir edib Ukrayna bataqlığından çıxmaq üçün onlarla bir masa arxasında əyləşmək istəyir. Hamımız bilirik ki, ABŞ və Fransada güclü erməni diasporası var. İnanmıram ki, o son açıqlaması ilə Paşinyanın devrilə biləcəyini düşünür.
 
- Azərbaycan XİN niyə Putinin bu davranışına cavab vermədi?
 
- İqtidar Rusiya ilə dostluğa böyük önəm verir. Görünür ona görə. Ancaq bağlı qapılar arxasında etiraz ediləcəyinə, Soçidə onun təkliflərinin qəbul edilməz olduğunu və münasibətlərə ciddi ziyan vurduğunu onun diqqətinə çatdıracağıq. Paşinyan bəyan etdi ki, Putinin təkliflərini qəbul edir və ümid edir ki, Putin Soçidə sözünün üstündə duracaq. Bu isə  əvvəl əldə olunmuş razılaşmalardan faktiki imtina deməkdir. Belə vəziyyətdə başqa nə edə bilərik?
Rusiya ilə işləməkdə davam etməli, Türkiyə və Türk Dövlətləri Təşkilatı ilə, digər dost ölkələrlə  məsləhətləşmələrə başlamalı, silahlanmaya və peşəkar ordu quruculuğuna böyük pullar xərcləməliyik. Tarixin elə məqamları olur ki, böyük dövlət adamları öz ölkəsinin gələcəyi naminə cəsarətli qərarlar qəbul etməli olur. Hesab edirəm ki, Ermənistan ilin sonuna qədər Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh sazişi imzalamasa Azərbaycan Respublikasının Prezidenti Qarabağ üzərində suverenliyimizi bərpa etmək üçün haqqa-ədalətə, beynəlxalq hüquqa əsaslanan belə bir qərar qəbul etməli olacaq. Əks halda Qarabağdan gözümüzü çəkməli, artıq ərazi bütövlüyümüzü tanımadığı və onu parçalamaq istədiyi üçün düşmən deyə biləcəyimiz ölkənin ordusunun Azərbaycanda yerləşməsi ilə barışmalı olacağıq.

Xəbər 1392 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR