Prezident: "Polipropilen Zavodunda 500-dən çox yeni iş yeri yaradılacaq"

Prezident:

"Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Sumqayıtda yeni böyük sənaye müəssisəsinin açılışına toplaşmışıq. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu mərasimdə bizimlə bərabər İtaliya Prezidenti cənab Sercio Mattarella iştirak edir. Buna görə, cənab Prezident, Sizə minnətdaram. İtaliyanın Prezidentinin bu mərasimdə iştirakı müəssisənin əhəmiyyətini daha da artırır. Eyni zamanda bu müəssisənin yaradılması İtaliya-Azərbaycan dostluğunun təzahürüdür. Çünki bu böyük sənaye müəssisəsi beynəlxalq əməkdaşlıq nəticəsində yaranmışdır. İtaliya şirkəti "Maire Tecnimont” bütün inşaat işlərini yüksək səviyyədə aparmış və gözəl bir əsər yaratmışdır”.


Aktual.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisində "SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən Polipropilen zavodunun açılış mərasimindəki çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Polipropilen zavodunun istifadəyə verilməsi və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsi nəticəsində Azərbaycanın ixrac potensialı böyük dərəcədə artacaq: "Hər iki zavodda hər il 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək. Beləliklə, Azərbaycan idxaldan asılılığı tamamilə aradan götürəcək və ölkəmizin böyük həcmdə qeyri-neft ixracı yaradılacaqdır.

Bizim iqtisadi sahədə və sənaye istehsalı sahəsində məqsədimiz məhz bundan ibarətdir. Biz bu zavodun timsalında Azərbaycanda son illər ərzində aparılan uğurlu iqtisadi və sənaye siyasətini görürük. Ən yüksək texnologiyalara malik olan zavod bu gün fəaliyyət göstərir. Zavodda yüzlərlə iş yeri yaradılır, daha dəqiq desəm, 500-dən çox yeni iş yeri yaradılacaqdır. İdxaldan asılılıq tamamilə aradan götürülür, gözəl ixrac imkanlarımız yaradılır. Kadr hazırlığı çox yüksək səviyyədə öz həllini tapmışdır. Azərbaycanın qeyri-neft sektorunun inkişafına zavodun çox böyük dəstəyi olacaqdır. Əminəm ki, zavodun fəaliyyəti nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni iş yeri yaradılacaq. Çünki bu zavodda buraxılan xammaldan hazır məhsul istehsal olunacaq və Azərbaycan o məhsulun da idxalından asılılığı aradan götürəcək. Yəni, bu böyük sənaye müəssisəsinin timsalında biz siyasətimizi, aparılan işlərin nəticələrini görürük.

2015-ci ildə, - mən o günü yaxşı xatırlayıram, - zavodun təməli qoyulub və qısa müddət ərzində nəhəng sənaye müəssisəsi yaradılıb. Deyə bilərəm ki, Azərbaycanın müasir tarixində bu ölçüdə və bu səviyyədə sənaye müəssisəsi tikilməmişdir. Düzdür, bizim neft-qaz sektorunda böyük inşaat işlərimiz həyata keçirilmişdir - böyük platformalar, qazma qurğuları, ancaq qeyri-neft sektorunda bu, ən böyük sənaye müəssisəsidir və ən son texnologiyalara malik olan müəssisədir.

Mən fürsətdən istifadə edərək italiyalı tərəfdaşlarımıza bir daha öz təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, onlar bundan sonra da Azərbaycanda uğurla fəaliyyət göstərəcəklər və belə böyük sənaye müəssisələrinin yaradılması gələcəkdə də aparılacaq, çünki buna böyük ehtiyac var”.

Xəbər 98 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR