Millət vəkilindən ŞOK XƏBƏRDARLIQ: Rusiya Türkiyə və Azərbaycanla birlikdə İrana girsə...

Millət vəkilindən ŞOK XƏBƏRDARLIQ: Rusiya Türkiyə və Azərbaycanla birlikdə İrana girsə...

 Aktual.az publika.az-a istinadla, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, İranın Cənubi Azərbaycanda, Azərbaycanla sərhədlərdə son hərbi təlimləri və İran rəsmilərinin Azərbaycan əleyhinə yönəlik açıqlamalarına dair fikirlərinizi bilmək istərdik.

- İranda dinlə siyasətin birləşməsi dini dəyərlərin gözdən salınmasına yol açıb. Mollalar hakimiyyəti ələ keçirdikləri gündən düşünülməmiş siyasətləri ilə ölkəni 40 ildən artıqdır ki, beynəlxalq sanksiyalar altında saxlayırlar. İndi də Azərbaycanla münasibətləri korlamaq üçün dəridən-qabıqdan çıxırlar. Amma Azərbaycan mollaların əndazəni aşan açıqlamalarına diplomatik etiket qaydalarını pozmadan cavab versə də, mübasibətlərin tam korlanmaması üçün tövbə qapısını açıq saxlayır. Çünki hökumətimiz Azərbaycanın hərbi gücünə arxayındır və bütün xalqımız kimi bilir ki, İranın Azərbaycan sərhədlərini hər hansı formada pozmaq cəhdinin qarşısını sərt formada alacaq, bu, regional münaqişəyə çevriləcək və İran dövlətinin varlığına son qoyacaq. Biz bilirik ki, İranda da, hər necə olsa, mollalar bunu başa düşmək gücündədir. İrandan fərli olaraq Azərbaycanın həm güclü müttəfiqləri, həm də qardaş Türkiyə ilə qarşılıqlı yardım haqqında sazişimiz var. Eyni zamanda Azərbaycan MDB-nin üzvüdür və daxildəki bütün fikir ayrılıqlarına və ziddiyyətlərə baxmayaraq, nəinki Azərbaycan, istənilən MDB üzvü kənardan təcavüzə məruz qalsa, Rusiya həmin dövlətə yardım edəcək. Rusiya Türkiyə və Azərbaycanla birlikdə İrana girsə, oradan çıxması üçün 1946-cı ildən fərqli olaraq ona Britaniya və ABŞ tərfindən nüvə silahı tətbiqi hədəsi ilə təzyiq edilməyəcək, bəlkə də kömək ediləcək və Cənubi Azərbaycanda 1946-cı ildə həmin dövlətlərin dəstəyi ilə fəaliyyətinə son qoyulmuş Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli Hökuməti bərpa olunacaq. Təkcə Azərbaycan türkləri yox, başqa millətlər də öz dövlətlərini quracaq. Bundan başqa, hər kəs başa düşür ki, İsrail başda olmaqla İranın düşmənləri də kənardan hadisələri müşahidə etməyəcək. Ona görə də İranın təlimləri heç bir narahatçılıq yaratmadı, yalnız acı təbəssüm və təəssüf doğurdu. İran bu yolla xalqın ölkəni bürümüş aclıq və epidemiya ilə uğursuz mübarizədən diqqətini yayındırmaq istəyirsə, yaxud ermənipərəst Qərb dairələrinin dəstəyini əldə etmək istəyirsə, yanılır. İranın bütövlüyü və inkişafı Azərbaycanla dostluq siyasətinə bağlıdır.

- ABŞ-ın Əfqanıstanda biabırçı məğlubiyyəti onun dünya liderliyinə ciddi zərbə oldu. Bu vəziyyət dünyada yeni müharibələrə yol açmayacaq ki?

- Sovet İttifaqının süqutundan sonra ABŞ özü üçün dəqiq hədəflər və ona çatmaq üçün ideologiya formalaşdıra bilmədi. Hazırda sanki okeanda üzən, hara getdiyini bilməyən kompassız gəmiyə bənzəyir. Hazırda ABŞ-da daxildə də ciddi böhran yaşanmaqdadır. Cəmiyyət parçalanıb və bu, irqi ayrı-seçkiliyə yol açır. Korrupsiya səbəbindən odlu silahların yayılmasına və bu yolla törədilən qanlı cinayətlərə qarşı effektli mübarizə təşkil etmək mümkün olmur. İslamofobiya gündən-günə genişlənir. Qocalmış və islahatlar aparılmayan siyasi sistem dövlət həyatında gənc istedadların önə çıxmasına imkan vermir. Bu vəziyyətdə yalnız seçildiyi vaxt gənc hesab olunan Obama kimi zəif xarakterli adamlar, yaxud Bayden kimi fiziki baxımdan tükənmiş qocalar irəli verilə bilər. İslahatlar aparılmasa, ABŞ dünyadakı rolunu və nə istədiyini müəyyənləşdirə bilməsə, Amerika xalqı kimi beynəlxalq birlik də baş verənlərdən ciddi zərər görəcək. Bu, ABŞ cəmiyyətində böyük silkələnmələrə gətirib çıxaracaq, bəlkə ondan sonra hansısa dəyişikliklərə gedilsin.

- Qüdrət bəy, Serj Sarkisyan bizim işğalçı üzərində qələbəmizi İlham Əliyevə boşqabda verilən hədiyyə kimi qiymətləndirib. Siz necə düşünürsünüz?

- Bütün siyasi ekspertlər Serjikin savadsız biri olmasını həmişə qeyd ediblər. Heydər Əliyev 1994-cü ilin mayında Ermənistana güclü xarici dəstəyin olduğunu, Azərbaycan iqtisadiyyatının isə ağır müharibə aparmağa hazır olmadığını görüb Ermənistanla atəşkəs haqqında saziş imzaladı. Bundan sonra güclü Qərb ölkələrinin neft şirkətləri ilə "Əsrin müqaviləsi" adlanan saziş imzalandı, ölkə daxilində silahlı müxalifətin varlığına son qoyuldu, sabitlik təmin edildi, ölkə stabil inkişaf yoluna qədəm qoydu. Neft pulları hesabına güclü ordu, xarici iqtisadi əlaqələr quruldu, müttəfiqlər qazanıldı. Azərbaycan səbirlə, addım-addım irəlilədi, əlverişli beynəlxalq vəziyyətin yaranmasını gözlədi. Serjik belə şeyləri qanmaz. Məhz güclü ordumuzun 2016-cı ildə Lələtəpə əməliyyatından sonra Serjikin hərbi səhra komandiri kimi məğlubedilməzlik xarizması alt-üst oldu və erməni xalqı onu hakimiyyətdən qovdu. Tam əminliklə deyə bilərik ki, əslində onu hakimiyyətdən Azərbaycan Ordusu qovub. Azərbaycanın apardığı uğurlu diplomatik fəaliyyətin nəticəsi idi ki, Ermənistan döyüş meydanında tək qaldı və biz işğalçının başını əzdik. Ona görə başa düşmək olmur ki, hakimiyyətdən qovulmuş birisi rəhbərlik etdiyi dövrün hansı uğurundan danışır. Dünyada riyakar ikili standartlar olmasaydı, beynəlxalq hüquq normalarının aliliyi təmin olunsaydı, indi Serjik dinc Xocalı sakinlərini qətlə yetirdiyi üçün çoxdan hərbi tribunala verilməli və həbsxanada təkadamlıq kamerada saxlanılmalıydı, yaxud az-çox kişiliyi olsaydı, özünü döşəkağı ilə boğmalıydı.
Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR