“Niyə belə əsəbisən, ay qız?” – Deputat Elşən Musayevin yazısı

“Niyə belə əsəbisən, ay qız?” – Deputat Elşən Musayevin yazısı

Demək, 2005-in parlament seçkiləri ərəfəsidir. AzTV-də, çəkiliş studiyasına yaxın foyedə oturub öz çıxış vaxtımı gözləyirəm. Təcrübəli siyasətçilər yaxşı bilir, həmin mərhələdə çıxışına hələ çox vaxt qalanlar bir az kənarda qərar tuturlar, yox əgər növbəti çıxışçısansa artıq sakit bir tərzlə canlı efir məkanına doğru addımlayırsan. Ki, arada qalan 30 saniyə ərzində həm yer dəyişə, həm mikrofon taxa, həm də özünü kameraya kökləyə biləsən. Əlqərəz, hələ oturmuşam foyedə. Yanımda da "narıncılardan” biri. Cavan oğlan idi. Hiss olunurdu ki, xamdı, əsməcə tutmuşdu, dilinin altında nəsə pıçıldayıb təkrarlayırdı. Və bu dəm adama zəng gəldi.
Yaxın məsafədə olduğum üçün deyilənləri açıqca eşidirdim:
 "Ayə, qorxma. Eşidirsən? Qorxma. Gördün çaşırsan, həyəcan basır, tezcə qışqır, səsini at başına, əllə-qolla danış. Onda həm neqativ itəcək, həm enerji paylanacaq, həm yekə görünəcəksən, həm də ağıllı…”
Mən niyəsə hər dəfə uğursuz radikal müxalifətin səsli-küylü obrazla özünə əl qatmasını görəndə, məhz həmin hadisəni xatırlayıram. Daha dəqiqi, telefonun o biri başındakı insanın səsini. Demək ki, bunların həyat fəlsəfələri budur – çıxılmaz vəziyyətdə qışqırmaq, hücum etmək, səs artırmaq. Hər halda belə olmasaydı 5 ildir bizim israrla üzərinə getdiyimiz "mühacir alveri” mövzusu, eyni zamanda İsa Qəmbərin müavinlik təklifi, müsavatçıların qeyri-etik şərhləri Gülçatayın yadına uzun müddətdən sonra yenidən düşməzdi, ardınca da adam eyforik vəziyyətdə feyk profil(lərin)dən biri ilə şərh yazıb, özünü "yandırmazdı”, boykot depressiyasını açıqca biruzə verməzdi, lideri Əli Kərimli ilə 4 saat öncə görüşən Arif Hacılının üzərinə bu qədər dözümsüzcə getməzdi, nifrinlər püskürməzdi. Amma necə deyərlər, adı üstündə - Gülçatay! Bütün bunları o da eləməyib kim eləyəsi idi ki?
Ağlımdakı ilk sual isə budur: O "Müsavat”daki dəyirmi masanın axırı - Əli İnsanovun tamadalıq etdiyi məclisləri nəzərdə tuturam – necə oldu? Nə qərara gəldiniz, nə yekuna vardınız? Yoxsa elə klip təqdimatı-fason bir şey idi, yığışıb bəstəkar, şair, rejissor, müğənni haqda məlumat verdiniz, onunla da hər şey bitdi - getdi? Ya da bəlkə eks- nazirin "HƏP”i, "həpçi”ləri tərs gəldi deyəmi işiniz alınmadı? Yekə-yekə oturub ümumi müxalif maraqlardan, müttəfiqlərlə bərabər siyasi addımlar atmaqdan, müştərək qərarlar qəbul eləməkdən – filan danışırdınız ha. Üstəlik, Azərbaycanın gələcəyini həll etmək kontekstində - ona görə soruşuram. Ki, axırı necə oldu?
Seçkiyə qatılmırsız, dünəndən qatılmayın. Öz işinizdir. Amma qatılanları hədəfə almaq, gözümçıxdıya salmaq, ittiham eləmək də nə məsələdir? Əsəbisiz? O zaman gedin aqressiyanızı sizi yarıtmayanlara, 2013-dən bəri gələn qrantlarla Amerika turnesinə çıxan və turistik eyforiyadan hələ də ayıla bilməyən cəmillərə, üz qarası olan qənimətlərə, Avropadakı filial direktorlarınız – orduxanlara, mirzəlilərə, rəfaellərə tökün də, seçkiyə gedənlərə niyə tökürsünüz ki? Hələ Kərimli o gün buyurub ki, demə bəs həm də…qış fəslidir, soyuqdur, belə aylarda siyasətdə passivlik müşahidə olunur deyə boykot yolunu seçiblər. Oysa, adama sual verərlər ki, a bəy, sən qışda siyasi məzuniyyətmi götürürsən? Sən siyasi fəaliyyətini yaydan-yaya, yazdan-yazamı nizamlayırsan? Sən AXCP-ni rayon yollarındakı meşə restoranları kimi fəsildən-fəsiləmi işlədirsən? Bəlkə sənin qışda seçkiyə getmən üçün günəşmi kirayələməli idik, ekvatoru pişvazınamı gətirməli idik, yer kürəsini tərsinəmi fırlamalı idik? Hə? Bu nə məntiqdir? Bu nə absurddur? Bu nə ucuz arqumentdir? Getmirsən, kişi kimi denən getmirəm də. Yoxsa məntiqi kartof kimi yerin dibində niyə axtarırsan ki?
Hələ bizi ittiham edirlər. "Azadlıq”ın feysbuk səhifəsi üzərindən. Ki, demə bəs aqressivik, jarqonlarımıza, sözlərimizə, danışdığımız kəlmələrə diqqət yetirməli imişik. Eyvah! Kim-kimə deyir. "Azadlıq. info” bu aralar təxminən bir ay müddətində açıq oldu. Yəni, sayta giriş mümkün idi. Hər gün baxırdım. Həyatım boyu eşitmədiyim, oxumadığım söyüşlərə məhz həmin bir ay müddətindəcə orada rastladım. Və mədəni səviyyə dediyiniz budur, hə? Normal, kübar jarqon belə olur, hə? Bəlkə Vidadi kimi yaramazlara "bəy” xitabı edən, Rəfael Piriyev üçün Natiq Ədilovun vasitəçiliyi ilə vəkil tutan, Orduxan kimi səviyyəsizə Bakıdan donoslar ötürən də bizik, siz deyilsiz? Qənimətin bütün verilişləri nəinki 18 +, hətta 23+ dur. Bütün şərhləri də tərbiyəsizcə, əxlaqsızca, mənəviyyatsızca sıralanır. Hələ son vaxtlar lap şitini çıxarıb. Süjetlərə karikatura-filan da əlavə edir. Mənimmi kadrımdı Qənimət? Bizimmi yetişdirməmizdi həmin iyrənc manpasılar?
Hələ bu biri yanda keçmiş səfir, Arif Məmmədov yeni veriliş açıb və sosial şəbəkə üzərindən də hamıya car çəkib ki, satirik verilişdir. Ayrıca, hər söhbətə xüsusi girişlə başlayır: "Yumoristik şərh edəcəm ha!” Deyir və gülür. Gülür və deyir. Bunların başı deyəsən həqiqətən "qaçıb”. Əvvəla satira ilə sarkazm ayrı-ayrı şeylərdir. İkincisi, adam verilişini yayımlayar, söhbəti tutan da dərhal anlayar ki, bu satiradı, sarkazmdı, yoxsa nədi. Yəni, uzunqulaqla şəkil çəkdirib altına: "ata, sağdakı mənəm”- yazan məşhur subyektajın gününə düşməyə durduq yerdə heç lüzum yoxdur. Və nəhayət, bu məqamda bir lətifəni xatırladım. Demək, oğlan və qız maskaradda tanış olurlar. Hamının sifətində əcaib heyvanların prototip maskası olur. Və… xeyli söhbətdən sonra axırda oğlan qayıdır ki, gəl artıq maskaları çıxaraq, səni görüm. Qız deyir: "mən maska taxmamışam ki…”
İndi misalı sənə yaxın, ay Arif. Bütün həyatın, mahiyyətin, şəxsiyyətin elə satiradı da. Üstəlik, gülməli də oğlansan, anadangəlmə klounsan, təlxək tipsən. Niyə özünə əziyyət verib, bir də xatırladırsan ki, satirik veriliş açmışam? Sənin natural vəziyyətinə, obrazına yapışıb e, satira. Komiklik, komediya sənin büs-bütün varlığındır, ruhundur, içindir, vizual görünüşündür, baxışındır, danışığındır. 
Fərqindəsənmi?

Elşən Musayev, millət vəkili
Xəbər 1187 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR