"Prezidentin bu açıqlaması ermənilərin son ümidlərini də öldürəcək və..."


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-ın sualını cavablandırıb.

Qüdrət bəy, Azərbaycan Respublikası Prezidentinin Yaponiyanın "Nikkei" qəzetinə verdiyi müsahibədə "Dağlıq Qarabağda heç bir referendium olmayacq" deməsinə və Rusiya Federasiyasının Prezidenti V. Putinin Qarabağ münaqişəsinə dair Valday diskussiya klubunda verdiyi cavaba münasibətinizi bilmək istərdik.


- Əvvəla qeyd etmək istərdim ki, 2009-cu ildə Minsk qrupu həmsədrləri münaqişənin həllinə dair tərəflərə Madriddə yeni prinsiplər təqdim edəndən bir çox insanlarımızın ürəyindən sanki daş asılmışdı. Hətta ilk dəfə bu prinsiplər elan olunanda bəyan etmişdim ki, yaxşı ki, Ermənistan bunu qəbul etmədi. Açıq söyləyim ki, Ordumuzun möhtəşəm qələbələrinə, Prezidentin köhnə status-kvonun artıq qalmadığını bəyan etməsinə  baxmayaraq Azərbaycanın problemin həllinə dair baza prinsiplərinə sadiq qalmasını  açıqlaması insanların nigarançılığını tam aradan qaldırmırdı. Amma Prezident hər zaman bəyan edib ki, o nəyi nə zaman və necə etməyi dəqiq bilir. Belə hesab edirəm ki, Prezident həm xalqımızın bir hissəsinin narahatçılığına birdəfəlik son qoymaq üçün və xarici işlər nazirinin ABŞ səfəri öncəsi bunu açıq elan etməyi zəruri sayıb. Prezidentin bu açıqlaması ermənilərin son ümidlərini də öldürəcək, beynəlxalq birliyi və regionda marağı olan ölkələri nəhayət  ki, bununla barışmağa məcbur edəcəkdir. Bütün bunlar isə qələbəmizi asanlaşdıracaqdır.


Putinin son açıqlaması bir daha  göstərdi ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünün bərpasına qarşı deyil, münaqişənin ilk günlərində bəyan etdiyi birmənalı mövqeyə sadiqdir və o dəyişməyib. Rusiya Prezidentinin bəzi komanda üzvləri və ermənipərəst dairələr tərəfindən böyük təzyiqlərlə məruz qalmasına baxmayaraq öz ölkəsinin milli maraqlarından çıxış edərək neytrallığını saxlaması çox təqdirə layiqdir. Əminəm ki, Rusiyadakı ayrı-ayrı dairələr tərəfindən Ermənistana silah - sursat göndərilməsinə baxmayaraq əgər bu gün sorğu keçirilsəydi həm Putinin, həm Rusiyanın insanlarımız  arasında nüfuzunun xeyli qalxdığını görərdik. Putin xarakter etibarilə sözübütöv, münasibətlərdə səmimi olan siyasətçilərə və ölkələrə rəğbət bəsləyir. Onun Türkiyə Prezidenti haqqında bu nöqteyi nəzərdən dediyi xoş sözlər də bunu təsdiqidir. Putin əmindir ki, Azərbaycan Respublikasının Prezidentinin artıq aforizm kimi qəbul olunan "sözümüz imzamız qədər mötəbərdir","biz etibarlı tərəfdaşıq" deyimi həm Prezident İlham Əliyev, həm Azərbaycan üçün hamılıqla qəbul olunmuş ali dəyərdir. Bütün ağıllı insanlar başa düşür ki, bizim haqlı olmamıza baxmayaraq Rusiya istəsəydi münaqişəyə Ermənistan tərəfdən qoşulmaq üçün ya bəhanə tapacaqdı, yaxud belə bəhanəni yaradacaqdı. Amma Rusiya Prezidenti mərhum Prezident Heydər Əliyev, onun ardınca Prezident İlham Əliyev tərəfindən Rusiya ilə aparılan dostluq və strateji tərəfdaşlıq siyasətinin üstündən xətt çəkmədi və neytrallığını qorudu. Mənim  Rusiya ilə bağlı münaqişədən öncəki proqnozlarım hələ ki, özünü doğruldur. Xəyanətkar Ermənistana görə Rusiya Türkiyə və Azərbaycanla münasibətləri pozmaqdan uzaq görsənir. Azərbaycan işğala son qoyandan sonra bizim münasibətlər daha yüksək səviyyəyə qalxacaqdır. Bölgənin xoşbəxt gələcəyi Türkiyə, Rusiya, İran  və Azərbaycanın dostluğundan və əməkdaşlığından keçir.
Xəbər 1972 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR