Moskva Türkiyəni Suriya əməliyyatından daşındırıb iddiasına 2 şərh

Moskva Türkiyəni Suriya əməliyyatından daşındırıb iddiasına 2 şərh

Türkiyənin Suriyada yeni antiterror əməliyyatına nə vaxt başlayacağı hələ ki, dəqiq bilinmir. Bəzi versiyalara görə, bu, Lavrovun Ankara səfəri ilə bağlı idi.

Bu arada Rusiyanın Türkiyəyə Suriyada antiterror əməliyyatı aparmağa "icazə verməməsi” haqda yayılan xəbər birmənalı qarşılanmayıb. Erməni mediası isə Türkiyəni aşağılamağa çalışaraq, sevincək yazıb ki, guya bu fakt Putinin Ərdoğan üzərində Ukraynadakı zəifləməsi fonunda belə, üstün və diktəedici rolunu göstərir. Yəni ki, guya Türkiyə hələ də Moskvanın izni ilə bölgədə heç bir əməliyyat aparmağa cürət eləmir, ondan ehtiyatlanır. Hətta 44 günlük müharibədə də guya Türkiyə Azərbaycana Putinin razılığı ilə kömək edib.

Belədirmi? Ankara antiterror əməliyyatını Rusiyanın narazılığına görəmi təxirə salıb və ümumən qardaş ölkə regional siyasətini nə dərəcədə Rusiya amilini nəzərə alaraq həyata keçirir?

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Ərdoğanın qərarlarında tam müstəqil olduğunu qeyd etdi: "Türkiyənin Suriyada yeni antiterror əməliyyatına başlaması, düşünürəm ki, yalnız Türkiyə dövlətinin verəcəyi, daha dəqiqi, verə biləcəyi müstəsna qərardır. Eyni zamanda müstəqil qərardır. ”Müstəqil" ifadəsini niyə məxsusi vurğulayıram? Çünki erməni mətbuatının bəzi "ağzıgöyçəkləri” neçə gündür öz manşetlərində bu fonu yaratmağa, tirajlamağa  çalışırlar ki, guya Lavrovun səfərindən sonra məlum qərar ertələnib. Əslində qətiyyən belə deyil. Əvvəla, hər kəs Ərdoğanın nə qədər cəsarətli siyasətçi olduğunu, milli maraqlar naminə necə və hansı riskləri gözə aldığını bilir. İkincisi, Türkiyə hazırkı dövrdə dünya çapında ən qüdrətli dövlətlərdən biridir və ən azından bu səbəbə görə kimsə ona məsləhət verə bilməz.

Elşən Musayev: Azərbaycan cəmiyyəti dövlətimizin başçısının humanist qərarını alqışlayır -

Elşən Musayev: "Kimsə ona məsləhət verə bilməz”

Üçüncüsü, Rusiyanın heç belə fikrinin olduğunu düşünmürəm. Nəhayət, bu erməni anarxistlər, dezo daşıyıcıları bir şeyin fərqində deyillər ki, onsuz da Türkiyə ilə münasibətləri normal deyil və hazırda ikitərəfli danışıqların növbəti mərhələsi ilə bağlı müzakirələr də dalana dirənib. Bari bu mərhələdə dezo yaymağa və tirajlamağa lüzum yoxdur. Yəni, hətta sırf  öz dövlət və milli maraqları kontekstində belə lüzum yoxdur. Amma təbii, biz belə şeylərə artıq heyrət etməməliyik. Çünki adları üstündə - erməni! Nə yaramazlıq, nə avantüra desən, məhz onlardan gözlənilməlidir. Bir daha xüsusi vurğu ilə qeyd etmək istəyirəm: Türkiyə dövləti, onun cəsarətli rəhbəri Rəcəb Tayyib Ərdoğan bütün qərarlarında müstəqildir. Qardaş dövlət özü nə zaman məsləhət bilsə antiterror əməliyyatlarına da o zaman başlayacaq".

Rəşad Bayramov:

Rəşad Bayramov: "Türkiyənin elan olunmuş antiterror əməliyyatını təxirə salacağını düşünmürəm”

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramovun da bu mövzuda fikirləri maraqlıdır: "Hal-hazırdakı mövcud vəziyyət, yəni Rusiyanın Ukraynaya təcavüzündən sonra xeyli dəyişmiş olan qlobal mühit Suriyada güc balansının dəyişməsi üçün real şərait yaradıb. Belə ki, 2020-ci ilin yazından etibarən Suriyada demək olar ki, dəyişməz qalan hərbi-siyasi vəziyyəti və status-kvonu dəyişmək üçün indi konkret imkanlar mövcuddur. Öz sərhədləri ətrafındakı regionlarda hərbi-siyasi iradəsini qəbul etdirməyə başlayan Türkiyə də təbii olaraq mövcud vəziyyətdən maksimum yararlanmağa çalışır.

Rəsmi Ankara üçün hazırda əsas prioritet Türkiyənin milli maraqlarına təhlükə törədən terror qruplaşmalarının zərərsizləşdirilməsi ilə bağlıdır. Və söhbət milli maraqlardan gedirsə burada Türkiyə kimi bir dövlətin hər hansı bir ölkənin narazılıqlarını nəzərə alması söhbət mövzusu belə ola bilməz. Türkiyə Suriya ərazisində antiterror əməliyyatlarını həyata keçirmək üçün həmin ölkəyə ilk dəfə qoşun göndərəndə belə hər hansı bir dövlətin narazılığını nəzərə almamışdı və indi də almayacaq. Çünki yenə təkrar edirəm ki, söhbət ölkənin milli maraqlarından və Türkiyəyə qarşı terror təhdidlərindən gedir.

Haqqında danışılan terror qruplaşmaları bu gün ABŞ, Avropa dövlətləri və Rusiyanın dəstəyi sayəsində İraqın şimal bölgəsində və Suriyanın Türkiyə ilə sərhəd ərazilərində fəaliyyət göstərməkdə davam edir. Rəsmi Ankara bu bölgələrdə bir neçə dəfə, konkret desək 2016-2017, 2018 və 2019-cu illərdə antiterror əməliyyatları keçirsə də problemin tam həllinə nail ola bilməyib. İndi isə Ukrayna savaşı nəticəsində Türkiyəyə qarşı terror qruplaşmalarının əsas beynəlxalq himayədarları arasında kəskin ziddiyyətlərin yaranması, Qərblə Rusiya arasında sanksiyalar müharibəsi, Finlandiya və İsveçin NATO-ya qoşulması prosesi fonunda Ankaranın tərəfdaşları üzərində çoxlu təsir rıçaqları var ki, bu da Suriyadakı məqsədlərinə çatmaq üçün rəsmi Ankaraya daha qətiyyətli addımlar atmaq imkanları açır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın elan etdiyi Suriyanın şimalında planlaşdırılan müntəzəm hərbi əməliyyat da Ankaranın məqsədlərinə çatmaq üçün əl atdığı vasitələrdən biridir.

Xatırladım ki, Suriyada son iki böyük hərbi eskalasiya 2019-cu ilin sonu və 2020-ci ilin əvvəlində tamamilə fərqli beynəlxalq şəraitdə baş verib. Türkiyənin kifayət qədər təsir rıçaqlarına malik olmadığı bir vaxtda, daha dəqiqi 2019-cu ilin payızında Suriyanın şimal-şərqindəki kürd hərbi birləşmələrinə qarşı keçirilən hərbi əməliyyat nəticəsində rəsmi Ankara ABŞ və Rusiya ilə Türkiyənin nəzarətində olan bufer zonanın yaradılması ilə bağlı razılıq əldə edib. Bundan sonra isə 2020-ci ilin qışında Suriya hökumət qüvvələri ilə Türkiyənin dəstəklədiyi silahlı müxalifət arasında ölkənin şimal-qərbində baş vermiş döyüşlər Rusiya və Türkiyə prezidentlərinin atəşkəsin yaradılması və əyalətdə gərginliyin azaldılmasına dair saziş imzalaması ilə başa çatıb. İndi isə Türkiyənin əlində ABŞ-a da, Rusiyaya da qarşı təsir rıçaqlarının olduğu bir vaxtda hər hansısa ölkənin narazılığına görə hərbi əməliyyatları dayandırmaq inandırıcı deyil. Hələ qaldı ki, bu ölkə Ukraynaya təcavüz səbəbilə dünyadan təcrid olunmuş, sanksiyalar altında əzilən Rusiya ola".

Politoloq Türkiyənin əsas vəzifəsinə də toxundu: "Türkiyənin Suriyadakı əsas vəzifələrindən biri cənub sərhədlərini terrorçu birləşmələrinin hücumlarından qorumaqdır. Ankaranın planına görə, bu, ölkənin şimal bölgələrinə nəzarətin yaradılması ilə həyata keçirilə bilər. 30 km dərinliyində yaradılacaq bufer zona həm də Türkiyədə sayı 4 milyona yaxın olan suriyalı qaçqınların bir hissəsinin mərhələli şəkildə öz vətənlərinə geri qayıtmasına da xidmət edə bilər. Türkiyədə qaçqın problemi olduqca ciddidir və onun qismən həlli 2023-cü il seçkiləri öncəsi Ərdoğanın və AKP-nin mövqelərini möhkəmləndirə bilər.

Odur ki, Türkiyənin elan olunmuş antiterror əməliyyatını təxirə salacağını düşünmürəm. Belə ki, Ərdoğanın elan etdiyi əməliyyat planına görə Türkiyə PUA-ları və helikopterlər artıq terrorçuların mövqelərində kəşfiyyat uçuşları həyata keçirməyə başlayıblar. Əlbəttə ki, rəsmi Ankara PKK/PYD terror qruplaşmasını himayə edən dövlətlərin indiki mərhələdə Türkiyəyə ciddi müqavimət göstərə bilməyəcəklərini tam dəqiqliyi ilə hesablayıb. Çünki Ukrayna savaşı həm ABŞ-ın, həm də Rusiyanın müqavimət imkanlarını məhdudlaşdırır. Üstəlik, hər iki qarşıduran tərəfə Türkiyənin dəstəyi həyatı əhəmiyyət daşıyır. Xüsusilə də, ABŞ indiki həlledici mərhələdə Türkiyə kimi önəmli hərbi-siyasi güc mərkəzinin narazı salınmasında qətiyyən maraqlı deyil. Ona görə də, Ağ Evin müqavimət cəhdlərinin etiraz bəyanatlarından uzağa gedəcəyi qətiyyən inandırıcı görünmür. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın bir neçə gün əvvəl mediaya verdiyi açıqlamasında söylədiyi bəzi fikirlər də bunun bariz sübutudur. "Türkiyənin öz sərhədindəki haqlı təhlükəsizlik narahatlıqlarını anlayırıq. Bununla belə, yeni əməliyyatların regional sabitliyi daha da pozacağından narahatıq”, - deyən sözçü faktiki olaraq, Ankaranın PKK-ya qarşı mövqeyinin və hərbi əməliyyat planlarının legitim əsaslara söykəndiyinə eyham vurmuşdu.

Rusiyaya gəldikdə isə, Türkiyə hazırda Kreml üçün faktiki olaraq həm siyasi, həm də iqtisadi nəfəslik rolunu oynayır. Kremlin Türkiyənin milli maraqlarına problem yaratması rəsmi Ankaranın həmin "nəfəsliyi” kəsməsinə səbəb ola bilər. Belə ki, Rusiyanın dünyaya açılan ən mühüm qapısı Türkiyənin nəzarətindədir. Qara dənizi Aralıq dənizinə bağlayan İstanbul boğazının rus hərbi donanmasına qapadılması Rusiyanın okeanlara çıxışını əngəlləyə və bölgədəki rus hərbi dəniz qüvvələrini işləksiz hala gətirə bilər. Bu baxımdan da, Kremlə rəsmi Ankara ilə ziddiyyətlər deyil, anlaşma mühiti daha sərfəlidir.

Erməni mətbuatında yazılanlar isə sadəcə təsəllidən başqa bir şey deyil. Əməliyyatların dərhal başlamamasnın tək səbəbi itkilərin qarşısını almağa hesablanıb. Belə ki, Türkiyənin potensial yeni əməliyyat keçirəcəyi ərazilərdə - Mənbic, Tel-Rifat, Ayn əl-Ərəb, Qamışlı və s.-də Rusiya, Suriya və Amerika hərbçiləri var və onların bu ərazilərdən çıxarılması ilə bağlı şayiələr hələlik öz təsdiqini tapmayıb. Odur ki, Türkiyə terrorçulara qarşı birbaşa döyüş əməliyyatlarına başlamazdan əvvəl həmin qruplaşmaların arxasında duran gücləri neytrallaşdırmaq üçün fəaliyyət göstərir. Buna nail olacağına isə şübhə yoxdur".

Xəbər 1308 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR