Məni məndən qoparan ən uzun günlər - ULDUZumu itirmişəm!..

Məni məndən qoparan ən uzun günlər - ULDUZumu itirmişəm!..

Rövşən Ağayev
Respublikanın Əməkdar Müəllimi
 
 
ONSUZ DA, NƏ VAXTSA GÖRÜŞƏCƏYİK!
 
Düz qırx gündü sənsiz səninləyəm...canım, ciyərim, ən yaxın həmdəmim bacı! Həyatımda dəfələrlə məni məndən qoparan, üzən, hər günü bir il təsiri bağışlayan növbəti ən uzun qırx günlərdən biri!..
 
Bu qədər illər yaşamışam, ömür sürmüşəm. Ürəyim həmişə gənclikşövqü, eşqi, həvəsi, duyğularıyla döyünər, varlığın məni beləcə yaşamağa sövq edərdi, bacım mənim! Hər görüşümüzdə, telefon danışıqlarımızda qəlbinin hərarətini duyar, səsinin sehrindən, qardaşa, bacıya, bütün doğmalarına, bütövlükdə insana, insanlığa olan sonsuz sevgindən zövq alar, doğmalarımızın əbədiyyətə qovuşmasından qəlbimizdə kök salan acının unutdurulmasında bizə dəstək, mənəvi dayaq olardın, həm anam, həm də bacım mənim! Bizdən əbədi ayrılığından iki-üç gün öncə telefon danışığımız zamanı bütün canıma, isti, ilıq nəfəsin, ecazkar səsin indi də qulaqlarımda, yaddaşımda səslənir, ay doğmalarını  öz canından belə çox sevən, əziz titan dəyərli bacım! Yoxluğun məni nə qədər üzsə də, başqa çarəm yoxdur! Ümidim indi yalnız ağ vərəqlərə, bir də qəmimi, nisgilimi paylaşmaqda mənə yardımçı olan qələmə tapınmaqdan gəlir! Həyatin qanunauyğunluğuyla barışmaq məcburiyyətindəyəm, başqa nə çarəm var ki, bacı?! 
          
 Düzünü deyim ki, qocalıqdan söhbət düşəndə mənə qəribə gələr, bu anlayışı yaxına buraxmaz, hətta yaşıdlarıma da bu mövzudan vaz keçmələrini tövsiyyə edərdim. Amma bundan sonra?!..
    
Sübh çağı idi. Ərşə çəkilmiş yuxum cismimdən küsmüş kimi idi! Pəncərəni açıb, günəşin doğacağı istiqamətə baxırdım. Parlaq Dan ulduzunun işığı görünürdü.Tədricən mavi Xəzərin üstündən boylanmağa hazırlaşan, qıpqırmızı laləni andıran günəşin qızartısı həmin nöqtədən dənizi, hətta Dan ulduzunu da al qırmızı rəngə boyamaqda idi! Dan ulduzunun işığının zəifləməsini görəndə xəyalım məni uzaq keçmişə apardı! Bəli, insan ömrü də belədir. Bu fani dünyaya gəlişi nə qədər sevindirici olsa da, əbədi, axirət dünyasına köç də günəşin hərarətli işığı altında heçliyə qovuşan Dan ulduzu kimi görünməz olur! Birdən-birə kövrəldim! Xatirələr cığıranda gözlərim önünə gələn doğmalarım, qohumlar, dostlar, həmyaşıdlarım, onlarla keçirdiyim acıl-şirinli günlərim sıralandı! Axı mən də öz ULDUZumu, itirmişəm!..
    
Artıq, hər tərəf işıqlanmışdı. Doğma yurduma-dünyaya göz açdığım, dağ-daşında, kəsəyində, düzündə, meşələrində, insan qəlbini sərinlədən bumbuz bulaqlarının ətrafında, mənbəyini dağ bulaqlarından alan, kükrəyib axan çaylarında izim qalan yurdyeri sevgisi ilə gedirdim!
        
Maşın hərəkətə gəldi. Sanki, onun yükü gücü çata bilməyəcəyindən qat-qat artıq idi! Bu, canım qədər sevdiyim bacımın itkisindən yaranan, sol tərəfimə yüklənən, mənim tarazlığımı pozan, maşının isə dartma gücünü azaldan ağır dərd yükü idi!
     
Maşın dağların sinəsini bəzəyən nadir ağaclarla əhatə olunan dağ meşələrinin arasıyla dağ yoluna yaxınlaşdı. İllərlə övladına həsrət qalan, görüş zamanı onun boynuna sarılan ana sevgisini andıran bir ehtirasla dağların boynuna dolanan yollara doğru maşın hərəkət edir, ahəstə əsən külək payızla qışın arasında qalan saralmış xəzəllərini maşının ayaqları altına qovur, irəliyə getdikcə üstümə hücum çəkən ağaclar arxada qalır, bir ana nəvazişi ilə,  yollar məni ağuşuna cəzb edirdi!
 
Gedirdim! Həm də içimdə məskən tapan qırx günlük nisgilimin nəticəsi olan gözlərimdən deyil, daxilimdə tüğyan edən, içimi isidən, istiliyi şiddət edib məni yandırıb-yaxan, içimdən axan göz yaşlarımla gedirdim!
    
Başı ənginliklərə ucalan dağların zirvəsində sıralanan buludlara baxdıqca hüşənir, Xaliqə yalvarırdım ki, bu günlük buludların göz yaşlarına tuş gəlməyək!..
    
Maşın kəndə çatanda günəşin şüaları hər tərəfə yayılmışdı. Bir yaz günəşi təsiri duyulurdu. Həyət-bacada üç-üç, dörd-dörd dayanan və xısın-xısın söhbət edən insanların dodaqlarında pıçıltıyla deyilən sözlər eşidilirdi: ”Təqvalı bir xanıma laiq bir havadır. Qışın oğlan çağında Allah hər adama belə hava nəsib etməz! Biz əmin idik ki, belə də olacaq!”
   
Bütün ömrünü övladlarına həsr etmişdi bacım. Beş oğul, üç qız tətbiyə edib, böyütmüşdü. Onlardan ali təhsilli müəllimi, mühəndisi də var, digər peşə, sənət sahibləri də. Otuzdan artıq nəvə-nəticə sahibi idi O..
    
Qırxıncı anım günü də beləcə arxada qaldı, hər şey yerli-yerində. Çatışmayan, mümkünsüzlüyü hamımıza məlum olan bir həqiqət var idi; bacım bir daha həyata qayıtmayacaqdı!
     
Əziz bacı, təzəcə qovuşduğun əbədi mənzilində rahat uyu! Əmin ola bilərsən ki, biz yaşadıqca səni yaşadacağıq! Sənin əziz xatirən qəlbimizdə əbədi yaşayacaq! Ruhun şad, məkanın Cənnət olsun! Aramızda çox da uzun olmayan qısa bir zaman kəsiyi var! Bilirik ki, onsuz da, nə vaxtsa görüşəcəyik!
Xəbər 305 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR