Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində
olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun
olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət, orta və ali təhsil
müəssisələrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm
sərgiləri, faciənin şahidləri ilə görüşlər təşkil olunur.
Tarixi həqiqətlərin daha
yaxından öyrənilməsi, vaxtı ilə mənfur qonşularımız və onların havadarları
tərəfindən törədilən fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə
Xocalı faciəsinin ildönümü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonun
orta məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin Azərbaycan Respublikası
Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırım
Muzeyinə ekskursiyaları, «Ana harayı» abidəsinə
ziyarəti təşkil edilir.
Faciənin ildönümü
ərəfəsində Nəsimi rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək
Nəsimi rayonunda məskunlaşmış bir qrup Xocalı nümayəndələri ilə görüş
keçirilmişdir. Görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı
Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin
zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə
bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi
vacib olan işlər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, bu
faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin böyük əməyi olmuşdur. Məhz onun təşəbbüsü ilə Azərbaycan
Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilmiş,
faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə işlərə başlanmışdır.
Asif Əsgərov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım
Əliyevanın apardıqları məqsədyönlü siyasətin nəticəsidir ki, hər il faciənin
ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda geniş
qeyd olunur.
Tədbirdə çıxış edən şəhid
ailələri – Ofeliya Məmmədova, Şahnaz Behbudova, Zeynəb Bəhmənli Xocalının azad
olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə
əmin olduqlarını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan
bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi
bütövlüyünün bərpa ediləcəyinə əminliklərini bildirdilər.
Tədbirin sonunda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov
Xocalı sakinlərini qəbul etmiş, onların qaldırdıqları məsələlərlə bağlı müvafiq
izahatlar və aidiyyəti üzrə tapşırıqlar vermişdir.
Sonra Nəsimi rayonunda
məskunlaşmış Xocalı köçkunlərinə rayon İcra Hakimiyyəti tərəfindən yardımlar göstərilmişdir.
Xəbər 259 dəfə oxunub.