Prezident Yevlax və Xaçmazın yeni icra başçılarını qəbul edib

Prezident Yevlax və Xaçmazın yeni icra başçılarını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib.

Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
-Mən sizi icra başçısı vəzifəsinə təyin edirəm. Siz bu günə qədər icra başçısının müavini vəzifəsində işləmisiniz, müəyyən təcrübə toplamısınız. İndi isə sizə böyük etimad göstərərək Xaçmaz və Yevlax rayonlarına icra başçısı vəzifəsinə təyin edirəm. Bu, böyük etimaddır və siz bu etimadı doğrultmalısınız.
Xaçmaz rayonunda uzun illərdir ki, Şəmsəddin Xanbabayev işləyir. Şəmsəddin Xanbabayev Naxçıvanda ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Baş Nazir vəzifəsində işləmişdir. Ondan sonra Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində işləmişdir. Əvvəlki nazir onu işdən çıxarmaq istəmişdi, mən qoymadım. Çünki Şəmsəddin Xanbabayev həm təcrübəli insandır, eyni zamanda, ən ağır dövrdə Heydər Əliyevə öz dəstəyini göstərmişdi və Heydər Əliyev onu Naxçıvanın Baş Naziri vəzifəsinə təyin etmişdi.
Son illər ərzində Xaçmaz rayonunda abadlıq işləri aparılıbdır, böyük infrastruktur layihələri icra edilibdir. Mənim təşəbbüsümlə modul tipli elektrik stansiyası tikilib, aqroparklar işə başlayıb, həm Bakıdan Xaçmaza qədər, eyni zamanda, kənd yolları çəkilib. Xaçmaz rayonunun çox böyük turizm potensialı var və hesab edirəm ki, gələcəkdə biz bu imkanlardan daha geniş şəkildə istifadə etməliyik. Şimal zonasının turizm imkanları doğrudan da çox genişdir. Bildiyiniz kimi, Qusar rayonunda, MDB məkanında ən yüksək səviyyəli dağ-xizək mərkəzlərindən biri fəaliyyət göstərir – Şahdağ kurortu. O da mənim təşəbbüsümlə yaradılmışdır. İlk dəfə mən o dağlara gələndə orada heç bir yaşayış, heç bir infrastruktur yox idi. Biz yollar çəkdik. Quba və Qusar rayonlarının sərhədində müasir elektrik stansiyası yaradıldı, qazlaşdırma aparıldı, elektrik enerjisi, su təchizatı təmin edildi. Yəni, bir sözlə Qusar rayonunun çox böyük inkişaf layihəsi icra edilmişdir. Bir daha demək istəyirəm ki, Şahdağ kurortu bu gün nəinki MDB-də, dünya miqyasında ən gözəl dağ-xizək kurortlarından biridir.
Xaçmaz rayonunun da özünəməxsus gözəl təbii şəraiti vardır. Təkcə Nabran bölgəsini qeyd etmək kifayətdir. Doğrudan da nadir təbii məkandır. Əlbəttə ki, orada turizm infrastrukturu müasir standartlara cavab verməlidir. Əfsuslar olsun ki, hazırda bu, belə deyil. Mən Xaçmaz rayonuna son səfərim zamanı oradakı turizm imkanları ilə tanış oldum, gördüm ki, indiki Azərbaycanın inkişaf səviyyəsinə uyğun gəlmir. Bir sıra istirahət zonaları çox primitivdir, xidmət səviyyəsi də çox aşağıdır. Ona görə bu məsələyə çox böyük diqqət göstərilməlidir. Dövlət xətti ilə lazımi kömək göstəriləcək. Ancaq yerli icra orqanları da bu sahəyə böyük diqqət göstərməlidirlər. O cümlədən Xaçmaz rayonunun böyük kənd təsərrüfatı potensialı vardır və orada yaradılmış Yalama aqroparkı çox böyük investisiya tutumlu layihədir. Digər sahələr üzrə də işlər düzgün aparılmalıdır. Yerli vətəndaşların müraciətlərini nəzərə alaraq, orada böyük suvarma layihələri icra edildi. Yəni, rayonun çox böyük potensialı var. İnfrastruktura gəldikdə, həm Olimpiya Mərkəzi, eyni zamanda, xəstəxana yaradılmışdır, abadlıq işləri aparılmışdır. Bu işlər davam etdirilməlidir, ancaq müasir səviyyədə, müasir tələblərə uyğun şəkildə.
Yevlax rayonunun da çox böyük potensialı vardır. Orada da böyük infrastruktur layihələri icra edilmişdir. Düzdür, içməli su və kanalizasiya layihələri hələ ki, başlamamışdır. Xaçmaz rayonunda bu layihələr başa çatıb. Bir neçə gün bundan əvvəl "Azərsu” Səhmdar Cəmiyyətinə göstəriş verildi ki, Yevlax rayonunun içməli su və kanalizasiya layihəsinə start verilsin. Hazırda Azərbaycanda cəmi beş şəhərdə bu layihələr başlamayıb. Ancaq müvafiq göstərişlər verilib və bu işlər də davam etdirilməlidir.
Əlbəttə ki, kənd təsərrüfatı sahəsində böyük imkanlar var. Sənaye baxımından çox böyük potensial var. Yəni, icra başçıları bütün bu işlərdə fəal olmalıdırlar. Düzdür, əsas işi dövlət qurumları görür. Yol çəkilişi, elektrik enerjisi təchizatı, qaz təchizatı - bütün bunlar dövlət investisiya proqramı çərçivəsində həll olunan məsələlərdir. Yerli icra orqanları, sadəcə, burada çox fəal olmalıdırlar və bütün bu layihələrin icrası üçün öz səylərini göstərməlidirlər.
Sizin qarşınızda duran əsas vəzifələr rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafını təmin etməkdir. Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz. Sizin işiniz kabinet işi olmamalıdır. Düzdür, əlbəttə ki, hər bir rəhbərin işi, o cümlədən qəbul edilən qərarlar, görülən işlər, keçirilən müşavirələr - bütün bunlar hər bir rəhbər işçinin gündəlik həyat tərzidir. Ancaq siz çox model başçılar kimi fəaliyyət göstərməlisiniz.
Mən bir neçə dəfə demişəm, əgər ölkəmizin bütün kəndlərinin problemləri həll olunarsa, deməli, bütün problemlər də həll olunacaq. Xüsusilə nəzərə alsaq ki, hazırda regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü dövlət proqramı icra edilir. Hesab edirəm ki, dördüncü proqramın icrası nəticəsində bu günə qədər həll olunmamış məsələlər tam şəkildə öz həllini tapacaqdır. Bu proqramın icrası Xaçmaz və Yevlax rayonlarını da əhatə edir. Siz vətəndaşların qayğıları ilə yaşamalısınız, onların problemlərini öyrənməlisiniz, düzgün təhlil aparmalısınız. Hansı məsələ rayon səviyyəsində həll oluna bilərsə, onları həll etməlisiniz. Əgər gücünüz çatmasa, onda mərkəzi icra orqanlarına müraciət etməlisiniz, o cümlədən Prezident Administrasiyasına ki, biz mövcud olan problemləri həll edək.
Eyni zamanda, siz vətəndaşlarla daim ünsiyyət əsnasında rayonun problemlərini və vətəndaşları narahat edən məsələləri daha dərindən öyrənib adekvat tədbirlər görməlisiniz. Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır. Ona görə bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə çox ciddi fəaliyyət göstərməlisiniz, tamamilə şəffaf vəziyyət yaradılmalıdır.
Xəbər 449 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR