"PAŞİNYAN AYI OYNATMAĞA, SİYASİ MEYMUNLUQ ETMƏYƏ SADƏCƏ MƏCBURDUR"


Ermənistanın "ulduz" baş naziri Nikol Paşinyan sentyabrın 18-də yenidən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gəlib. O, Qarabağda yerləşdirilmiş erməni hərbi birləşmələrinin mövqelərinə baş çəkib. Rəsmi məlumatda deyilir ki, Paşinyan əsgərlərin döyüş hazırlığını və mövqelərin möhkəmliyini yoxlayıb. O, həmçinin, Qarabağa gedən yolda bir qrup erməni hərbçisinin iki ayı balası ilə əyləndiyini görüb, onlara qoşulub və ayılarla şəkil də çəkdirib.

Paşinyan ayı oynatmağa, öz oğlunun əsgərlik məsələsini piar alətinə çevirib siyasi meymunluq etməyə sadəcə və sadəcə məcburdur. Çünki o, erməni cəmiyyətində inqilabi əhval-ruhiyyəni qoruyub saxlamaq üçün populist açıqlamalardan və "selfi demokratiyası"ndan əsl erməni bicliyi ilə yararlanır. Əks halda isə, stabilllik relsindən qopmuş və bir xeyli dərəcədə çılğınlaşmış erməni cəmiyyəti Paşinyanı ikicə günün içərisində devirər. Odur ki, Paşinyan inqilabi ab-havaya köklənmiş erməni cəmiyyətini hər gün yeni-yeni "demokratiya" görüntüləri ilə "yem"ləməlidir. Lakin sözügedən səfərin əsas məqsədi heç də erməni əsgərlərinin döyüş hazırlığını yoxlamaq və yaxud da ki, ayılarla selfi çəkdirmək, Feysbukda paylaşım etmək olmayıb. Əlbəttə, bütün bunlar səfərin sadəcə görünən tərəfləridir. Ancaq Ermənistan baş nazirinin birdən-birə səksəkə içərisində durub Qarabağa getməsinin tamamilə başqa bir səbəbi vardır.

Məsələ burasındadır ki, Ermənistan parlamentinin bu günlərdə Azərbaycana qarşı şərti müharibə elan etməsi və rəsmi Bakının da buna adekvat olaraq 20 minlik ordu ilə ərazilərimizin erməni işğalından azad edilməsi üçün Ermənistana şərti müharibə elan etməsi rəsmi İrəvan üçün tamamilə gözlənilməz oldu. Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyi münasibətilə Azərbaycan və Türkiyənin keçirdiyi birgə hərbi parad və hər iki ölkə liderinin parad kürsüsündən verdikləri mesajlar isə Paşinyanı ciddi surətdə narahat edib. O, hesab edir ki, hazırda Türkiyənin açıq surətdə dəstəklədiyi və Rusiya ilə də əla münasibətlərə malik olan Azərbaycan tərəfi Qarabağda hər an antiterror əməliyyatlarına başlaya bilər. Paşinyan öz naşı siyasəti və hərdəmxəyal açıqlamaları ilə Azərbaycan-Ermənistan münasibətlərini daha da gərginləşdirdiyini və vəziyyətin müharibə həddinə gəlib çatdığını artıq dərk etməyə başlayıb. Odur ki, təcili surətdə Qarabağa yollanıb. Özü də əvvəlki səfərlərindən fərqli olaraq Paşinyan bu dəfə birbaşa ön cəbhəyə gəlib.

Erməni baş nazirin Qarabağdakı separatçı qüvvələrə və Ermənistan hərbi birləşmələrinə döyüşə hazırlıq haqqında tapşırıq verdiyi şübhəsizdir. Belə ki, Paşinyan geri qayıdarkən öz Feysbuk hesabında açdığı canlı yayımda bildirib ki, Qarabağda vəziyyət çox gərgindir. O, növbəti dəfə Azərbaycanı müharibə ilə hədələyib. Eybi yox, qoy hədələsin. Paşinyan kimi parabeyinləri ayıltmaq və yerinə oturtmaq üçün növbəti Aprel döyüşlərinə ehtiyac var.


Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Xəbər 344 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR