“Pıs–pısa” cücüsünün hekayəsi” – Elşən Musayev yazır…

“Pıs–pısa” cücüsünün hekayəsi”   – Elşən Musayev yazır…

Heç yadımdan çıxmaz. 15 ilin söhbətidir. "Məşvərət Məclisi”nin (o zaman iqtidaryönlü partiyaların cəmləndiyi təsisat idi) ofisində qurumun rəhbəri rəhmətlik Məmməd Əlizadə ilə Parlament seçkilərinin nəticələrini izləyirdik. Efirdən MSK sədri qalib namizədləri bir-bir elan edirdi. Biz də nəfəsimizi dərib dinməzcə qulaq asırdıq. Yuvarlanmışdıq ekranın düz içinə. Telepatik jestləri istisna etsəm, başqa bir reaksiya və icraat yox idi, tərəfimizdən. Əlqərəz, 125 nəfərin adı tamı-tamına sadalandı. Və…onların içində yalnız bir ad çəkilərkən Məmməd müəllim dözmədi, soyuqqanlığını itirdi, sükutu pozdu və intuitiv olaraq dedi: "Vay dədəm vay, bu "pıs-pısa” cücüsü yenə keçdi…”

***

Mən sonra Parlamentin Aparatında işə düzəldim və beləcə həmin haqqında danışılan adamın fəaliyyətini daha yaxından izləmək imkanı qazandım. Tam səmimi deyim, bəzən hətta müəyyən zaman kəşiyində  Məmməd müəllimi qınadım belə. "Kişi”yə qarşı ədalətsiz davrandığını düşündüyüm üçün.(Mahiyyətinə varmasam da anlayırdım ki, bu "pıs-pısa” nəsə normal şey deyil) Niyə? Çünki "müəllim” Parlamentdə normal çıxışlar edirdi, radikal deyil, loyal idi, müxalif qiyafəsinə rəğmən Heydər Əliyevin gördüyü işləri, onun dövlətçilik fəlsəfəsini düzgün qiymətləndirirdi, hətta Ulu Öndər haqda qələmə alınan bir çox kitaba "ön söz” yazmışdı, təhsilimiz barədə xoş sözlər deyirdi, iqtisadiyyatımızın çiçəklənməsi ilə bağlı dövri mətbuatda tutarlı, arqumentli məqalələr çap elətdirirdi. Amma lap tutaq, bütün bunları içdən eləmirdi, tutaq qeyri-səmimi idi. Denən riyakar, artist, saxtakar. "Pıs-pısa” niyə? O nə cücüdür ümumiyyətlə? Niyə məhz "pıs-pısa”?

2005-ci ildə müxalifətin daha bir namizədi qalib idi. Lalə Şövkət. Fəqət, bu xanım ümumi düşərgə adına bağlanan əhdi pozmadı. Mandatdan imtina etdi. Dedi, sözümüz sözdür. Kişi qızı kimi də sözünü tutdu. Amma həmin o "qəhrəman” yüz variant elədi, bütün qınaqlardan bir şəkildə yayındı, 50 hoqqadan çıxdı,  təşkilatını satdı, "lider”ini satdı, verdiyi sözə xəyanət etdi, əqidəsinə, prinsipinə, yaşına-başına xəyanət etdi, amma…mandatdan imtina etmədi. Yəni, Lalə Şövkətin qadın ola-ola göstərdiyi əzmi bu kişi ola-ola göstərə bilmədi. Bilmədi bilmədi də…Denən cəsarətsiz, qorxaq, dözümsüz, tamahkar.  Bəs "pıs-pısa” niyə? Nədir o "pıs-pısa”? Evdəmi gəzir, çöldəmi gəzir, ağacdamı gəzir?

Sonra mandat getdi, bağda ərik bitdi, adam dərhal çevirilib oldu başqa birisi. Ardınca da özü üçün yeni hədəflər müəyyən elədi. Aldı dırmığı əlinə, başladı şumlamağa. Ağına-bozuna baxmadan. Təbii, şantaj amacı ilə. Yəni, "görüm-baxım” edin, müxalifətdə qalmayım, qayıdım sıralarınıza. Hətta bəy konkret təklif də irəli sürübmüş: Mərdəkanda 1 hektar torpaq sahəsi, yeni "Toyota” avtomobili və aylıq 5 min manat pul. Təklif anındaca rədd edildi. Bu minvalla aqressiya daha da artdı və körpülər kökündən yandı. Amma lap tutaq hadisə belə vaqe olub. Denən "arada gəzən”, simasız, mövqesiz. Ta "pıs-pısa” nə idi? Niyə məhz "pıs-pısa”? Ədəbi dildə yox, lüğətdə yox, rəsmi leksikonda yox. Nədir o "pıs-pısa”?

Həbs olunan bir nazir vardı. Həm də "müəllim”in həmyerlisi idi. 3-4 ay onun da prodüserliyini elədi. Qalmışdı ortalıqda. Qan-tər içində ora-bura şütüyürdü. Saytlara, xarici təsisatlara, "hüquq müdafiəçilərinə” kom-kom, kisə-kisə pul daşıyırdı. Yeni sahibinə "siyasi məhbus” statusu verdirməkdən ötəri. Fəqət, çifayda. Onu da yarıtmadı. Batırdı adamı, batıra bildiyi qədər. Batırdığı hər şey və hamı kimi. Amma lap belədir, lap tutaq adamın məzmunu budur. O zaman denən "makler”, poçtalyon, dələduz. "Pıs-pısa” hardan çıxdı bəs? "Pıs-pısa”nın nə dəxli? "Pıs-pısa”nın nə əlaqəsi?

Bir ara eşitdim ki, Avropa ölkələrindən birinin (bəlli) kəşfiyyatı bəyi "4-cü əl” kimi lom qiymətinə satın alıb. İşlətdilər əməlli. Yüngül məbləğə. Kvartalı 6 min evroya. Pulu göndərirdilər Gürcüstan banklarına, Gözəl kimi canlı inkasatorlar da daşıyırdılar onu Bakıya. Təbii, üzərindən bəlli faiz götürməklə. Sonra seçki məqamı gəldi. İbrahimbəyov narazı elektoratı barmağına dolayandan sonra radikal müxlaifət stupor vəziyyətinə düşdü, çıxılmaz durumda qaldı və adam tapmadığı (?!) üçün bu məzlumu verdi qabağa. Elədi onu zorla "lider”. Daha dəqiqi, eləmək istədi. Amma alınmadı. Çün, o pəltəkdən, o jarqon yiyəsindən, o sistemsizdən lider əmələ gətirmək mümkünsüz idi. Hətta bu diletantı təhqirə belə yuvarladılar ki, bəlkə həbs oluna, şişə. Fəqət, iqtidar həmin tələyə də düşmədi, bu siyasi mürdəşiri ümumiyyətlə ciddiyə almadı. Öz səssizliyi ilə tam bitirdi, məlum şuluq gədəni. Adamın Konstitusiya Məhkəməsindəki son çıxışı isə hələ də xatırimdədir: "Məzahir müəllim, mən…mən…mən…(su gətirirlər, içir,davam edir)  mən, mən, mən…” Əlqərəz, 8 sözün altısı "mən”. İclas bitib artıq. Camaat çıxıb gedib. Zal boşdur. 6 "mən” isə hələ də əlləşir bir-biri ilə. 6 bir-birinə zidd "mən”. Və o an kimsə ağlının ən uc nöqtəsində belə ehtimal etmir ki, gələcəkdə həmin ”mən”lərin hələ daha 5-6-sı peydahlanacaq, onlardan biri "Milli Aşura”ya sədr seçiləcək, biri Amerikada araşdırmaçı tarixçıyə çeviriləcək, biri yeni bığ dəbi ilə "Versace”nin siması olmağa cəhd edəcək, biri diplomatik arxivlərdə əski, silgi, toz alan kimi işlədiləcək, biri "ayda 2000 dollar para+ daimi yaşayış haqqı+ pulsuz günorta yeməyi” müqabilində vətən satacaq,əqidə satacaq, ləyaqət satacaq. Amma…və yekə bir növbəti AMMA! Tutaq ki, adam hətta lap bu xislətə sahibdir. Lap tutaq deyilən kimidir. Yenə min bənzətmə üsulu, yöntəmi var axı. Adını qoy xain, satqın, yaramaz, minsifət, mənliksiz, mənəviyyatsız. "Pıs-pısa” nə idi bəs? "Pıs-pısa” hardan çıxdı bəs? Bu cücü "n” qədər neqativ məzmunu, feli, icraatı həqiqətənmi bir mərkəzdə toplamağa qadirdir? Qadirdirsə, nədir o? Biri desin, nə mənə imiş həmin "pıs-pısa”?

***

Keçən yayın söhbətidir. Demək, bir yaxın qohumum rayondan gəlib Bakıya. Qaranlığa düşdü deyə, həmin gün geri qayıtmağa qoymadım. Bizdə qalası oldu. Və…səhər oturmuşuq yemək süfrəsinə. Baxıram, adam dəhşət rahatdır. Yaxşımı yatıb, qonaqpərvərliyimdənmi xoşhal olub, yoxsa kefi başqa səbəbdənmi yerindədir – bilmirəm. Sadəcə gözlərində qəribə fərahlıq var. Orası dəqiqdir.
Bir az keçir, özü anladır hər şeyi. Daha doğrusu xəbəri belə olmadan tarixi bir açıqlama verir: "Bina evinə qurban olum, qardaş. Əsas da yayda. Kənddə bu zəhrimar "pıs-pısa” cücüsünün əlindən yatmaq olmur”(həmin an az qala çay stəkanı düşəcəkdi əlimdən) Gözlərim bərələ qalıb. Heyrət dolu baxışlarla  söhbətin ardına qulaq asıram: "Hə qardaş, çox mundar, çox yaramaz cücüdür. Əlindən gecə işığı  yandırmaq olmur. Yandıran kimi haradansa çıxır, rabitəsiz, anlaqsız şəkildə ora-bura şütüyür. Səsi mundar, yerişi mundar, varlığı mundar, ayaq altda qalıb ölməsi mundar, qoxusu mundar. Dezinfeksiya da edirəm, ləğv olub getmir. Hamamda kökünü kəsirəm, yataq otağından çıxır, yataq otağında məhv edirəm, stolun üstündə peyda olur, stoldan düşürürəm "rakovina”dan boylanır. Bu zırrama harda yemək qırıntısı var, bir göz qırpımında özünü yetirir ora. Dəhşət də iyrənc siması var. Bir baxırsan bığlıdır, bir baxırsan bığsız. Bir baxırsan bozdur, bir baxırsan qara. Kopoğlunun həşəratı elə bil "xamelion”dur. Hə, bir də işığı heç sevmir, aydınlıqdan qorxur, ancaq qaranlıqladır işi”

Ehmalca gülümsəyirəm. Dodağımın altında. Qohum isə bu gülüşə narazı dirənişlə qahmar çıxır: "Gülmə, heç gülməli deyil. Manyakdır o həşərat. Ciddi deyirəm. Bir gün gəl sən də bizdə qal, o zaman anlarsan ki, hansı iyrənc məxluqdan bəhs edirəm. A kişi, deyirəm sənə ki, idarə olunmazdır, anlaqsızdır, iyrəncdir, bir məkanı, bir ünvanı yoxdur, ilandan betərdir, dözülməzdir, bir çörək qırıntısının quludur. Nəyə gülürsən? Niyə gülürsən? Gülməli şey danışıram?!
Bu dəfə şaqqanaq çəkib gülürəm…

P.S. Allah sənə qəni-qəni rəhmət eləsin, Məmməd müəllim. Tam doqquzluğa vurubmuşsan.  

Milli Məclisin deputatı Elşən Musayev
Xəbər 3021 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR