Missiyası ölkəmizi xaricdə layiqincə təbliğ edən “Azərbaycanım” beynəlxalq jurnalı

Missiyası ölkəmizi xaricdə layiqincə təbliğ edən “Azərbaycanım” beynəlxalq jurnalı


Ötən əsrin sonlarında Azərbaycanın tarixi müstəqilliyinə qovuşması ilə ölkədə milli-mənəvi dəyərlərimizə qayıdışın təmin olunması, azad, demokratik cəmiyyətin formalaşdırılması üçün əlverişli imkanlar yarandı.


Demokratik cəmiyyətin formalaşdırdığı dəyərələr isə öz növbəsində fikir və düşüncə azadlığına, plüralizmə geniş meydan verdi. Ölkədə çoxsaylı qəzet və jurnallar təsis olundu, yeni radio və televiziya kanalları yaradıldı. Zaman keçdikcə isə qloballaşan dünyamızda yaradılan müasir informasiya-kommunikasiya texnologiyaları, bütün dünyada olduğu kimi, Azərbaycanda da cəmiyyətin sosiallaşmasına, sosial şəbəkələrin sürətlə həyatımıza nüfuz etməsinə gətirib çıxardı.
Hazırda ölkəmizin çoxsaylı çap mediası arasında öz dəst-xətti, səsi, sorağı ilə seçilən mətbu orqanlarından biri də "Azərbaycanım” beynəlxalq jurnalıdır. Fəaliyyətə başladığı 12 il mətbuat üçün o qədər də uzun dövr sayılmasa da, jurnalın kollektivi milli mətbuatımızın inkişafına, söz və fikir azadlığının qorunmasına, ən başlıcası isə Azərbaycanın haqq səsinin dünya oxucusuna çatdırılmasına mühüm töhfələr verməyə çalışıb.
Emil Nəsirlinin baş redaktorluğu ilə nəfis şəkildə hazırlanaraq dərc olunan "Azərbaycanım” beynəlxalq jurnalı öz fakturasını, təhkiyə strategiyasını, tərtibatını müasirləşdirərək, diaspor təşkilatları ilə və beynəlxalq qurumlarla əməkdaşlığın davam etməsinə səy göstərib, müxtəlif mövzuları əhatə edən məqalələrin, xəbər və müsahibələrin məzmunluluğu, onları təqdimetmə formalarının orijinallığı, materialların janr tələblərinə uyğunluğu daim oxucuların diqqətini cəlb edib. Yeri gəlmişkən, hazırda Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edən, öz fəaliyyəti ilə ölkəmizin təbliğatını yüksək səviyyədə, heç bir təmənna ummadan həyata keçirən peşəkar jurnalistlərə ehtiyac olduqca böyükdür. Emil Nəsirli çağdaş jurnalistikamızda azsaylı media qurumu rəhbərlərindəndir ki, redaktoru olduğu jurnal vasitəsilə bu ehtiyacın ödənməsində müstəsna xidmətlər göstərir. O, dünyanın 10-dan çox ölkəsinin dövlət və hökumət rəhbərləri, nüfuzlu ictimai-siyasi xadimləri ilə görüşüb onlarla Azərbaycan həqiqətləri, xalqımızın tarixi, mədəniyyəti, ölkəmizin iştirakçısı olduğu beynəlxalq layihələrlə bağlı fikir mübadiləsi edən, müsahibələr aparan jurnalistlərdəndir.
Qısa arayış: Emil Rüfət oğlu Nəsirli 1974-cü il iyulun 12-də Bakı şəhərində anadan olub. 1981-1991-ci illərdə Bakı şəhəri M.Ə.Sabir adına 174 saylı orta məktəbdə təhsil alıb. 1991-1996-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetini əmtəəşünaslıq ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə Azərbaycan Sənaye İnvestisiya Bankının "Təchizat” filialında kredit mütəxəssisi kimi başlayan E.Nəsirli 1997-2000-ci illərdə burada mühasib və baş mühasib vəzifələrində çalışıb. O, 2000-2005-ci illərdə Birləşmiş Universal Səhmdar Bankında (BUS Bank) baş mütəxəssis, kredit şöbəsinin müdiri vəzifələrində fəaliyyətini davam etdirib. 2005-2008-ci illərdə isə "Kapital Bank” ASC-də kredit mütəxəssisi və bankın Sabunçu filialının müdir müavini vəzifəsində işləyib. Respublikanın bank sferasında fəaliyyət göstərdiyi dövrlərdə dəfələrlə uzun müddət fasiləsiz peşəkar xidmətinə görə rəhbərliyin təbrik məktubu, xüsusi döş nişanları və xatirə hədiyyələri ilə mükafatlandırılıb. Emil Nəsirli "Sərhədsiz Elm” Dünya Elmi Əməkdaşlıq Təşkilatının Mətbuat Xidmətinin rəhbərinin müavini (Almaniya, Münhen), Ümumdünya Bioqrafiyalar Assambleyasının (ABŞ, Nyu-York) birinci vitse-prezidenti və həmçinin Assambleyanın Azərbaycan Nümayəndəliyinin prezidentidir.
2007-ci ildən etibarən öz fəaliyyətini jurnalistika sahəsində davam etdirməyi qərara alan E. Nəsirli "Azərbaycanım” beynəlxalq jurnalını təsis edərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirib. Nəşrə başladığı ilk günlərdən etibarən jurnal dünyada və ölkəmizdə baş verən hadisələri obyektiv və dolğun işıqlandırmaqla yanaşı, Azərbaycan mətbuatının inkişafına və təbliğinə mühüm töhfələr verməyi qarşısına məqsəd qoyub. Təsisiçi və baş redaktor Emil Nəsirlinin, eləcə də yaradıcı kollektivin səmərəli fəaliyyəti nəticəsində "Azərbaycanım” beynəlxalq jurnalı aylıq nəşr kimi nəinki respublika ərazisində, eləcə də dünyanın müxtəlif ölkələrində yayılaraq özünə geniş oxucu auditoriyası qazanıb.
Müraciət etdiyi mövzuların aktuallığı, özünəməxsus tərzi, müasir dizayn və materialların təqdimatı jurnalın uğurlarında əsas rol oynayır. Qədim və zəngin Azərbaycan mədəniyyəti, incəsənəti, multikulturalizm, dini tolerantlıq, qədim adət-ənənələrdən bəhs edən məqalələr, ölkədə gedən hərtərəfli inkişaf, adbadlıq-quruculuq işlərini əks etdirən materiallar jurnalı daha da maraqlı və oxunaqlı edir. "Azərbaycanım” beynəlxaq jurnalı ölkəmizi, onun görkəmli insanlarını, Azərbaycan diasporunun fəal nümayəndələrini, məşhur həmyerlilərimizi oxuculara aydın və parlaq şəkildə tanıdır. Bununla yanaşı, jurnal respublikamızda baş verən ictimai-siyasi, sosial-iqtisadi və mədəni proseslər, dünyanın nüfuzlu şəxsiyyətləri, tanınmış iş adamları, siyasətçilər, Azərbaycanın dostları və digər sahələrdə çalışan insanlar haqqında mütəmadi məlumatlar verir. Son illərdə "Azərbaycanım” beynəlxalq jurnalı öz fakturasını, təhkiyə strategiyasını, tərtibatını dəyişib, jurnal nömrələrinin səhifə sayı artıb.
Müstəqil Azərbaycanı işıqlı gələcəyə aparan strateji istiqamətləri müəyyənləşdirən ulu öndər Heydər Əliyevin Azərbaycançılıq ideyasını dönmədən həyata keçirməsi nəticəsində respublikamız bir dövlət kimi zamanın sərt və ağır sınaqlarından çıxmış, çiçəklənən, müasir Azərbaycan bütün dünya azərbaycanlılarının inam, ümid və pənah yerinə çevrilmişdir. Ümummilli liderimiz dünyanın müxtəlif guşələrinə səpələnmiş soydaşlarımızı Azərbaycançılıq məfkurəsi ətrafında bir yerə topladı, bir bayraq, bir amal uğrunda birləşdirdi. Ümummilli lider Heydər Əliyevin soydaşlarımızın bir amal uğrunda, azərbaycançılıq məfkurəsi ətrafında birləşdirilməsi istiqamətində müəyyənləşdirdiyi strateji xətt öz bəhrəsini verməkdədir. İndi dünyanın hər yerində yaşayan soydaşlarımız ölkəmizdə gedən inkişaf prosesi ilə maraqlanır, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında yaxından iştirak edirlər. Artıq nəinki dünyanın hər bir ölkəsində, eləcə də ayrı-ayrı şəhərlərdə, vilayətlərdə Azərbaycanın diaspor təşkilatları, cəmiyyətləri yaranıb, Azərbaycan əleyhinə olan qüvvələrə qarşı mübarizə aparılır. "Azərbaycanım” beynəlxalq jurnalı da ölkəmizin milli mənafe və maraqlarının beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv və dolğun şəkildə çatdırılması, xaricdə yaşayan soydaşlarımızın birliyinin möhkəmləndirilməsi və dünya azərbaycan-lılarının bir-birinə daha yaxından tanıtdırılması istiqamətində çoxşaxəli işlər görür.
Bu gün Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev diaspor quruculuğunu Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevirib. Dövlətimizin başçısı dünya azərbaycanlılarının təşkilatlanması, diaspor quruculuğu kimi mühüm məsələləri daim diqqət mərkəzində saxlayır. Ötən müddətdə Azərbaycan Prezidentinin sərəncamları ilə Bakı şəhərində keçirilən dünya azərbaycanlılarının qurultaylarında soydaşlarımızın Vətən, xalq naminə bir yumruq şəklində birləşməsi üçün bir sıra vacib qərarlar qəbul olunub.
Azərbaycan diasporunun qarşısında duran əsas vəzifələrdən biri Dağlıq Qarabağ probleminin həlli üçün dünya ictimaiyyətini, beynəlхalq təşkilatları, Azərbaycanla maraqlanan qurumları daha çoх məlumatlandırmaqdır. Son illər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq imicinin formalaşması və diasporumuzun hərtərəfli inkişafında Heydər Əliyev Fondunun dəstəyi ilə çoxsaylı tədbirlər, mühüm layihələr həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyanın əksər ölkələrində həyata keçirilən "Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının acı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər təqdirəlayiqdir. "Azərbaycanım” beynəlxalq jurnalı da bu vacib təşəbbüslərə, mühüm layihələrə dəstək olaraq öz səhifələrində bir sıra zəruri materiallar dərc edib oxucularına çatdırır.
Yeri gəlmişkən, hazırda Azərbaycan mətbuatının üzərinə düşən mühüm vəzifələrdən biri də torpaqları işğal altında olan Vətənin haqq səsini dünyaya çatdırmaq, Ermənistanın təcavüzkar siyasətinin əsl mahiyyətini dünyaya çatdırmaq, düşmən dövlətin beynəlxalq ictimaiyyəti aldatmağa çalışan riyakar, yalançı təbliğatı vaxtında ifşa etməkdən ibarətdir. Bu mənada "Azərbaycanım” beynəlxalq jurnalı da təqdirəlayiq işlər görür, öz səhifələrində Azərbaycan həqiqətlərindən, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı faktlardan və təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılmasından bəhs edən yazılara geniş yer ayırır. Digər tərəfdən, jurnalın baş redaktoru Emil Nəsirli "Azərbaycanın dostu” ordeninin təqdimolunma mərasimində görüşdüyü dövlət və hökumət başçıları, nüfuzlu siyasət adamları ilə söhbətləri zamanı bu məsələni xüsusi vurğulayır, Ermənistanın təcavüzkar siyasətinin acı nəticələri barədə dönə-dönə söhbət açır.
Son illər dünyaya özünün sosial-iqtisadi inkişafın modelini təqdim etməyi bacaran Azərbaycan, həm də multikulturalizm və tolerantlıq məkanı kimi tanınır. Bu da ölkəmizin müsbət imicini formalaşdırır, beynəlxalq nüfuzumuzu daha da artırır. Tarixən Azərbaycanda yaşayan etnik qruplar, müxtəlif dini məzhəblərin nümayəndələri, azsaylı xalqlar sülh və əmin-amanlıq, dostluq və qardaşlıq şəraitində fəaliyyət göstərmişdir. Bu da onu deməyə əsas verir ki, ölkəmiz dünyada təkcə "qara qızıl” ixracatçısı deyil, həm də Azərbaycan multikulturalizm və tolerantlıq modelinin dünyada aparıcı ixracatçısına çevrilməkdədir. Son illər Azərbaycan mediası multikultural dəyərlərin təbliği, multikulturalizmin Azərbaycanın özünəməxsus cəmiyyət quruluşu modeli kimi təqdim olunması istiqamətində siyasi aspektləri qədərincə işıqlandıra bilir. "Azərbaycanım” beynəlxalq jurnalı da gündəlik fəaliyyətində bu kimi məsələlərə yüksək həssaslıqla yanaşır.
Təsadüfi deyil ki, 2010-cu ildə peşəkar yaradıcılıq fəaliyyətinə görə və Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması istiqamətində yorulmaz fəaliyyətinə görə "Azərbaycanım” beynəlxalq jurnalının redaktoru Emil Nəsirli "Qızıl Qələm” media mükafatına layiq görülüb.
E. Nəsirli 2016-cı ildə "Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının kütləvi informasiya vasitələrinin ən yaxşı nümayəndələrinin "İlin jurnalisti” mükafatına layiq görülməsi ilə bağlı təşkil etdiyi müsabiqənin də qalibi olub. Baş redaktor bu barədə belə deyir: "Azərbaycan diasporu bu gün özünün inkişaf mərhələsini yaşayır. Artıq elə diaspor təşkilatlarımız formalaşıb ki, onların fəaliyyəti nəticəsində ölkəmizin imici yüksəlib. Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı da belə təşkilatlarımızdandır. Ötən müddətdə alyans üzvlərinin səmərəli fəaliyyəti nəticəsində Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı ölkələrimiz arasında iqtisadi, siyasi, elmi, mədəni, idman və turizm əlaqələrinin inkişafına dəstək verilməsi istiqamətində uğurlu addımlar atıb. Təşkilat Ukraynada yaşayan soydaşlarımıza hüquqi yardım göstərməklə yanaşı, xalqımızın qədim adət-ənənələrini, zəngin mədəniyyətini özündə əks etdirən silsilə tədbirlər həyata keçirməklə nüfuz qazanıb. Digər tərəfdən, onu da qeyd edim ki, fəaliyyət göstərdiyi 12 il ərzində "Azərbaycanım” beynəlxalq jurnalı geniş oxucu kütləsinin rəğbətini qazanan nüfuzlu nəşrə çevrilməyi bacarıb. Jurnalımızda yalnız xəbərlər dərc edilmir, həm də Azərbaycan diasporunun fəaliyyəti və nailiyyətləri işıqlandırır. "İlin jurnalisti–2016” müsabiqəsi parlaq yaradıcılıq işlərini, KİV redaksiyaları tərəfindən təşkil edilən ictimai aksiyaları və sosial əhəmiyyətli layihələri müəyyən etmək, KİV işçilərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədilə keçirilir və qaliblər barədə qərar ictimai rəy sorğusu və ekspert sorğusunun nəticələri nəzərə alınmaqla müsabiqə komissiyası üzvlərinin səs çoxluğu ilə qəbul edilir. Açığı, "İlin jurnalisti–2016” müsabiqəsinin qalibi seçilməyim mənim üçün bir qədər gözlənilməz oldu. Mən bunu "Azərbaycanım” beynəlxalq jurnalının kollektivinin uğuru kimi dəyərləndirirəm və hesab edirəm ki, fəaliyyət göstərdiyimiz ötən illər ərzində biz KİV olaraq qarşımıza qoyduğumuz məqsədlərə nail oluruq, MDB məkanında yaşayan soydaşlarımız, orada fəaliyyət göstərən diaspor təşkilatlarımız və həmin təşkilatlarımızla əlaqələri olan beynəlxalq qurumların nümayəndələri tərəfindən oxunuruq və izlənilirik. Məhz bu tendensiya da "Azərbaycanım” beynəlxalq jurnalının əsas məqsədi və amalıdır...
"Azərbaycanım” beynəlxalq jurnalı ölkəmizdə gedən inkişaf və tərəqqi prosesləri, günün ictimai-siyasi mənzərəsi, sosial-iqtisadi və mədəni həyatda baş verən yenilikləri müntəzəm işıqlandırmaqla yanaşı, bir sıra diqqətəlayiq layihələr də gerçəkləşdirir. Bu baxımdan redaksiya şurasının qərarı ilə "Azərbaycanın qüruru” və "Azərbaycanın dostu” ordenlərinin təsis edilməsi diqqəti xüsusilə cəlb edir. Ötən müddətdə Azərbaycanın tərəqqisinin, əzəmətinin və şöhrətinin artırılmasına töhfə verən müstəsna xidmətlərinə, dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə, Azərbaycanla digər ölkələr arasında ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni əlaqələrin inkişafında müstəsna xidmətlərinə görə ölkəmizin bir sıra tanınmış simaları "Azərbaycanın qüruru” ordeni ilə təltif olunub. Eyni zamanda, Azərbaycan Respublikası qarşısında mühüm xidmətlərinə, azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə, Azərbaycanla digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmaslında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə bir sıra əcnəbi vətəndaşlar da jurnal kollektivinin yekdil qərarına əsasən, bu yüksək mükafata layiq görülüblər.
Redaksiya şurasının qərarı ilə "Azərbaycanın qüruru” ordeninə layiq görülənlərin siyahısında Azərbaycan Kitab Cəmiyyətinin sədri, Miniatür Kitab Muzeyinin təsisçisi və direktoru Zərifə Salahova, Azərbaycan xarici işlər nazirinin sabiq müavini, "ADA” Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Respublikası Milli Məclisinin vitse spikeri Bahar Muradova, akademik Sudeyf İmamverdiyev, Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin prezidenti, akademik Elçin Xəlilov, Azərbaycan Respublikasının Gürcüstan və Moldovada sabiq fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev, Ümumrusiya Azərbaycanlılar Konqresinin prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Məmməd Əliyev, məşhur modelyer Fəxriyyə Xələfova, Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Rusiyada fəaliyyət göstərən diasporumuzun nümayəndələri olan iş adamları - "Kiyev Meydanı” şirkətinin Direktorlar Şurasının sədri, Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Qod Nisanov, "Palmali” Şrirkətlər Qrupunun prezidenti, tanınmış iş adamı Mübariz Mənsimov, Ümumrusiyа Аzərbаycаnlıları Kоnqrеsinin vitse-prezidenti, konqresin Ural Federal Dairəsi üzrə regional bölməsinin sədri Şahin Şıxlinski və digər nüfuzlu şəxslər yer alır.
Jurnalın Redaksiya Şurasının təsis etdiyi "Azərbaycanın dostu” Qızıl Ordeni isə ölkəmizə və xalqımıza xüsusi rəğbəti ilə seçilən dövlət və hökumət başçıları, nüfuzlu əcnəbi siyasət və mədəniyyət xadimləri üçün nəzərdə tutulub. Ötən illər ərzində jurnalın redaksiya şurasının qərarı ilə Albaniya Prezidenti İlir Meta, Şahzadə Don Torbyorn Paterno Kastello, Makedoniya Prezidenti George ivanov, Türkiyənin sabiq prezidenti Abdulla Gül, Qaqauziya Başqanı xanım İrina Vlax, Rusiya Dövlət Dumasının üzvü, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev, sabiq Ukrayna prezidenti Viktor Yuşşenko, Ukrayna Yazıçılar İttifaqının sədri Mixail Sidorjevski ölkələrimiz arasında dostluq əlaqələrinin qurulmasında, inkişafında və möhkəmləndirilməsində, həmçinin elmi, mədəni, iqtisadi və siyasi sahələrdə qarşılıqlı səmərəli fəaliyyətlərinə görə "Azərbaycanın dostu” qızıl ordeni ilə təltif ediliblər. Bununla yanaşı, "Azərbaycanım” beynəlxalq jurnalının redaksiya şurası Moldova İctimai Palatasının prezidenti Aureliya Qriqoriunu dünya ictimaiyyəti qarşısında Azərbaycanın ərazi bütövlüyünü təkidlə dəstəkləyərək və birbaşa Ermənistan parlamentində çıxışı zamanı ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri bütün dünyaya bəyan etdiyinə görə "Azərbaycanın dostu” qızıl ordeni ilə təltif edib.
Göründüyü kimi, "Azərbaycanım” beynəlxalq jurnalı ölkəmizin haqq səsinin və uğurlarımızın dünya arenasında tanınması, həmçinin Azərbaycanın demokratikləşdirilməsi, söz və fikir azadlığının möhkəmləndirilməsi istiqamətində üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlməyə çalışır. Jurnal ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xüsusi fəallığı ilə seçilən şəxslərə, habelə Azərbaycanın xaricdəki dostlarına daim diqqət və həssaslıqla yanaşır.
Dövlət və millətlə bağlı məsələlərin çatdırılmasında mətbuatdan daha kəsərli vasitə yoxdur. Ona görə də media dövlət və cəmiyyət üçün böyük dayaqdır. Bu şərəfli yolun yolçuları olan jurnalın rəhbərliyinə və kollektivinə uğurlar arzulayırıq.

 

 

S. Ağazadə, İqtisad üzrə fəlsəfə doktoru

 

Missiyası ölkəmizi xaricdə layiqincə təbliğ edən

 

Missiyası ölkəmizi xaricdə layiqincə təbliğ edən

 

Missiyası ölkəmizi xaricdə layiqincə təbliğ edən

 

Missiyası ölkəmizi xaricdə layiqincə təbliğ edən

 

Missiyası ölkəmizi xaricdə layiqincə təbliğ edən

 

Missiyası ölkəmizi xaricdə layiqincə təbliğ edən

 

Missiyası ölkəmizi xaricdə layiqincə təbliğ edən

 

Missiyası ölkəmizi xaricdə layiqincə təbliğ edən

 

Missiyası ölkəmizi xaricdə layiqincə təbliğ edən

 

Missiyası ölkəmizi xaricdə layiqincə təbliğ edən

 

Missiyası ölkəmizi xaricdə layiqincə təbliğ edən

 

Xəbər 80 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR