Prezident Aİ-nin xüsusi nümayəndəsini qəbul etdi (YENİLƏNİB)

Prezident Aİ-nin xüsusi nümayəndəsini qəbul etdi (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Aktual.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib. Avropa İttifaqı ilə Azərbaycan arasında konstruktiv dialoqun mövcud olduğunu söyləyən dövlət başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə müntəzəm dialoq apardığını xatırladıb. Prezident İlham Əliyev Prezident Şarl Mişelin Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına töhfəsini müsbət qiymətləndirdiyini vurğulayıb.

Toivo Klaar Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak etmək və Azərbaycan- Avropa İttifaqı əlaqələrinə dair müzakirələr aparmaq üçün Aİ-nin iki komissarının bu yaxınlarda Azərbaycana səfər etdiyini xatırladan xüsusi nümayəndə səfər çərçivəsində çox səmərəli müzakirələrin aparıldığını deyib. Toivo Klaar da Prezident Şarl Mişelin Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına önəmli dəstək verdiyini bildirib. O həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa dair yeni saziş üzrə danışıqların tezliklə yekunlaşacağına ümidvar olduğunu deyib.

Prezident İlham Əliyev Aİ-nin iki komissarının Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirakının müsbət qiymətləndirdiyini və bunun Avropa İttifaqının Azərbaycan ilə münasibətlərə verdiyi önəmin ifadəsi olduğunu bildirib. Dövlət başçısı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin şaxələndirilmiş xarakter aldığını və bir çox sahələri əhatə etdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyinin bəyan etdiyi kimi Azərbaycana müxtəlif layihələrin dəstəklənməsi üçün iki milyard avro dəyərində güzəştli kredit xəttini ayrılmasının da əlaqələrimizin müsbət inkişafının göstəricisi olduğunu bildirib.

Dövlət başçısı ötən ilin dekabrında Prezident Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Ermənistanın Baş nazirinin də iştirakı ilə keçirilən görüşün əhəmiyyətini vurğulayıb. Brüssel gündəliyinin önəmini diqqətə çatdıran Prezident İlham Əliyev bu xüsusda müzakirələrin və praktiki işin aparılmasının vacibliyini qeyd edib, həmçinin Azərbaycana minaların təmizlənməsi prosesində veriləcək dəstəyin təqdir olunduğunu deyib. Dövlət başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların intensiv şəkildə aparılması və onun tez bir zamanda yekunlaşdırılması üçün müvafiq qurumlara tapşırıqların verildiyini diqqətə çatdırıb. Birinci Ermənistan-Azərbaycan müharibəsi zamanı dörd mindən artıq insanın itkin düşdüyünü xatırladan Prezident İlham Əliyev ötən il Brüsseldə və cari il fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dördlü formatda keçirilən görüşlərin nəticəsi olaraq itkin düşmüş şəxslərin taleyinin və onların basdırıldığı kütləvi məzarlıqların müəyyən edilməsi məsələsində Ermənistan tərəfinin konstruktiv formada davranmasının vacibliyini diqqətə çatdırıb.

Görüşdə həmçinin Ermənistan-Azərbaycan arasında kommunikasiyaların bərpası, sərhədlərin delimitasiyası və digər prinsipial məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
 
11:05
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Aktual.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Xəbər 460 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR